12 illik təhsil sistemi təhsil dərdimizə dərman ola bilərmi?

bitmap-img6

Təhsil üzrə ekspert: “Hazırda 12 illik ümumi təhsili tətbiq edən ölkələrin dünya üzrə çoxluq təşkil etməsi beynəlxalq təhsil sisteminə inteqrasiya baxımından bu keçidi zəruri edir”

 

“12 illik təhsildə təmayülləşmə imkanı yaradılır. Indiyə qədər ciddi problem olan orta məktəb proqramları yüngülləşəcək, şagirdlər repititor yanına getməyəcək, kadr hazırlanmasına təkan verəcək bir iş olacaq”.
 Bu sözləri təhsil üzrə ekspert Kamran Əsədov 12 illik ümumi təhsil sisteminə keçid qərarına münasibət bildirərkən PİA.AZ-a açıqlamasında qeyd edib.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, ölkədə 12 illik ümumi təhsilə mərhələli keçidin həyata keçirilməsinə başlanıb. Təhsil sistemindəki bu yenilik Azərbaycan təhsilinin Avropa təhsil sisteminə inteqrasiyasını sürətləndirə biləcəkmi? Ümumiyyətlə, 12 illik təhsilin həyata keçirilməsi təhsil sistemindəki çatışmazlıqları ortadan qaldıra biləcəkmi?
Bu mövzu ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədov öz fikirlərini PİA.AZ-ın əməkdaşı ilə bölüşüb.
Image result for kamran əsədov

Kamran Əsədov: “Çox az sayda ölkədə ümumi təhsilin müddəti 11 il təşkil edir”.

Beynəlxalq təhsil sistemində 12 illik təhsilin tətbiq edilməsinin üstün olduğunu qeyd edən Kamran Əsədov bildirib ki, 12 illik təhsilə keçid uşaqların tədris yükünün, fənlər üzrə təlim yükünün hansısa mərhələdə yüngülləşməsinə xidmət edəcək:
“Öncə qeyd edim ki, Azərbaycanda təhsil islahatlarının başlanmasından 15 ildən çox vaxt keçir. Bu gün də davam etməkdə olan islahatların əsas məqsədi ölkəminiz təhsilini dünyanın təhsil meridianına çıxmaq; ən inkişaf etmiş ölkələrin təhsil ənənələri fonunda daha mükəmməl bir sistemin yaradılmasına nail olmaqdan ibarətdir. Bu gün dünya ölkələrində 10, 11, 12, 13, hətta 14 illik ümumi təhsil müəssisələri mövcuddur. Apardığım elmi araşdırmalarda mənə məlum oldu ki, hazırda isə 12 illik sistemdən daha çox istifadə olunur. Misal üçün: Kanada, Fransa, Hollandiya və Çexiyada hazırda ümumi təhsilin müddəti 14, Almaniya, Böyük Britaniya, İsveç, Avstraliya və Yeni Zelandiyada 13 ildir. ABŞ, Finlandiya, Cənubi Koreya, Polşa və bir sıra digər ölkələrdə isə ümumi təhsilin müddəti 12 ildir. Bununla belə, hazırda dünya üzrə 12 illik ümumi təhsili tətbiq edən ölkələr çoxluq təşkil edir. 
Son statistik məlumatlara görə, belə ölkələrin sayı 170-i ötüb. Çox az sayda ölkədə ümumi təhsilin müddəti 11 il təşkil edir. Xatırlayırsınızsa, Azərbaycanda xeyli müddət ümumi təhsilin 10 illik sistemindən istifadə edilmişdir. Hətta uzun illər boyu 4 illik, 9 illik məktəblərdə təhsil tariximizdə mövcud olmuşdur. Hazırda isə 11 illik sistem tətbiq olunmaqdadır və 12 illik təhsilə keçilməsi planlaşdırılmışdır. Keçmişə nəzər salsaq görərik ki, 12 illik ümumi təhsilə keçid “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda strateji hədəf kimi müəyyən olunmuşdu və Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə də qeyd olunması ilə demək olar ki, reallığa doğru ilk addımını atdı. 12 illik ümumi təhsil 10 illik icbari ümumi orta təhsil və 2 illik tam orta təhsil modelinə mərhələli şəkildə həyata keçrilməsi nəzərdə tutulur. 
Onu da xatırlatmaq istəyirəm ki, hələ “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında Azərbaycanda 2020-ci ilədək 12 illik təhsil sisteminə keçid nəzərdə tutulub. Göründüyü kimi, ölkəmizin təhsil siyasətində 12 illik təhsil xüsusi bir strateji xətt kimi dayanır. Onun reallaşdırılması təhsilin yenidən qurulmasına aid hissədə xüsusi olaraq ifadə edilmişdir. Açıq şəkildə göstərilmişdir ki, 12 illik təhsil sisteminə keçiləcəkdir. Yaddaş məktəbindən təfəkkür məktəbinə keçid təmin olunacaqdır. Hər şeydən əvvəl Dünya Təhsil Forumunda 12 illik təhsilin minimum standart kimi tətbiq olunması barədə deklorasiya layihəsində bu bir daha öz əksini və təsdiqini tapıb. 
Yuxarıda qeyd etdiyim kimi, hazırda 12 illik ümumi təhsili tətbiq edən ölkələrin dünya üzrə çoxluq təşkil etməsi də beynəlxalq təhsil sisteminə inteqrasiya baxımından bu keçidi zəruri edir. Digər tərəfdən hesab edirəm ki,12 illik təhsilə keçid uşaqların tədris yükünün, eləcə də fənlər üzrə təlim yükünün hansısa mərhələdə yüngülləşməsinə xidmət edəcək. Digər tərəfdən Strategiyanın müəyyən etdiyi istiqamətlərə əsasən təhsilin peşəkar inkişafı, məzmunca yeniləşməsi, təmayülləşmə və ixtisaslaşmanın həyata keçirilməsi, təhsil proqramlarının həddən artıq yükləmələrdən azad olunması, digər pedaqoji psixoloji habelə iqtisadi xarakterli məsələlərin həlli də qaçılmazdır. Mən hesab edirəm ki, 12 illik təhsil sisteminə keçidə məhz sadəcə məktəbdə oxunan illərinin artırılması kimi deyil, seçilən yolun düzgün və aparıcı beynəlxalq təcrübəyə əsaslanan bir yol olduğuna əmin olduqdan sonra bu 12 illik təhsil layihəsi gerçəkləşə bilər. Orta məktəbə baxsaq görərik ki, hazırda V siniflər üçün nəzərdə tutulmuş kurikulumlar 11 illik təhsil sisteminə hesablanıb. Bu sistemlə oxuyan şagirdlər bir müddətdən sonra - 2019-cu ildə məktəbi bitirəcəklər”. 

