Azərbaycana süni ət gətirilir? - VİDEO
Azərbaycanda süni kürü də istehsal olunur” AzerTaym.az xəbər verir ki, bunu "Şərq" qəzetinə xüsusi kimyəvi maddələrlə süni ətin hazırlanmasından danışarkən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
O bildirib ki, Azərbaycanda da bunları hazırlaya biləcək texnologiyalar var:
"Əsasən xüsusi komponentlərdən istifadə olunmaqla bunlar hazırlanır. Lakin ölkəmizdə birmənalı şəkildə süni ət istehsal olunmur. Məsələn, süni kürü artıq 20 ilə yaxındır istehsal olunur. Ola bilər ki, xaricdə istehsal olunmuş süni ət Azərbaycana gətirilsin”.
E.Hüseynovun sözlərinə görə, bunun qarşısını almaq üçün istehlakçılar ətraflı məlumatlandırılmalıdır:
"Süni malların necə müəyyən olunması haqqında istehlakçıların məlumatı olmalıdır. Biz süni kürünün qablaşdırmasından nərə balığının şəklini götürtdük. Yenə də Həştərxandan Azərbaycana yenə də üzərində nərə balığının şəkli olan süni kürü gətirilir. Bu səbəbdən ilk növbədə istehlakçının aldadılmasının qarşısını almaq lazımdır.
Hazırda biznes qurumları üçün rahat şərait yaradılıb. Heç kim onlara toxunmur. Kim nə istehsal edirsə, istehlakçılara sırıyır. İstehlakçıların nə yediyini görmək üçün apteklərə baxmaq lazımdır. İnsanlar apteklərdə növbədədirlər. Heç ərzaq mağazalarında elə növbə yoxdur. Bu o deməkdir ki, təhlükəli qida ilə qidalanırıq. Ona görə, bu ilin fevral ayında ölkə başçısı Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ilə bağlı fərman imzaladı. Gələn ildən fəaliyyətə başlayacaq agentlik belə halların qarşısını alacaq”.
Qeyd edək ki, sunun içərisinə bilinməyən maddə qataraq süni ətin hazırlanmasına dair videogörüntü son günlər sosial şəbəkələrin müzakirə mövzusudur. Bəzi ekspertlər isə bu məhsulun Azərbaycana gətirilməsini istisna etmir.