Deputatlar üçün etik QAYDALAR – 55 manatdan bahalı hədiyyə RÜŞVƏT SAYILACAQ

rUS1497883835

Azərbaycanda deputat xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan, yaxud onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən, eləcə də bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz.

Modern.az-ın məlumatına görə, bu qeydlər yeni hazırlanan “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsində əksini tapıb.

Layihədə qeyd olunub ki, bu qayda qonaqpərvərliklə bağlı və dəyəri “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda nəzərdə tutulmuş məbləğdən (55 manat) yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.

Deputat hədiyyənin qəbul edilməsi ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə Milli Məclisinin İntizam Komissiyasının rəyini öyrənməli və ona uyğun davranmalıdır.

Layihədə həmçinin qeyd edilib ki, deputat vəzifəsini icra edərkən qərəzsiz olmalı, vəzifələrinin icrası zamanı irqinə, etnik mənsubiyyətinə , dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, dinə münasibətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə, yaxud belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməlidir. (2 maddə 8.1 və 8.2 birləşdirilib).

Həmçinin, 13.2.1-13.2.6-cı maddələr qanun layihəsindən çıxarılıb.

Qeyd edək ki, “Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” parlamentin mayın 2-də keçirilən iclasında müzakirəyə çıxarılıb və birinci oxunuşda qəbul edilib.

 






Fikirlər