Fərəc Quliyevin "Azərbaycan Respublikası 2017-cı il dövlət büdcəsi haqqında " Azərbaycan Respublikası qanun layihəsi ilə baglı Milli Məclisdə çıxışı
Hörmətli Sədr,hörmətli baş nazir,hökumət üzvləri və kolleqalar!
Bizə təqdim olunan sənədlərlə tanış olduq,Hökumət üzvlərini dinlədik .Nəzəri cəhətdən iqtisadi mənzərə pis təqdim olunmasa da,etiraf edək ki,hələ də iqtisadiyyatımız xam neft ixracından asılı olan iqtisadiyyatdır.Xam nefti heç olmazsa , yarım fabrikat və ya son məhsula çevirib, ixrac edən neft iqtisadiyyatı qursaydıq narahatlıq bir az azalardı-təəssüf ki,belə deyil.Hökumətdən bir neçə məsələyə aydınlıq gətirməsini istəyirəm.
1.2017-ci ilin dövlət büdcəsində İslam Oyunlarına və “Formula-1" yarışlarına 317 milyon 300 min manat, idman obyektlərinin tikintisinə 330 milyon 300 min manat pul ayrılıb.1-ci Avropa Olimpiya oyunları zamanı kifayət qədər idman obyekti tikilib,nədən yenidən bu qədər vəsait xərclənməlidir? Bu izah olunmalıdır.Mövcud idman obyektlərinin sahmana salınması ilə tələbat ödənilə bilər. Bu vəsait 9 min qəzalı vəziyyətdə olan mənzildə yaşayan ailənin təcili mənzillə təmin olunmasına sərf oluna bilər.
2.Vergi
Vergi yükünün azaldılması,inzibatçılığın yüngülləşdirilməsi ,vergi potensialının doğru qiymətləndirilməsi ,vergi yükünün istehsaldan tədricən istehlaka keçirilməsi yolu ilə tarazlığın təmin oluması vacibdir.Amma daxilolmalar bölümünə baxdıqda fərqli təəssürat yaranır.
Cərimə və sanksiyalara üzrə daxilolmalar-101 milyon manat müəyyənləşdirilib.
1milyon manat isə yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə daxilolmalar müəyyənləşdirilib.
Vergi qanunvericiliyinin pozulmasına görə daxilolmalar 89 milyon manat müəyyən olunub.Bunun 5 milyonu fiziki şəxslərin gəlir vergisi üzrə maliyə sanksiyalarından nəzərdə tutulub.Bunu hökumət necə izah edə bilər?Bəlkə 2017-ci il intizamli sürücülər və vergi ödəyiciləri ili olacaq?Bu cərimələr necə proqnozlaşdırılıb? Sonra da Vergi əməkdaşı və avtomobil müfəttişlərinə irad tutulacaq.Onlar bu başdan pis vəziyyətə qoyulub.Vergi ödəyiciləri və sürücülərdən min bir yolla pul yığın demək deyilmi bu?
3.Enerji daşıyıcılarının qiymət artımı
İqtisadi siyasətdə əsas prioritetlərdən olan istehlakçı inamının artması və işsizlik səviyyəsinin azalması prinsipləri Qiymət artımları ilə ciddi zədə alacaq.
İnfilyasiya gözləmələri üzərində nəzarətin itirilməsi də qaçınılmazdır.
Büdcə gəlirlərini artırmaq üçün hələ ki, hökumət təbii inhisarların qiymətlərini artırmaqdan başqa alternativ düşünə bilmir. Tarif Şurası bu il işıq, su, kanalizasiya və binaların isidilməsi tariflərini qaldırıb. Işıq,qaz,istilik,kommunal sektorların mülkiyyət dövlətdə qalmaqla işlətməyə verməyi 7 ildir büdcə müzakirələrində təklif edirəm.Bu baş versə idi bu günkü qiymət artımı problemi,idarəetmədəki nasazlıq və bu sahələrə böyük vəsait ayrılmaları da olmazdı-əksinə bu sahələr vergi ödəyicisi kimi büdcəyə vəsait verəcəkdi.
Bahalanan məhsul və xidmətlər inflyasiya hesablamaq üçün təsdiq olunmuş 585 adda mal və xidmətdən ibarət istehlak səbətində olan məhsul və xidmətlərin siyahısına daxildir.Belə olan halda bahalaşmanın istehlak qiymətləri indeksinə artırıcı təsiri çox olacaq. Artıq bazarda qiymətlər yüksəlməyə başlayıb. Enerji daşıyıcılarının qiymət artımı bütün sahələrə təsir edəcəkdir.Ona görə əvvəlcədən qabaqlayıcı tədbirlərin görülməməsi təəccüb doğurur.Bu il istehlak mallarının idxalı artıbdır,hərçəndi biz ixracın artmasını gözləyirdik.Bazarda xaricdən idxal olunan istehlak mallarının qiymətinin artması manatın məzənnəsinə də mütləq təsir edəcək.Bu isə kredit borcu olanların vəziyyətini bir az da ağırlaşdıracaq. Ona görə də əmək haqqları,təqaüdlərin artırılmasında hökumət yubanmamalıdır.
