“Deyirdi ki, xəstə yatağında da qızlarıma əziyyət verdim, məni bağışlasınlar” - FOTO

“Deyirdi ki, xəstə yatağında da qızlarıma əziyyət verdim, məni bağışlasınlar” - FOTO

“Atam çox kaprizli insan idi, anam həmişə ona görə güzəştə gedirdi”
 
“Ramiz Əzizbəylini siz efirdən, filmlərdən bir sənətkar kimi tanımısınız. Necə görmüşdünüzsə, evdə də elə idi. Zarafatcıl, dostcanlı, vəfalı. Bununla belə həm də sərt adam idi. İki qız övladı böyüdürdü, amma heç vaxt bizi sıxmayıb. Bizi savadlı görmək istəyirdi, özü də bizə həmişə məsləhətlərini, tövsiyyələrini verirdi. Xalqın sevimlisi idi, bəzən bilirlər ki, onun qızıyam, o qədər xoş sözlər deyirlər ki. Atam evdə də, çöldə də eyni idi”
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Ramiz Əzizbəylinin qızı Xədicə Əzizbəyli deyib.
 
 
“Bir neçə il evdə xəstə yatdı. İnanın ki, bu insan yenə də pozitivliyini unutmadı. Elə hey deyirdi ki, səhnəyə, kinoya qayıtmaq istəyirəm. Kino üçün çox darıxırdı. Planları çox idi, yeni filmlər çəkmək istəyirdi. Ayağı amputasiya olanda da deyirdi ki, kəssinlər, nə edirlərsə etsinlər, yetər ki, mən kinoya qayıdım. Ömrünün son illərində xəstəlikləri bir-birinə qarışmışdı. Xəstəliyinə səbəb də elə sənəti olmuşdu. Fədakar adam idi. Özünü sənətə həsr etmişdi, səhhəti ilə maraqlanmırdı. Deyirdi ki, ölsəm də bu yolda öləcəm. Xəstə-xəstə şeir kitabı yazırdı. Düzdür, kitabı işıq üzü görsə də, son cızma qaralarını çap etdirə bilmədi. Çalışacam ki, o kitabı çap etdirim” deyə sənətkar bildirib.
 
 
Xədicə Əzizbəyli bildirib ki, atası kaprizli insan olub.
 
“Çox kaprizli insan idi. Bunu mən gizlədə bilmərəm, onunla çalışanlar onsuz da bilir. Anam bu xasiyyətinə görə həmişə ona güzəştə gedirdi. Çox səliqəli idi, dağınıqlığı xoşlamırdı. Mətbəxdə bir əşya öz yerində olmayanda o dəqiqə gileylənirdi. Gecikməyi xoşlamazdı. Ola bilsin ki, bu xüsusiyyətini daha çox onunla çalışan insanlar bilərlər” deyə sənətkarın qızı bildirib.
 
Xədicə Əzizbəyli atasının son günlərindən də danışıb.
 
“9 gün onunla birgə xəstəxanada qaldım. Heç inanmırdım ki, onu nə vaxtsa itirəcəyəm. Müsahibələrinin birində demişdi ki, ailəmə, övladlarıma xəstəliyimlə bağlı çox əziyyət vermişəm, hamısı məni bağışlasın. Amma inanın ki, bizə heç bir əziyyəti olmayıb. Heç özü də ölümünü gözləmirdi. Xəstəxanaya, əməliyyata gedəndə deyirdi ki, məni gözləyin, mütləq qayıdacam. Son illərdə bir çox dostlarını itirmişdi. Onları düşünürdü, fikir edirdi. Arif Quliyevin ölümünə o qədər pis olmuşdu ki. Uşaq kimi ağlayırdı. Ölümünə inanmıram. Hələ də o 9 gündə ilişib qalmışam. Şəkili ilə danışıram” deyə sənətkar bildirib.






Fikirlər