“Qadınlar olan yerdə xeyir-bərəkət var...” - “Yeni Müsavat”da 8 Mart BAYRAMI

Rauf Arifoğlu:Xanımlar olmayan yerdə nə gözəllik var, nə səliqə-səhman, nə çəki-düzən var

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə “Yeni Müsavat”ın redaksiyasında ənənəvi qutlama tədbiri təşkil edildi. 8 Mart iş günü olmadığı üçün bayramın qeyd edilməsi bir gün öncəyə - martın 7-nə təyin edilmişdi. Redaksiyanın hər bir xanım əməkdaşı üçün öncədən alınan güllər, daha bir hədiyyə və çay süfrəsi öz sahiblərini gözləyirdi. Təbrik nitqini isə ənənəvi olaraq media qrupumuzun rəhbəri Rauf Arifoğlu söylədi.

Rauf Arifoğlu qeyd etdi ki, 8 Mart məhz xanımların günüdür. “Xanımlar heç zaman diqqətdən kənarda qalmırlar, amma məhz 8 Mart qadınlar günündə onlar xüsusilə yada salınır, məhz onların günü xüsusi qeyd edilir”.

“Yeni Müsavat” media qrupunda çalışan bütün xanımları və onların timsalında bütün Azərbaycan xanımlarını təbrik edən R.Arifoğlu bildirdi ki, qadınlar Allahın ən sevimli varlıqlarıdır: “Xanımlar olmayan yerdə nə xeyir-bərəkət var, nə gözəllik var, nə səliqə-səhman var, nə çəki-düzən var: Əziz xanımlar, yaxşı ki, varsınız, yaxşı ki, bizimləsiniz. Zəhmətiniz, dözümünüz ölçüyə gəlməzdir. Biz Azərbaycanımızın hər halını görmüşük-müharibəsini, çətin dövrünü, sovet dövrünü, indiki zamanı. Hər zamanda xanımlar bizim arxa-dayağımız, ölkəmizin arxa-dayağı olublar. Əsgər, alim, qəzetçi, jurnalist yetişdirən xanımlardır. Sizlərdən ailəli olanlara ailə səadəti, subaylara səadət dolu ailə sahibi olmaları arzu edirəm. Sizin timsalınızda bütün xanımlara xoşbəxtlik arzulayıram”.

Sonra xanımları “Yeni Müsavat” media qrupunun baş direktoru Ələsgər Süleymanov təbrik etdi, zarafatla “Əziz xanımlar, sizin hesabınıza sabah biz də istirahət edirik” dedi. Daha sonra musavat.com saytının baş redaktoru Xalid Kazımlı da xanımları və onların bəzilərinin evində olan qız övladları da təbrik etdi.

Onu da qeyd edək ki, “Yeni Müsavat” media qrupunun məhz iki xanım əməkdaşı Sevinc Telmanqızı ABŞ səfərindən, Gülnar Süleymanova isə Macarıstan səfərindən gəlmişdilər . Hər ikisi 8 Mart qutlamasının gedişində gəldilər və onlara ünvanlanmış təbriklərlə yanaşı, bayram hədiyyələrini də qəbul etdilər.

Təbriklərdən sonra Rauf Arifoğlu xanımlara gül və hədiyyələr təqdim edərək bir daha onlara xoş arzularını çatdırdı.

Təbrikə redaksiyanın digər kişi əməkdaşları da qoşuldu.

Beləcə, ənənəvi 8 Mart tortu kəsildi, çay süfrəsi ətrafında daha bir bayram təbriki yekunlaşdı.

Bayramınız mübarək, əziz xanımlar....

 






Fikirlər