Son günlər ölkədə müşahidə olunan qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar təcili tibbi yardıma müraciətlərin sayında artım qeydə alınmayıb.
Bunu Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib. Bildirib ki, bu günlərdə ümumi qaydada Bakı şəhəri üzrə təqribən 1800-2000 arası çağırışlar olub.
Rauf Nağıyev qeyd edib ki, hava şəraiti ilə əlaqədar olaraq son 2-3 gün ərzində 9 nəfər sürüşüb yıxılaraq travma alıb: "Onların 6 nəfəri Travmatologiya İnstitutuna yerləşdirilib. Hamısı yollarda yıxılıb travma alanlardır”.
Baş həkim vurğulayıb ki, hava şəraiti ilə bağlı olaraq çağırışların sayında elə də dəyişiklik yoxdur: "Müraciətlərin 50 faizi bizə aid olan çağırışlardır. İnsanlar başa düşür ki, hava şəraiti ilə bağlı əsassız müraciətlər bizə aid deyil. Ona görə də 2-3 gün olar ki, insanlar əsassız müraciətləri nisbətən azaldıblar”.