Halallığı verilən at-eşşək əti.. . Onu millətə yedirtmək istəyənlərin MƏQSƏD NƏDİR?

Qida təhlükəsizliyimiz “etibarlı” əllərin ərsəyə gətirdiyi təhlükə ilə üz-üzədir. Sadəcə, maddiyyata olan hərislik süfrələrimizi ölüm mənbəyinin ixtiyarına verib. Bizsə fil qulağında elə yuxuya getmişik ki, ayılıb reallığı görmək də  istəmirik. Bir tərəfdən də halal sertifikatların əhatəsində təsəlli yeri axtarırıq. Axı nə vaxta qədər?! 

 Son aylar ərzində ət bazarında canlanma müşahidə olunur. At, eşşək ətlərinin gəlhagəl vaxtıdır. Heç demə, restoranlar, kafelər, kolbasa sexləri qapılarını taybatay açıb at, eşşək ətinin qəbulunu həyata keçirir. Təbii ki, bölgələrdən hissələrə bölünmüş at-eşşək ətinin gətirilməsi işində böyük şəbəkənin  yuva salması istisna deyil. Necə deyərlər, şəxsi mənfəət hesabına millətin qanını sivil qaydalara uyğun şəkildə içirlər. Təki cibləri pullu olsun.  

 Dünən yenə də at-eşşək ətini bazarlara daşımaq istəyənlər tutulub. Yenə də heç kimə əziyyət verməyiblər. Ətləri hissələrə bölərək  Cəlilabaddan üzübəri yola salmağa cəhd ediblər.  Görünür, bəlli bir qism var ki, millətə at-eşşək əti yedirtməkdə israrlıdır. Ət kəsimində əlləri də vicdanları kimi rahatdır. Rahat olmasa, əllərini murdar leşlərin qanına bulaşdırmazlar.

 Digər tərəfdən, hansısa kənd sakini at-eşşək ətinin satışını təkbaşına  həyata keçirə bilməz. Mütləq şəkildə kənar qüvvələrin biznes siyasəti pusquda dayanıb. Hansısa ucqar kəndin Əhmədi, Məmmədi nə karədir ki, ət biznesinə girişib onu leqallaşdıra bilsin?! Onlar sadəcə, tilova asanlıqla düşən  “balıqdırlar”. Onların sayəsində bəzi restoran sahibləri  biznesmenlik işinin inkişafına dair töhfə verirlər. Dediyim odur ki, at-eşşək ətinin satışını həyata keçirən şəbəkənin işi elə-belə deyil. Onların da öz rabitə qovşağı, səs ötürücü qurğusu var. Biznesmenin tələbatı olmasa, bir eşşək başı belə, kəsilə bilməz.

 Bir sözlə, bu işi həyata keçirən işbazların “qaz vurub qazan doldurmaq sevdası” insan həyatının məhvinə hesablanıb.

 Dövlət Baytarlıq Nəzarəti Xidməti isə insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlərin bundan sonra da davam etdiriləcəyini deyir. Onsuz da, Baytarlıq Nəzarəti Xidməti olaraq işiniz budur. Əsas məsələ şəbəkəni tapıb qollarını bir-bir zərərsizləşdirməkdir. 

Ölkəni at-eşşək virusu cənginə alıb, amma  böyük şəbəkənin başından bir tük belə, əskik olmur. Əcəb işdir vallah.

 Marketlərdə boy sırasına düzülən kolbasa məmulatları da bir cür “göz oxşayır”. Şirkət rəhbərləri hərəsinin üzərinə halal emblem nişanı yapışdırıb piştaxtaları bəzəməklə məşğuldurlar. Hətta,  halal sertifikat əldə etməkdən ötrü bir-birilə yarışa giriblər. Sanki Qafqaz Müsəlmanları İdarəsi, “Standartlaşdırma Komitəsi” bunlara halallıq kağızı verməsə, kolbasa məhsullarının satışını həyata keçirə bilməzlər. 

Maraqlıdır, bu halallıq kağızında nə kəramət var ki, fırıldaqcı işbazların “vicdanı” onsuz rahat ola bilmir?! 

Bir halda ki, tərkibi bəlli olmayan  kolbasa məhsulları halallıq yarışına girib, daha  at-eşşək ətinin satışını aşkar həyata keçirməyə əngəl yaradan nədir?! Demək ki, işbirliyində haqqı tapdalananların qisası daha ağır olur. Bir də xəbər tuturuq ki, sidq ürəklə  yediyimiz kolbasa məhsulları  böyük bir şəbəkənin  oyunu imiş. Yoxsa, bu qədər at-eşşək ətinin bazarda nə işi var?!






Fikirlər