Kikboksçumuz dünya kubokunun qalibi oldu - Adil Əliyevin üç hədəfi... / FOTO

Mayın 18-dən 22-nə kimi Macarıstanda WAKO-nun təqvim planına uyğun olaraq dünya kuboku uğrunda kikboksinq yarışları keçirilib. Yarışda Azərbaycan Kikboksinq Federasiyasını təmsil edən idmançılar öz güclərini sınayaraq uğurlu nəticələr əldə edərək vətənə dönüblər. 

BakuPost.az  xəbər verir ki, bu münasibətlə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev ölkəmizi təmsil edən idmançılarla görüş keçirib. Görüşdə federasiyanın vitse-prezidentləri Güloğlan Cabbarov, Kamal Axundov, idarə heyətinin üzvləri və bir qrup media nümayəndəsi iştirak edib.
Adil Əliyev  çıxışında ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan söz açıb. Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını deyən federasiya prezidenti təmsilçilərimizin ən mötəbər yarışlardan vətənə yüksək əyarlı medallarla döndüklərini qeyd edib. Bildirib ki, bugünkü görüşdə iştirak edən kikboksçularımızın əldə etdikləri nailiyyət bunun əyani sübutudur. 
 
 
Yarış haqqında ümumi məlumat verən AKF-nin vitse-prezidenti Güloğlan Cabbarov qeyd edib ki, Macarıstanın paytaxtında keçirilən kikboksinq üzrə dünya kuboku uğrunda yarışda kikboksinq üzrə yığma komandanın idmançısı Ruslan Musayev 67 kq çəki dərəcəsində yarımfinalda ukraynalı kikboksçu Sabar Yaraslovu məğlub edərək finala yüksəlib və daha sonra o final qarşılaşmasında bolqarıstanlı Dimtar Pençevə qalib gələrək birinciliyə adını yazdırıb: "48 kq çəki dərəcəsində İmanov Məhəmməd 2-ci yerə, 63,5 kq çəkidə Teymurov Zəkulla, 67 kq çəkidə Ağamahmud Siracov 3-cü yerə layiq görülüblər. Veteranlar arasında isə yarışda Daxili İşlər Nazirliyi İdman cəmiyyətinin kikboksinq üzrə baş məqçisi,əməkdar məşqçi Hakim Hacıyev bürünc medal qazanıb”. 
Daha sonra gələcək yarışlar haqqında müzakirə aparılıb. 
 
 Federasiya rəhbəri Adil Əliyev deyib ki, qarşıda çox mötəbər yarışlar var və bu yarışlarda iştirak etmək üçün idmançılar ciddi hazırlaşmalıdırlar: "Dünya kubokunda iştirak etmək çox yaxşı təcrübədi. Bu yarışa bizim federasiya kiçik heyətlə qatılmışdı. Ona görə də nəticəni müsbət qiymətləndirirəm. Hesab edirəm bu çox böyük uğurdu, yaxşı təcrübədi. İndi idmançılarımız növbəti yarışlara hazırlaşmalıdır”.
Millət vəkili daha sonra hədəflərindən söz açıb. Bildirib ki, kikboksun inkişafı, ümumiyyətlə Azərbaycanda idmana marağı artırmaq üçün az qala hər ay böyük yarışlar təşkil edirlər: "Cənab Prezident dəfələrlə qeyd edib ki, idmanda kütləviliyi təmin etmək lazımdır. Məhz onun diqqəti, qayğısı ilə biz bu missiyanı həyata keçiririk. Bizim bu kütləviliyi təmin etməyimizdə üç əsas hədəfimiz var.
Birinci hədəfimiz kütləviliyi təmin etməklə gənclərimizi sağlam yetişdirmək, onları narkamaniyaya, digər pis vərdişlərə yoluxmaq riskindən qorumaqdır. Biz orta məktəblərdə kikboks klublarını açmaqla gənclərimizin boş vaxtını idmana sərf etməsinə çalışmışıq. Onlar üçün lazımı şərait yaradılmalıdır ki, klublara, idmana maraqları olsun.
 İkinci hədəfimiz ondan ibarətdir ki, kütləvilik təmin olunarsa, gənclərimiz idmançı, fiziki cəhətdən möhkəm olarsa, ordu sırlarımız da idmançılarıla zəngin olar. Bu  günün şagirdləri sabahın əsgərləridir. Əgər biz məktəblərdə idmançılar yetişdirəcəyiksə, deməli, sabah orduya da idmançı, cəngavərlər göndərəcəyik. Hər an müharibəyə hazır olan ölkəmizin ordusunun fiziki və mənəvi cəhətdən möhkəm, döyüşməyə hazır gənclərin təşkil etməsi mənim ən böyük arzumdur.
 Üçüncü hədəfimiz isə idmançılarımızın məşhur idman yarışmalarına qatılmalarıdır. Bəzi yarışlar var ki, orada bizim idmançılarımz indi-indi görünməyə başlayıb. Amma ermənilər həmişə belə yarışlara qatılırlar. İstərəm ki, bizim də idmançılarımız bu yarışlarda iştirak etsinlər, öz potensiallarını nümayiş etdirib, güclərini göstərsinlər. Qoy bizim düşmənlərimiz hər yerdə Azərbaycan gücünü hiss eləsinlər. Bu sahədə də bizlə təkbətək üz-üzə gəlmələrindən qorxsunlar. Gələ bilsələr, məğlubiyyətlərinin şahidi olsunlar. Mən gənclərimizə, idmançılarımız inanıram. Azərbaycan idmançıları bizim üzümüzü ağ edirlər. Ölkəmizdə təşkil olan istər Avropa Oyunları, istərsə də İslam Həmrəyliyi Oyunları bu sahəyə çox ciddi maraq yaradıb. İdmanla məşğul olmaq istəyən gənclərimizin sayı günü-gündən artır. Biz də bu marağı qiymətləndirməli, onları düzgün istiqamıləndirməliyik...”
 






Fikirlər