“Neftçi” SOCAR-ı aldadır - Ölkədən MİLYONLAR çıxır

bitmap-img6

Hələ ki, çempionat yeni başlayıb

 

Cəmi 3 turun şahidi olmuşuq. Hər şey irəlidədi. Görünən odur ki, bir zamanlar "Xalq komandası", "Flaqman" kimi titulları qazanmış "Neftçi"nin də görəcək günləri irəlidədi. Dünənki "Qarabağ" - "Neftçi" oyunu (21.08.2016) sonuncuların vəziyyətinin heç də ürəkaçan olmadığını göstərdi. 
SOCAR-ın sponsoru olduğu bu klub ildən-ilə, gündən-günə uçrumun dibinə yuvarlanmaqda, nifuzunu və ən sadiq azarkeşlərini itirməkdə davam edir. Neft şirkətinin adını nahaq çəkmədim. Bu "ağ-qaralar"dan hesabat tələb edən bir nömrəli qurumdu. Düşünürəm ki, geridə qalmış 3 turdan sonra SOCAR-ın "Neftçi" rəhbərliyindən hesabat, açıqlama tələb edəcəyi bir çox məqamlar var:
Transfer siyasəti...
.sponsor - klub siyasətində ən önəmli məsələdi. Klubun uğurundan başqa hər şeyi düşünən rəhbərliyin bu sahədə maaliyyə fırıldağına yol verməsi qaçılmazdır. 
Odur ki, çempionatın əvvəli olmasına baxmayaraq  SOCAR klub rəhbərliyinin "yaxasından" tutub soruşmalıdı:
1. Aqil Məmmədov kimi gənc, perspektivli qapıçını buraxıb Krşevan Santinini niyə gətirmisən? Adətən, klublar yerli qapıçıya üstünlük verirlər ki, meydanda səviyyəli əcnəbi oyunçu bolluğu olsun. Bəs sizin məqsədiniz nədi? 
2. "Qəbələ"nin Teo Uiksini artıq hər kəs tanıyır. Təqribən 150 min dollara razılaşıb klubla. Əminliklə deyə bilərəm ki, bu civardadı Teonun razılaşması. "Neftçi"də isə Vançe Şıkov gətirdilər. 270 min dollardan yuxarıdı anlaşmasının dəyəri. Hörmətli sponsor, hər iki futbolçunun öz ampulasında faydalı iş əmsalına baxın, müqayisə edin. Biz müqayisə edib klub rəhbərliyinə sual veririk - məqsədiniz nədi?
3. Jayro Rodriges gətirdilər "Neftçi"yə. Elvin Yunuszadəyə "lazım deyilsən" deyib, "Qarabağa" getməsinə göz yumdular. Əvəzində dünənki (21.08.2016) "Qarabağ" - "Neftçi" qarşılaşmasında Elvin 90 dəqiqə meydanda komandasının müdafiəsində əzmlə mübarizə aparıb qapılarının toxunulmaz qalmasında pay sahibi oldu. Amma, onun yerinə "Neftçi"yə transfer olunan Jayro qapıların yerini səhv saldı. Niyə Elvin gedib, niyə Jayro gəlib?  Açıqlayın görək, Jayro neçə yüz min alır, Elvinə nə qədər verirdiz? Yunuszadə "Neftçi"nin yetirməsidi, bir qəpiksiz "Qarabağ"a getdi, yəni klub heç nə qazanmadı. Budur sizin futbol siyasətiniz?  Hə, bəlkə iddia edə bilərsiz ki, Elvin Yunuszadə yüksək qiymətlə müqavilə bağlamaq istəyirdi, göndərilməsinə səbəb budu. Onda icazə verin sual verim: Belə olan halda niyə Denis Silvanı göndərdiniz? Hazırda 4-5 min dollara "İnter"in şərəfini qoruyur. Hər kəs bilir ki, həmin mövqedə də Denis verilən tapşırıqların öhdəsindən yüksək səviyyədə gəlir. İli 50-60 min dollara oynayan keyfiyyətli futbolçunu yola salıb, əvəzində yüz minlərlə dollar verib Jayronu gətirməkdə məqsədiniz nədi?
