"Tapşırmışam ki, gedib o torpaqları..." - Abid Şərifovdan Cocuq Mərcanlı AÇIQLAMASI

 

"Cənab Prezidentimiz də icazə verməz ki, buna görə kiməsə müraciət edək, kimdənsə üç manat, beş manat alaq”.

AzerTaym.az xəbər verir ki, bu sözləri baş nazirin birinci müavini Abid Şərifov Cəbrayılın işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində görüləcək işlərlə bağlı Ölkə.Az-a açıqlamasında deyib. Abid Şərifov Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) minalardan təmizləmə işlərinin aparılması üçün xüsusi tapşırıq verdiyini də deyib:
"Birinci dəfədir ki, uzun müddət ermənilərin zəbtində olmuş torpaq azad olunur və uzun müddətdən sonra birinci dəfədir bərpa işləri başlanaraq iyirmi ildən sonra həmin qəsəbəyə geri dönülür. Cənab Prezidentimizin həmişə dediyi kimi, biz işğal altında olan torpaqlarımızı mütləq azad edəcəyik. Bu birincilərindəndir, bu faktdır. Aprel hadisələrində həmin ərazilər azad olundu. İndi isə artıq vəsait ayrılır ki, insanlar ora gedib sərbəst yaşasınlar. ANAMA-ya da mən tapşırmışam ki, getsinlər o torpaqları minalardan təmizləsinlər, digər təhlükələri aradan qaldırsınlar. O torpaqları təmizləmək lazımdır ki, insanlar orada əkib-biçə, özlərini dolandıra bilsinlər. O qəsəbədə yaşayanları işlə də təmin etmək də lazımdır. Böyük Qayıdış demiş olsaq, bu hadisəni ilk addım hesab etmək olar. Bu, çoxdan gözlədiyimiz, istədiyimiz arzudur”.
Baş nazirin birinci müavini A.Şərifov mərhum prezident Heydər Əliyevin rəhbərliyi ilə Füzulinin bir hissəsinin illər öncə azad edildiyinə də diqqət çəkərək həmin dövr bəzi Avropa ölkələrinin, Avropa Komissiyasının, İslam Bankı və Dünya Bankının Azərbaycana kömək etdiyini də vurğulayıb:
"Həmin vaxt 23 kənd işğaldan azad edildi. Bərpa agentliyi o zaman geri dönüş üçün lazımi tədbirləri gördü və indi də bu davam edir. O zaman çox böyük iş ortaya qoyuldu. Həmin vaxt bəzi Avropa ölkələri, Avropa Komissiyası, İslam Bankı və Dünya Bankı bizə kömək etdilər. Mən həmin ərazilərə gedəndə orada bir ailə yaşayırdı. Bir dənə də olsun normal yaşayış yeri yox idi, hər şey dağıdılmışdı.
Kəndlərin hamısı boşaldılmış, məktəblər, xəstəxanalar darmadağın edilmişdi. İndi isə ora şəhərdir. Horadiz artıq şəhər statusu alıb. Əvvəl dəmiryoluçulardan ibarət 12 minlik qəsəbə idi, indi artıq şəhər olub. Ona görə də bu böyük məsələdir. Bu bizim xalqımızın gözlədiyi bir gündür və bunu alqışlamaq lazımdır”.
A.Şərifov hələlik beynəlxalq təşkilatlara köməklik göstərilməsi üçün müraciət etmədiklərini qeyd edib:
"Bu, Böyük Qayıdışın başlanğıcıdır. İnşallah, böyük miqyasda olanda biz lazım olan bütün addımları atacağıq. Biz bunların hamısını hesablamışıq. Cənab Prezidentimiz də icazə verməz ki, buna görə kiməsə müraciət edək, kimdənsə üç manat, beş manat alaq. Buna ehtiyac yoxdur. Bu, birincidir və inşallah davam edəcək”.






Fikirlər