Enerji daşıyıcılarının qiymət artımı təkcə əhaliyə deyil,ozəl və dovlət müəssisələrinə də pis təsir edəcək.Müəssisələrin baglanması,ixtisarlar başlaması riski artacaqdır.
Ölkədə yoxsulluq həddindən aşağıda yaşayanların sayı sürətlə artacaq, digər bazarlarda da qiymətlər bahalaşacaq, bir çox istehsal və xidmət obyektləri sıradan çıxacaq.
Ümumi inflyasiya səviyyəsi yüksələcək, kommunal xidmətlərin vaxtında və tam şəkildə ödəniş səviyyəsi aşağı düşəcək, əhalinin sosial-iqtisadi tərəqqinin nəticələrinə çıxış imkanları azalacaq.Ona görə hökumətə qiymət artımı ilə bağlı qərarın ləğv olunmasını təklif edirəm. Əgər qiymət artımı ilə bağlı qərar ləğv olunmasa bu dəyişikliklərdən ən çox əziyyət çəkən istehlakçılar və biznes olacaq.
4.İctimai nəqliyyatda qiymət artımı
2017-ci il üçün büdcə layihəsinə görə, metropolitenə 30 milyon manat subsidiya ayrılacaq. Bu isə o deməkdir ki, büdcədən ayrılacaq subsidiya bu illə müqayisədə 8 milyon manat və ya 22 faiz az proqnozlaşdırılıb.Metropoliten rəsmilərinin dediyinə görə 1 sərnişinin daşınması üçün 54 qəpik xərc tələb olunur,
metropoliten 1 sərnişinin daşınmasına görə 34 qəpik ziyanla işləyir...
Metropolitenin ziyanı qarşılamaq üçün alternativ mənbələri də yoxdur. Yaranacaq ən azı 8 milyon manatlıq kəsir metroda gediş haqlarının artırılması yolu ilə ödənilərsə nəzərə almaq lazımdır ki, metroda gediş haqqının artırılması avtobusda və taksi xidmətində də gediş haqlarının bahalaşmasına gətirib çıxaracaq. Növbəti ildən gözlənilən qiymət bahalaşmalarından biri də metroda sərnişinlər üçün gediş haqqının artırılması ola bilərmi?
5.Azərbaycanın xarici dövlət borcu
2016-cı il 1 iyul tarixinə beynəlxalq maliyyı-bank quruimları və kredit təşkilatları ilə 10,6 milyard ABŞ dolları məbləğində kredit sazişləri imzalanmışdır.İstifadə olunmuş kreditlər üzrə Azərbaycanın xarici dövlət borcunun umumi məbləği 7 mlrd. 650,7 mln. (12 mlrd. 402,6 mln. manat) təşkil edir. Xarici dövlət borcunun 53,2 faizi 10 ilə qədər müddətə qaytarılmalıdır.İqtisadiyyatın indiki durumunda bu mümkündürmü?Biz bu yaxinlarda Serbiya ilə baglı kredit sazişinə baxdıq.Olduqca kiçik faizlərlə kredit veririk ,özümüz isə başqa mənbələrdən böyük faizlə kredit götürürük-Xüsusən Banklarımız.Bu məsələyə də hökumətin aydınlıq gətirməsinin istərdim.
6.Azərbaycanda özəlləşdirmə
Bakıda bir sıra obyektlərin özəlləşdirilməsi nəzərdə tutulur.Bu barədə Nazirlər Kabinetinin təsdiq etdiyi “Orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin tabeliyindən çıxarılaraq özəlləşdirilməsi nəzərdə tutulan qeyri-profil müəssisə və obyektlərin siyahısı”nda deyilir.
2017-ci ildə Beynəlxalq Bankın da özəlləşdirilməsi nəzərdə tutulub. Azərbaycanda özələşdirmə prosesi çox biyabırçı şəkildə həyata keçirilir. Yüksək çinli məmurlar özəlləşdirməni elə istiqamətə yönəldiblər ki, özəlləşdirilən və nisbətən yaxşı vəziyyətdə olan obyektlər həmin vəzifəli şəxslərin əlinə keçib: Özəlləşdirmə başladığı ilk dövrlərdə vətəndaşlara özəlləşdirmə çekləri paylanmışdı.. Amma insanlar öz mülklərindən məhrum edildilər. Dövlətin mülkiyyəti bir sıra metodların nəticəsində müəyyən adamların əlində cəmləşdi. Azərbaycan iqtisadiyyatında müşahidə edilən anomalyaların səbəblərindən biri məhz budur. Dövlətin maliyyə vəsaiti hesabına dövlətə məxsus obyektlər bir sıra hallarda yaxşı vəziyyətə gətirilib, əsaslı təmirinə külli miqdarda pul buraxıldıqdan sonra aşağı qiymətlərlə özələşdirməyə çıxarılır. Ya da gözəgəlimli obyekti fəaliyyətsiz hala saldıqdan sonra onu ələ keçirirlər. Bu hal aradan qaldırılmalıdır. Dövlət obyektləri dövlətə maliyyə vəsaiti cəlb etmək üçün özəlləşdirməyə çıxarılır, tədiyyə balansında yaranan kəsiri qapatmaq üçün özəlləşdirmə bir vasitə kimi nəzərdən keçirilə bilər. Amma hər şeyi real bazar qiymətində dəyərləndirmək daha düzgün olardı.
