"Aprelin əvvəlindəki miqyasda döyüşlər və artilleriya müharibəsi ola bilər" — MTN-nin KEÇMİŞ POLKOVNİKİ
Son günlər Qarabağda yenidən müharibənin ola biləcəyi barədə xəbərlər yayılıb Bəziləri hətta Şuşanın ermənilər tərəfindən işğal edildiyi gün müharibənin başlanacağını bildirir. Müharibə gözlənilirmi? Müharibə olacağı təqdirdə iri miqyaslı olacaq, yoxsa lokal? Bu məsələlərə MTN-nin keçmiş polkovniki, politoloq İlham İsmayılÖlkə.Az-da münasibət bildirib: "Müharibənin başlaması haqqında xəbərlər çıxır. Hətta dəqiq tarix deyənlər də var. Rayonlarımızın hansı tarixdə azad ediləcəyini deyən şəxslər və xəbər saytları var. Bu cür xəbərlər Azərbaycan ictimaiyyətini çaşdıran, cəmiyyəti yalana öyrədən bir prosesdir. Bunun məsuliyyətini gərək insanlar dərk edələr. Bu tip xəbərləri siyasi cəhətdən savadsız insanlar oxuyarkən hansı hisslər keçirdiyini yəqin bilərsiniz. Bir faktı deyim, aprel ayının əvvəlində iri miqyaslı döyüş əməliyyatlarının keçiriləcəyi barədə mediada məlumat var idi? Təbii ki, yox idi. Bu cür məsələlərdə falçılıq etməyə ehtiyac yoxdur. Əgər müharibə başlasa belə, heç kəsin xəbəri olmayacaq. Yaxın zamanlarda irimiqyaslı müharibə gözlənilmir. Ən azı yaxın zaman üçün bu planlaşdırılmır. Lokal döyüşlər ola bilər. Aprel ayının əvvəlindəki əməliyyatlar səviyyəsində döyüşlər ola bilər, ancaq kimsə bunun dəqiq tarixini deyə bilməz. Bəziləri deyir Şuşanın ermənilər tərəfindən işğal edildiyi gün müharibə başlayacaq. Bu tarixi verənlər gündəmə gəlmək üçün söz deyirlər. Bütün bunların hamısına məsuliyyətlə yanaşmaq lazımdır. Mənim proqnozum budur ki, atəşkəs pozula bilər, aprelin əvvəlindəki miqyasda döyüşlər və artilleriya müharibəsi ola bilər. İri miqyaslı müharibə gözlənilmir. Ən azı yaxın zamanlarda iri miqyaslı müharibə gözlənilmir".