Kamran Əsədov: “12 illik təhsilə keçməklə orta məktəblərdə ilk dəfə olaraq ixtisaslaşmış fənnlər üzrə dərslər keçiriləcək”.

12 illik təhsil sistemi düzgün qurulursa, böyük nailiyyətlərə səbəb olacağını vurğulayan Kamran Əsədova görə, bu sistemə keçiddə dünya təcrübəsi olan mütəxəsislərin köməyindən istifadə etmək lazımdır:
“Bilirsiniz, burda ən ciddi məsələlərdən biri dərsliklərin də yeni kurrikuluma uyğun yazılması üçün müvafiq təcrübə və müddət tələb olunur. Bunun qəbul sisteminə təsiri, yeni tədris planları, yeni proqramlar, müəllim hazırlığı, əlavə ediləcək 1 ilin təhsilin hansı pilləsinə artırılması, təhsil pillələrinin 4+6+2 və yaxud 5+5+2 və ya digər hansısa sxem əsasında qurulması və s. kimi məsələlərin həlli tələb olunur. 12 illik təhsil sisteminə bütün ölkə üzrə birdəfəlik, yaxud tədricən keçilib-keçilməyəcəyi barədə də hələ ki, konkret qənaətə gəlinməyib. Bilirsiniz, bu məsələ düşündüyümüz qədər də sadə bir proses deyil. 
Təsəvvür edin ki, Qazaxıstan kimi bir ölkə 2003-cü ildən 12 illik təhsilə keçidi hədəfləyib. İlkin olaraq bunu 8 məktəbdə eksperiment kimi aparıblar. Daha sonra məktəblərin sayını 45-ə çatdırıblar. Bütün ölkə üzrə bu proses mərhələli şəkildə tətbiq olunur. Keçidin tam başa çatdırılması 2020-ci ilə nəzərdə tutulub. Demək proses üçün 17 il vaxt lazım olub. Hətta keçiddən imtina olunması barədə təkliflər və təşəbbüslər də qaldırılıb. Xüsusi olaraq qeyd edim ki,12 illik təhsilə keçməklə orta məktəblərdə ilk dəfə olaraq ixtisaslaşmış fənnlər üzrə dərslər keçiriləcək. Şagirdlər tələbə olmaq üçün tam təkmilləşmiş təhsil alacaqlar. 12-ci sinifdə tibbi biliklər kimi, digər sahələr də öyrədiləcək. 
12 illik təhsil sistemi düzgün qurulsa, hər şey çox gözəl olacaq. Bundan sonra 12 illik təhsildə təmayülləşmə imkanı yaradılır. Indiyə qədər ciddi problem olan orta məktəb proqramları yüngülləşəcək, şagirdlər repititor yanına getməyəcək, kadr hazırlanmasına təkan verəcək bir iş olacaq. Amma ilk növbədə aidiyyəti qurumlar bunun həyata keçirilməsi ilə bağlı dünya təcrübəsi olan mütəxəsisləri cəlb etməlidir”.

 






Fikirlər