Əgər klub rəhbərliyi yuxarıda göstərilən 3 bənddə özünü haqlı sayırsa, buyursun. Çıxsın xalqa, mətbuata, sponsora hesabat versin. Əks halda bunun adı MALİYYƏ MAXİNASİYASIndan başqa bir şey deyil. 
SOCAR-ın nəzərinə...
Bəxtiyar Musayevin klubdan göndərilmə səbəbi nə idi? Açıqlanan bu oldu ki, uğursuz transferlər klubu hədəfindən yayındırdı və Musayevin getməsinin səbibi bu oldu. Xatırlayırsınızsa, Tahir Süleymanov və Bəxtiyar Musayev illər öncə okeanın o tayına - Braziliyaya - getdilər. Bu gedişlə Flavinyo kimi keyfiyyətli, peşəkar, çempionatın səviyyəsindən bir baş üstün futbolçunu "Neftçi"yə gətirdilər. Neçə il klubun uğurlarında pay sahibi oldu. Klubun hazırki rəhbərliyi də bir müddət əvvəl Braziliya və Paraqvaya getdi. Elnur Məmmədovla Vəli Qasımovun təntənəli 10-15 günlük turu SOCAR-a təqribən 30 min dollara başa gəldi. Təntənəli otellər, təyyarələrin biznes-klası isə "Neftçi"yə heç nə qazandırmadı. 
Hörmətli, SOCAR rəhbərliyi, dəqiqləşdirin ki, məsələn, AZAL klubunun 1 aylıq maaşı nə qədərdir? Bu sizin üçün elə də çətin olmaz. Yardımçı ola bilərəm. AZAL klubunda bütünkollektivin bir aylıq məvacibi 15 min manatdır. 30 min dollar AZAL kimi klubun 3 aylıq maaşıdı. Klubun belə xərcləri ola bilər, amma, nəticəyə uyğun. AZAL-la "Neftçi"nin nəticə etibarı ilə fərqi nə oldu ötən mövsüm? "Neftçi" 6-cı yer, AZAL 7-ci yer. Avropa Liqası sizi aldatmasın, "İnter" cəzalanmasaydı, ağ-qaralar sözügedən liqaya "CBC sport"un təqdimatında baxacaqdı. 
SOCAR-ın pulu neftin puludu. "Neftçi" rəhbərliyi bu pullarla dəbdəbəli həyat tərzi yox, xalq komandası qurmalıdı. Əgər ortada məhdud büdcəli AZAL-la fərq yoxdusa, hanı bəs ayrılan pullar? Açıqlaması, hesabatı yoxdusa, bunun adı MALİYYƏ MAXİNASİYASIdır. Hər halda, inanırıq ki, SOCAR rəhbərliyi bu yeyintilərə, yalanlara göz yummayacaq.
Təbii ki, sadaladığımız maxinasiyaların biabırçı həddə olmasını "Neftçi" rəhbərliyi də dərk edir. Amma ictimaiyyəti yayındırmaq, diqqətləri başqa yönə çəkmək, süni gündəm yaratmaqla neft şirkətinin də diqqətini uğursuzluqdan yayındırmaq ən ucuz taktikadı. Məhkəmələr, polislər və s...
Dediyim odur ki, ölkədə iqtisadi böhran var. Hər 1 dolların həyati əhəmiyyət daşıdığı vaxtda "Neftçi"də neft dollarları göyə sovrulur. Bunun nəticəsi isə milyonlarla dollarların gərəksiz yerə ölkədən çıxmasıdı. Təbii ki, bu dönəmdə "Neftçi"nin bu addımı SOCAR rəhbərliyinin nüfuzuna yuxarı dairələrdə zərbədi. Görəsən, Elnur Məmmədov bütün bunları düşünüb? Çıxsın açıqlama versin görək məqsədi nədi?
Mənbə: Fanat.az






Fikirlər