STRESS çarxı - “SPİNNER”

Çarx dayanmır və eyni sürətlə gedir

Psixoloq: “Oyuncağın stresi aradan qaldırmasını demək heç cürə mümkün deyil”

Həkim:"Heç bir iddia əsassız olmur, hansısa bir əsas var ki, məsələ
şişirdilir və gəlib bu səviyyəyə çatır”
Stressi azaldan oyuncaqlar dəb halını alıb. Böyüklərdən tutmuş azyaşlı uşaqlara qədər hər kəs bu oyuncaqlardan istifadə edir. Deyilənə görə, stress çarxı adlanan "Spinner”lər, insanı sakitləşdirir və stressi azaldır. Eyni zamanda çarxların barmaqların hərəkətliliyi və beynin müsbət fəaliyyəti üçün əlverişli olduğu deyilir.
Valideynlərin çoxu bu oyuncaqları ziyansız və stressə qarşı müəyyən qədər xeyirli hesab etsə də, mütəxəssislər başqa fikirdədirlər. Mütəxəssislərin fikrincə, barmaqla fırladılan çarxlar insanı sakitləşdirmək yerinə, onların sinir sisteminə mənfi təsir göstərir.
Məlumat üçün qeyd edək ki, "Spinner” oyuncağı misteniyadan əziyyət çəkdiyi üçün öz uşağı ilə oynaya bilməyən və bu oyuncağı hazırlamaqla ona qayğı göstərmək istəyən ABŞ-ın Florida ştatının sakini Ketrin Hettinqer tərəfindən hazırlanıb. Bu qadın 1990-cı illərin əvvəllərində peyda olan spinner üçün hətta 1997-ci ildə patent alıb.
Maraqlıdır, azərbaycanlı mütəxəssislər stress çarxları barədə hansı fikirdədirlər? Psixoloq Elnur Rüstəmov bildirib ki, "Spinner”lərin stressi aradan qaldırması və tənzimləməsi ilə bağlı yanaşmalar üzərindən müəyyən polemikalar aparılmağa başlanılıb. Onun sözlərinə görə, uşaqlarda aqressiyanı, diqqət yayınıqlığını formalaşdıran, məntiqi təfəkkürü zədələyən oyuncaqlar var.
E.Rüstəmov vurğulayıb ki, insan gərgin olduqda diqqətini başqa bir yerə yönəldirsə, həmin gərginlik aradan qalxır. Stress çarxları da məhz köməkçi bir vasitə kimi icad olunub: "Avadanlığı mən də görmüşəm. Əsas məsələ belədir ki, bu əşya sürəkli olaraq fırlanır. Hər hansı bir əşyanın fırlandıqdan sonra dayandığını müşahidə eləmişik. Ancaq bu çarx dayanmır və eyni sürətlə gedir. Bu da insanın diqqətini özü ilə aparır, yəni çarx diqqətin fokuslanmasına, bir yerə yığılmasına gətirib çıxarır. Bir neçə müddətdir ki, oyuncağın satışı olduqca yaxşı gedir. Yəqin bunun istehsalını bir az da artıracaqlar. Lakin oyuncağın stresi aradan qaldırmasını demək heç cürə mümkün deyil. Mən birmənalı olaraq yaxşı və pis formada fikir bildirsəm də, bu oyuncaqlar kimə yaxşı təsir edirsə gedib alacaq.
Günümüzdə stress yaradan faktorlar yetərincə çoxdur. Fikir verin, bəzi adamlar var ki, əllərində rezin olur və diqqəti bir yerə cəmləşdirmək üçün onu sıxıb buraxır. Bu, sovet vaxtında və dünənə qədər də mövcud idi. Bu çarxlar isə yeni formadır. Düşünürəm ki, digər aqressiv oyuncaqlara nisbətən "spinner”lərin ziyanı yoxdur, istəyən adam alıb istifadə edəcək. Ancaq məsələnin alternativləri çoxdur. Bütün hallarda biz həmişə təhsilə yönəlməyi, intellektual bir şeylər etməyi tövsiyə etmişik”.
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə qeyd edib ki, söhbət təkcə anti-stress oyuncaqlardan getmir. Bu gün idman mağazalarında məşq üçün istifadə edilən rezinlərdən müxtəlif qoxular gəlir və hiss olunur ki, bunlar ekoloji təhlükəsiz materiallar deyil: 
"İngiltərədə olarkən idman mağazasına baxdım, orda məşq üçün olan daşlar xüsusi keyfiyyətlə buraxılır və hiss olunur ki, təhlükəsiz materiallardan hazırlanır. Daşların heç bir qoxusu yoxdur və yerə qoyduqda hansısa iz buraxmır. Lakin bizim idman mağazalarında əksər idman mallarında pis qoxu var. Həmçinin bu əşyaları yerə qoyarkən rezin müəyyən iz buraxır. Düşünürəm ki, bu işlə məşğul olan müvafiq qurumlar araşdırma aparmalıdırlar. 
Məişətdə ekoloji təhlükəsizlik qaydalarına ciddi riayət olunmalıdır. Rezin məmulatlarının, plastmas materialların təhlükəsizliyi çox mühümdür, çünki uşaqlar və böyüklər bunlarla birbaşa təmasda olurlar. Bir var texniki rezin və plasmas, bir də var ki, məişətdə işlədilən rezinlər. Bunlar arasında çox ciddi fərqlər var. Təəssüflər olsun ki, ölkəmizə aşağı keyfiyyət parametrləri olan rezin və plastmas avadanlıqlar daxil olur”.
"Spinner”lərin barmaq hərəkətliliyi və beyin fəaliyyətinə müsbət təsiri ilə bağlı suala gəlincə, professor deyib ki, əgər belə bir iddialar varsa, bu mütləq araşdırılmalıdır: 
Əlbəttə ki, toksiki təsirlər müxtəlif ola bilər. Əlimizdə laboratoriya ilə əlaqəli məlumatlar yoxdu ki, birmənalı olaraq qərar verək. Amma belə bir iddialar ortaya çıxıbsa, bundan narahat olmalıyıq. Hesab edirəm ki, heç bir iddia əsassız olmur, hansısa bir əsas var ki, məsələ şişirdilir və gəlib bu səviyyəyə çatır”.

 






Fikirlər