Sumqayıt polisi yanğın zamanı ana və uşağı xilas edib - FOTOLAR
Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) Post Patrul Xidməti Taborunun (PPXT) əməkdaşları - polis serjantları Əfsər Baxşəliyevin və Bəxtiyar Əliyevin xidməti vəzifələrini vicdanla, məsuliyyətlə yerinə yetirmələri, eləcə də şəxsi fədakarlıqları nəticəsində 2 nəfərin həyatı xilas edilib. Daxili İşlər Nazirliyindən SalamNews-a verilən məlumata görə, ötən gün səhər saatlarında Sumqayıt şəhəri Nəriman Nərimanov küçəsindəki 14 nömrəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 58 kvadrat metr olan mənzildə yanğın hadisəsi baş verib.
Hadisə yerində ictimai asayişi təmin etmək üçün göndərilmiş Sumqayıt ŞPİ-nin PPXT-nin əməkdaşları əraziyə çatan zaman yanğın baş verən mənzildə ana və azyaşlı övladının köməksiz vəziyyətdə qaldığı barədə məlumat alıblar.
Polislər həyətlarını təhlükə altına ataraq alovların arasında huşlarını itirmiş, köməksiz vəziyyətdə qalan evin sahibi – Sünbül Əliyevanı və onun azyaşlı övladı Aylini xilas ediblər.
Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən ana və övladının vəziyyəti normal olsa da, qatı tüstüdən zəhərlənən polis əməkdaşları təcili olaraq intensiv terapiya şöbəsinə yerləşdiriliblər.
Qeyd edək ki, yanğın hadisələri və digər fövqəladə hallar zamanı həyatlarını təhlükəyə ataraq insanları xilas edərkən xəsarət alan polis əməkdaşlarının adına tez-tez rast gəlirik. Bu isə bir daha onu deməyə əsas verir ki, sabitliyin və asayişin, insanların təhlükəsizliyinin keşiyində ayıq-sayıq duran Azərbaycan polisi adına və andına hər zaman sadiqdir.