Stress çarxından sizdə də var? - Uşaqlarınıza VERMƏYİN
İnsanların stressini atmaq üçün yaradılmış stress çarxı bir anda həm dünyada, həm də ölkəmizdə məşhurlaşmağa başlayıb. “Qafqazinfo” xəbər verir ki, gün keçdikcə dizaynerlərin müxtəlif formalarını yaratdığı bu oyuncağın ən ucuzunu mağazalardan 5-15 manata almaq mümkündür. Xüsusi materialdan hazırlanmış stress çarxları isə digərlərinə nisbətən xeyli bahadır. Hazırda satışda hətta 1300 dollar qiymətində olan çarxlar da var. Dünyanın bu yeni trendinin ixtiraçısı isə artan satışdan hər hansı bir gəlir əldə edə bilmir. Səbəb isə 62 yaşlı Ketrin Hetincerin ixtirasının patentini yeniləmək üçün 400 dollarının olmamasıdır. O, pul qazana bilməməsindən narazı olmasa da, patentini alsaydı, hazırda işləmək məcburiyyətində qalmayacağını deyir. Fotoda Ketrin Hetincer
Azərbaycanda da xeyli məşhur olan bu oyuncaq daha çox məktəblilərin diqqətini çəkib. Odur ki, mağaza sahibləri gün ərzində daha çox valideynlərin bu oyuncağı aldığını söyləyir. Hətta tez bitdiyi üçün dəfələrlə yenidən sifariş olunub. Dünyada getdikcə yayılmış bu oyuncağın uşaqların fikrini yayındırdığı iddia olunur. Bu səbəbdən hazırda oyuncağın satışı ABŞ-ın bəzi ştatlarında və BƏƏ-də qadağan olunub. Hətta adının əksi olaraq, onun insanlara daha çox stress verdiyi də söylənilir. Məşhur psixoloq Elnur Rüstəmov valideynlərə tövsiyə edir ki, məktəbə gedən uşaqlara bu oyuncağı verməsinlər:
“Məktəbdə bütün şagirdlərdə bu oyuncaq yoxdur, ona görə də uşaqlara maraqlı gəlir, uşaqların diqqəti yaranır. Psixoloji sağlamlıq insana görə dəyişir. Birinə hüzur verən şey, digərinə qıcıq verəcək. Stress çarxı uzun müddət fırlandığı üçün insanın fikrini özünə çəkir. Hansısa məqamda stressi azalda bilər, ancaq bunu bütün insanlara şamil edə bilmərik. Sadəcə olaraq son aylarda aktuallaşdı, PR-ı güclü aparıldı. 10-15 gün sonra başqa bir şey çıxacaq və heç yada da düşməyəcək”.