2016-ci ilin son günlərini yaşayırıq. Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramlarını qeyd etməyə saylı günlər qalıb.
Bəziləri bayramı paytaxt Bakıda, bəziləri isə regionlarımızda və xarici ölkələrdə keçirməyi planlaşdırır. Bəs görəsən, baş redaktorlar bu əlamətdar günləri harada və necə keçirəcəklər ?
"Gündəlik Teleqraf” Media Holdinqinin rəhbəri Aynur Camalqızı Sherg.az-a açıqlamasında söyləyib ki, yeni ili öz evində, ailəsi ilə birlikdə keçirməyi daha üstün tutur:
"Bir qayda olaraq, bütün bayramları evimdə, ailəmlə birlikdə keçirirəm. Övladlarım yaşca kiçik olduğuna görə, onları götürüb, xaricə, yaxud rayonlara səyahət etmək çətin olur. Bu mənada bayramlarımız ailəvi şəkildə, evimizdə keçirilir”.
"Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev isə bu barədə hələ qərar verməyib:
"Son vaxtlar qriplər geniş yayılıb, biz də təəssüf ki, ailəliklə buna yoluxmuşuq. Hazırda da biraz naxoşam. Ona görə də, bayramla bağlı dəqiq istirahət müəyyən etməmişəm. Dostlar regionlarda keçirməyi təklif edir. Ailə üzvlərim isə Bakıda dost-tanışların ətrafında, ya da restoranda keçirmək istəyir. Yəqinki ani qərar verib, bu təkliflərdən birini dəyərləndirəcəm. Amma düşünürəm ki, bayramı harada keçirməyimizdən asılı olmayaraq, əhval-ruhiyyəmizin yüksək olması əsasdır”.
Report.az-ın baş redaktoru Murad Əliyevin yeni illə bağlı geniş planları yoxdur:
"Bayramı ailəmlə birgə, Bakıda keçirəcəm. Ola bilsin 1 günlük hər hansı şimal rayonlarımızdan birinə səfər etdim. Çünki, qarsız Yeni ilin nə ləzzəti? Amma ümumilikdə Yeni il bayramı ilə bağlı olan 4-5 gün istirahət ilin yorğunluğunu çıxarmaq üçün yaxşı imkandır”.
"Modern.az” saytının baş redaktoru Elşad Eyvazlı isə bayramı iş başında, saytın kollektivi ilə birlikdə qarşılayacaq:
"Redaksiyada şam ağacı quraşdırıb, bəzəmişik. Bayram gününü isə müəyyən saatı işdə, daha sonra isə evimizdə, ailəmizlə birlikdə keçirəcəyik”.