«Bakı Mərkəzi Bazar» niyə bağlanır? - İTTİHAM VAR

«Bakı Mərkəzi Bazar» niyə bağlanır?

Qalmaqalları və məhkəmə çəkişmələri ilə mətbuatın gündəmindən düşməyən «Bakı Mərkəzi Bazar» MMC ləğv edilir, bazarın təsisçisi Vaqif Şıxəliyevlə təhvil-təslim aktı bağlanır.

Bu barədə Pravldainfo.org-a bazarın səhmdarları bildiriblər: «Artıq ərazinin tezliklə köçürülməsi və dövlət ehtiyacları üçün alındığı bildirilir. Bildiyimizə görə bazar rəhbərliyi ilə təhvil-təslim aktı tərtib edilməkdədir, Əmlak Komitəsindən, eləcə də Nəsimi rayon İcra Hakimiyyətindən və digər dövlət qurumlarının nümayəndələrindən ibarət komissiya yaradılıb. Bazarda ticarətlə məşğul olan sahibkarlar isə onlara səhmdarlar kimi bazar rəhbərliyi tərəfindən veriləcək kompensasiya maraqlandırır, çünki artıq narazılıq baş qaldırıb. Biz bilirik ki, dövlət bu əraziyə lazımi qədər vəsait ödəyəcək, amma bazar rəhbərliyindən indidən bizə dolaşıq məlumatlar gəlməkdədir. Ən pisi odur ki, biz ailəmizi buradakı ticarətlə dolandırırdıq, indi hara köçürüləcəyimizi dəqiq bilmirik. Bu bazar neçə illərdir iki yerə bölünüb, ikisində minə yaxın insan ailəsini dolandırmaq üçün alver edirdi, xırda ticarətlə məşğul idi… İndi qalmışıq belə…».

Habil Vəliyevin dostunun bazarı niyə bağlanır?
Xatırladırıq ki, «Bakı Mərkəzi Bazar» MMC-nin təsisçisi və sahibi Sabirabadın sabiq İcra başçısı Vaqif Şıxəliyevdir, o, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən ötən ilin sonlarında həbs edilmiş «Gündəlik Bakı» qəzetinin baş redaktoru Habil Vəliyevin yaxın dostudur. Bunu sübut edən kifayət qədər faktlar mövcuddur. Təkcə onu deyək ki, Habil Vəliyev rəhbəri olduğu «Gündəlik Bakı» qəzetində açıq tekstlə «Bakı Mərkəzi Bazar»ın sahibi Vaqif Şıxəliyev və Daşkəsənin icra başçısı Əhəd Abiyevlə… yaxın münasibətdə olduğunu yazırdı və adı çəkilənlərin barəsində tənqidi fikir söyləyən KİV-ləri daim hədələyir, xitabən onları diz çökdürəcəyini, cəzalandıracağını bildirərək onları təhdid də edirdi. Habil Vəliyev, hətta dostlarını tənqid edən və adını çəkmək istəmədiyimiz KİV-lərin biri barədə təhdid xarakterli müsahibəsində yazırdı: «…Siz «Vaqif Şıxəliyevin torpaq alverinin "sirri" açıldı" başlıqlı yazı ilə öz simanızı bir daha… bəlli etdiniz… Elə isə, tut gəldi. Qəzet elektron versiyasında Daşkəsən RİH başçısı Əhəd Abıyevi, «Gündəlik Bakı» qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Yasamal rayon şöbəsinin sədri Habil Vəliyevi, eyni zamanda «Bakı Mərkəzi Bazar» MMC-nin sahibi Vaqif Şıxəliyevi əsassız ittihamlarla suçlamaqla yanaşı, özünə aid olmayan məsələyə müdaxilə edib və "Təzə Bazar" MMC-nin rəhbəri Məmmədağa İbrahimovun, eləcə də Sumqayıt "MERO" rəisi "Polad" ləqəbli Mirəli Şixəliyevin (Vaqif Şıxəliyevin qardaşı.Red.)… Rizvan Vahabovun… müdafiəsinə qalxıb…». Və KİV-də yayılan rəsmi sənədlərdən isə görün nə məlum olurdu: bəlli olurdu ki, Vaqif Şıxəliyevlə Əhəd Abiyev və Habil Vəliyevin sıx dostluq, alış-veriş münasibətləri, torpaq alveri olub. Sitat: 26 mart 2015-ci ildə Sabirabadın Xankeçən kənd sakini Ağayev Rauf Ağa oğlunun ailə üzvləri ilə birlikdə yaşadığı (Abşeron rayonu, Novxanı qəsəbəsi, Sabit Orucov küçəsi) və yaxın qohumu M.İbrahimova məxsus bağ evinə gecə saatlarında bir qrup şəxs tərəfindən basq edilir, R.Ağayev basqınçılar tərəfindən ölümlə hədələnir, sonra isə Vaqif Şıxəliyev ona zəng edərək evdən çıxmasa, öldürüləcəyini bildirir. DİN-nin 102 xidmətinə, Abşeron rayon Polis Şöbəsinə etdiyi şikayətləri əsasında Abşeron RPŞ-də araşdırma aparılır. Məlum olur ki, basqın edən Habil Vəliyevdir və o, guya ona məxsus olan həmin bağına sahib olmaq istəyir… Amma rəsmi sənədlərlə təsdiq olunur ki, bu basqın quramadır, V.Şıxəliyev münasibətləri korlanmış qudası M.İbrahimovdan Habil Vəliyevin əli ilə qisas almaq istəyir. Rəsmi sənədlərdən isə məlum olur ki, “Gündəlik Bakı”nın baş redaktoru Habil Allahverən oğlu Vəliyev «…tərəfindən mübahisələndirilən və GPS-lə ölçülən və qeyd nömrəsi 1223 olan 0,33 ha torpaq sahəsi əvvəllər Novxanı kənd sakini Quliyev Səbaət Sərdar oğluna məxsus olmuş, o, torpağını 8 may 2014-cü ildə Vaqif Şıxəliyevə satmış, V.Şıxəliyev isə sonradan həmin 0,33 ha torpaq sahəsini Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abiyevə, Ə.Abiyev isə bu torpaq sahəsini alandan 20 gün sonra, 10 mart 2015-ci ildə Habil Vəliyevə bağışlamışdır!». Sonuncu sitat müstəntiqin və Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin qərarındandır… 
*** 
Beləliklə, «Bakı Mərkəzi Bazar» MMC-nin gələcək taleyi ilə bağlı qarşı tərəf olaraq V.Şıxəliyevin bazardakı ofisinin telefonuna dəfələrlə zəng vursaq da cavab verən olmadı. Onun da mövqeyini dərc etməyə hazırıq.
Sonda bir suala cavab almaq istərdik: görəsən bu bazarın ləğvi DTK tərəfindən həbs edilmiş və Sankt-Peterburqda özünü müdafiə xarakterli möhtəşəm mitinq təşkil etdirmiş, Azərbaycan hakimiyyətinin, o cümlədən Prezident İlham Əliyevin və Azərbaycan dövlətinin insan haqlarının kobud surətdə pozulduğu ölkə kimi sərt tənqid edilməsinə, siyasi çıxışlara rəvac vermiş Habil Vəliyevin Şıxəliyevlə hansısa əlaqələri ilə bağlı deyil ki??? Çünki qeyd olunan mitinqin təşkilinə böyük məbləğlərdə vəsait verildiyi şübhə doğurmur…
Mövzuya qayıdacağıq. \\tezadlar.az\\ 






Fikirlər