Xaricdəki azərbaycanlıların ölkəyə gəlmələri üçün turizm layihələri həyata keçiriləcək
Xaricdə yaşayan azərbaycanlıların ölkəyə gəlmələrinə şərait yaratmaq üçün dövlət tərəfindən sosial turizm layihələri həyata keçiriləcək. AzerTaym.az Trendə istinadən xəbər verir ki, bu, yeni hazırlanan “Turizm haqqında” qanun layihəsində nəzərdə tutulub. Sosial turizm üzrə xərclər isə dövlət büdcəsi, eləcə də yerli, bələdiyyə büdcələri hesabına, habelə könüllülük əsasında öz işçiləri və ya digər şəxslərin xeyrinə sosial turları maliyyələşdirən fərdi sahibkarın, hüquqi şəxsin və ya digər təşkilatın hesabına həyata keçirilir. Layihədə qeyd edilir ki, dövlət tərəfindən dövlət qulluqçularının xeyrinə sosial turizmin maliyyələşdirilməsi halları, həcmi və bu maliyyələşdirmə əhatə olunan dövlət qulluqçularının dairəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sosial turizmlə bağlı reklam sosial reklam hesab olunacaq.