14.01.2014. - İşdən çıxarılan prokuror Ərdoğanı məhkəməyə verdi
AzerTaym.az Türkiyə mətbuatına istinadən bildirir ki, “Sabah” qəzetinin xəbər şefi Şaban Aslanın da adının çəkildiyi şikayət ərizəsi İstanbul prokurorluğuna təqdim edilib. Ərizədə keçmiş prokuror özü ilə bağlı məlumatları qanundan kənar yollarla açıqlayan dövlət məmurlarını da məhkəməyə verib.
Zəkəriyyə Öz, prokurorluğa verdiyi ərizəsində özü haqqında həqiqətdənkənar iddiaları xəbərə çevirdiyini iddia etdiyi “Sabah” qəzetinin nüsxələri ilə yanaşı həm də baş nazir Ərdoğanın mitinq meydanlarında dediyi sözləri dəlil olaraq göstərib. Özünə qarşı ittihamların əsassız olduğunu ifadə edən Öz "Vəzifədən sui-istifadə", "Böhtan", "Təhqir", "Hədəf göstərmə" və "Fərdi məlumatları qeyri-qanuni yollarla əldə etmə və yayma" ittihamları ilə şikayət edib.
Ərdoğan mitinqdə prokuror Özün əməliyyat öncəsi bir tikiniti şirkətinin pulu ilə 22 dəfə Dubaya səfər etdiyini iddia etmişdi. Zəkəriyyə Öz isə buna sübut tələb edir.