Sovetlər dönəmində sürgün çox qorxulu bir şey idi. Basırdılar Sibirə, elə təkcə iki ay qatarla yol gedirdilər. Qayıdacaqları da sual altında.
Azərbaycanda sürgün o qədər də qorxulu deyil. Çünki ölkənin harasına sürgün eləsələr dörd saatlıq yoldu. Ona görə də bu Vüsal Rzasoyu ölkədən xaricə sürgün eləmək lazımdı, elə Sibirə. Ulu babalarımızın yurduna.
Nə olub, nə olub? Bir Vüsal Rzasoy adında gənc bir mahnı oxuyub: «Ayə, hara gedirsən, ayə?».
İndi baxıram hamı həmin bu gənci topa tutub, həm də bu gəncin özünü Və burda qeyri-adi heç nə görmürəm. Gərək elə televiziya ekranlarına gənclər həmişə ütülü çıxa, qalstuklu, saçı-başı daranmış, qara kostyumda və ütülü də danışa?!
Qeyri-adi istedadlı insanlar həmişə ütüsüz olurlar.
Vaqif Mustafazadənin, Rəmişin gənclik illəri çoxlarımızın yadındadı. Heç bir ölçüyə sığmır. Rəmiş hətta dövlət konsertinə saçı çiynində, cins şalvarda çıxıb. Bütün Azərbaycan Vaqif Mustafazadənin bığını qırxdırmaq istəyirdi.
Yaxud Ramiz Rövşən, Vaqif Cəbrayılzadə, bunlar ütüsüz insanlardı. Ütülənsələr, Ramiz Rövşənin qəbri dammayacaq, Vaqif bir də doğulmayacaq, qardaşının üzü kömək olmayacaq, toy evindən dörd hasar o yanda oynamayacaq…
Bax, Rəmiş ütüləndi, əvvəlki Rəmişliyi, o çılğın, o dəli, ipə-sapa yatmamaqlığı və həm də elə barmaqları da ütüləndi.
Araz Elsəsi ütüləsən Arazlığı və Elsəsliyi gedəcək. Gəl ona Araz Elsəs yox, Qarqar (Qarabağda qurumuş çaydı, ildə bir dəfə özündən çıxıb sellənir) Elsəs deyək. Halbuki o, ütüsüz olduğuna görə, amma gözəl səsiylə harayımızı dünyaya çatdırıb.
Aşıq Ədalət ütülü olsaydı Ədalət olardımı?
Belə misallar çox çəkə bilərəm. Hətta Maestro Niyazi də ütüsüz insan idi.
Nə isə…
İndi bu Vüsal Rzasoy. Çox gözəl səsi var. Gözəl gələcəyi ola bilər. Təbii ki, özünü qorusa və ütülənməsə.
Hamı qalxıb bu gəncin əleyhinə. Allah, sən saxla, bu sosial şəbəkələr onu boğub öldürəcək.
Bizim üçün yenidi. Əslində isə elə bir yenilik deyil. Şaman babalarımızın üslubunda oxuyur. Açın yutubda (mən sözü dilimə yatdığı kimi yazıram) Sibir xalqlarının mahnılarına, musiqilərinə qulaq asın. Hətta türklərin ulu babaları Tanrıya dualarını da bu cür çatdırmağa çalışırlar. Və elə bu cür dualar da Tanrıya çatır.
Qaldı mahnının sözlərinə, gərək onu belə ifa edərdi: «Ayə, hara gedirik, ayə?!»
Hamının sevimlisi olan Alim Qasımov da yaxşı mənada muğamın «anasını ağladır». Vaqif Mustafazadənin pianoda elədiyini Alim Qasımov da qeyri-adi səsiylə edir. O vaxt Vaqif Mustafazadəni çərlədib öldürdük. Əvvəllər çox çalışdıq ki, Alim Qasımovu da çərlədək, amma Tanrı ona göndərdiyi səsiylə Alimi qorudu.
İndi bu uşaqdan nə istəyirsiniz?!
Oxu, Vüsal bəy! Oxu, dostum! Qoyma səni ütüləsinlər! Ütülənsən, Azərbaycanda minlərlə oxuyanlardan birinə çevriləcəksən.
Qoy səni tay heç televizora buraxmasınlar.
Vaxtilə Vaqif Mustafazadəni də, Qədir Rüstəmovu da, Rəmişi də televizora buraxmırdılar. Amma sonra… Tay onlardan bir də olmayacaq.
İllərdi Cavanşir Quliyevi televizorda görən yoxdu. Eləcə də Ramiz Rövşəni, Vaqif Cəbrayılzadəni, Zakir Fəxrini. Onlar üçün dünya dağılıb?! Dillər əzbəridilər.
Amma inanmıram ki, televiziyalar sənə olan bu hücumlardan sonra qorxub qapılarını sənin üzünə bağlayalar.Aqil ABBAS
Ədalət Qəzeti