Məlum olduğu kimi, Kamran Əsədovun müəllifliyi ilə dərc edilən "Azərbaycan tarixi” kitabında Azərbaycan "Böyük Ermənistan”ın tərkib hissəsi kimi göstərilib.
Bu fakt cəmiyyət tərəfindən hiddətlə qarşılanıb. Təhsil Nazirliyinin xüsusi qrifi ilə nəşr olunan həmin dərslik kitabının müəllifi isə özünü təqsirkar saymır. Bu cür ciddi xətaya görə, birbaşa cavabdehlik daşıyan Təhsil Nazirliyi verdiyi rəsmi açıqlamada məsələni texniki yanlışlığın olması ilə izah edib.
Yaranmış vəziyyətlə bağlı fikirləriniz Azinforum.az-la bölüşən Böyük Millət Partiyasının sədri Samir Adıgözəlli qeyd etdi ki, bu cür məsuliyyətsizliyə görə, təhsil naziri Mikayıl Cabbarov istefaya göndərilməlidir:
"Bu , xəyanətə bərabər bir əməldir. Hələ utanmırlar, çıxıb özlərinə haqq da qazandırırlar. Biz Ermənistanla düşmən ölkələrik. Bu yanlışlıq Ukrayna və ya Rusiya ilə bağlı olsaydı bəlkə də bağışlamaq olardı. Bilrsiniz ki, Ermənistan daima bizə əsassız ərazi iddiaları irəli sürür. Onlar bunu saxtalaşdırılmış tarixi faktlara söykənərək etməyə çalışırlar. İndi belə bir dərslik kitabını nəşr etməklə biz onların əlinə ciddi əsaslar vermiş olduq. Mikayıl Cabbarovun idarə etdiyi nazirlik deyir ki, həmin kitabların hamısı yığışdırılıb. Kim zəmanət verə bilər ki, həmin kitablardan ermənilərin əlinə keçəni olmayıb? Hesab edirəm ki, belə ciddi səhvi texniki yanlışlıqla izah etmək yetərli sayıla bilməz. Əlaqədar qurumlardan Azərbaycan tarixinə ləkə salmaqla, düşmənlərimizin əlinə mübarizə üçün ciddi əsaslar verən bu hadisə ətrafında dərin araşdırmalar aparmağı xahiş edirəm”