7.Real islahatlar Artıq həssaslıq artıb və hökumət vəziyyətin ağırlığını anlayıb, real islahatlara getməlidir
Dünya Bankı da makroqitisadi sabitliyin təmin olunması məqsədilə islahatların aparılması zamanı Azərbaycan hökumətinə əhalinin həssas təbəqələrinə qarşı diqqəli olmağı tövsiyyə edib. Azərbaycan hökumətinə 5 bənddən ibarət tövsiyyələr verilib. Buraya monetar siyasətin dəyişilməsi, valyutanın çevik məzənnəsinə keçid, və həmin siyasətdə balansın əldə olunması daxildir.
Azərbaycan və həmçinin də neft-ixracatçıları digər ölkələr üçün vacib olan ikinci məsələ – maliyyə, o cümlədən bank sektorunun stabilləşməsidir.
Neftin qiymətində olan azalma bank sektoruna da mənfi təsir edir. Bankların restrukzasiyasına ehtiyac var.
Neftin qiymətinin kəskin dəyişilməsi və ardınca gələn devalvasiya banklar üçün böyük problemə çevrilib, bu da problemli kreditlərin artımına gətirib. Bu vəziyyətin həlli üçün sxemlər tapmaq zəruridir ki, onlar dövlət büdcəsinə də ,əhaliyə də böyük yük olmasın. Problemli kreditlər artdığından orta və uzunmüddətli tədbirlər görülməlidir.
Üçüncü məsələ-neft və qeyri-neft gəlirləri arasında balansla davamlı ortamüddətli büdcələşdirilmədir.
Dördüncü məsələ – gəlirlərin şəffaf və ədalətli bölüşdürülməsinə nail olmaqdır. Məqsəd milli gəlirlərin azalmasından əsas yükün əhalinin daha həssa təbəqəsinin üzərinə düşməməsidir.
Beşinci məsələ hökumətin diqqətini yeni iş yerlərinin yaradılması, rəqabətlə bağlı vəziyyətin yaxşılaşması məqsədilə islahatların aparılması olmalıdır.
Azərbaycan iqtisadiyyatının bütün sahələri hazırda böhranın təsiri altındadır
8.Ölkənin valyuta ehtiyatları manatın kursunun saxlanmasına sərf olunur ki, bu da ölkə iqtisadiyyatına çox ciddi zərbə vurur. Bu məncə itirilmlş vəsaitdir və ümumiyyətlə, məəzənnənin sabitləşdirilməsi siyasətinin yürüdülməsi doğru siyasət deyildi .Məzənnənin sabitliyi uğurlu iqtisadi siyasətin göstəricisi ola bilməz. Çünki məzənnə iqtisadiyatda baş verən proselərə, şoklara adekvat reaksiya verməlidir. Bu yanlış yanaşmanın nəticəsidir ki, Ötən ilin analoji dövrü ilə müqayisədə isə Azərbaycan Mərkəzi Bangınin sərəncamında olan valyuta ehtiyatlarının həcmində 35,78% və ya 2 mlrd. 234,6 mln. dollar azalma olub.
Pul siyasətinə iqtisadiyatda baş verən proseslər müstəvisində yenidən baxmaq vacibdir. Həmçinin, maliytə sektoru sabitləşdirilməlidir.
Azərbaycan iqtisadiyyatının birtərəfli inkişaf etməsi və neftdən asılı iqtisadiyyatın gələcəkdə ciddi böhranla üzləşə biləcəyi əvvəlcədən proqnozlaşdırılan idi,Mən də bu məsələyə hər büdcə müzakirəsində toxunmuşam.
Hazırda Azərbaycanda 3%-lik iqtisadi geriləmə var. İnfliyasiya ikirəqəmli səviyyədədir. Ekspertlərin qənaətinə görə, növbəti iki ildə də iqtisadi geriləmə , 3% səviyyəsində olacaq. Bu o deməkdir ki, qarşıdakı 3 ildə 0 iqtisadi artım olacaq”.
-Mən hər il büdcə müzakirələrində daim iqtisadiyyatın mümkün qədər liberallaşdırılması, dövlətin iqtisadiyyatda rolunun azaldılması, maliyyə sektorunda islahatların aparılması, kommunal sektorun özəlləşdirilməsini, büdcə yükünün azaldılmasını qabardıram. Neftin qiyməti yüksək oldugundan bu təkliflər hökumət üçün o qədər də cəlbedici görünmürdü. Amma indi situasiya elədir ki, artıq həssaslıq artıb və hökumət vəziyyətin ağırlığını anlayıb,bu təkliflərə ciddi baxmalıdır və real islahatlara getməlidir.