Ucuz qiymətə əla istirahət - Azərbaycanda yeni xidmət növü / FOTO

Harada dincəlmək olar? – məşhur filmin bu məşhur sualı yayda temperatur 40 dərəcəni keçəndə xüsusilə aktuallaşır. İstilərdən qaçmaq istəyəndə dağ havası, bulaq suyu, ağac kölgəsi axtarırsan ki, onu da ancaq harda tapmaq olar? –təbii ki, kənddə-kəsəkdə.

İstilər özünü hələ təzə-təzə göstərməyə başlasa da, yay məzuniyyətinin başlaması ilə bütün nəzərlər istirahət üçün edilən təkliflərə yönəlib. Telefonlara gələn xarici ölkə və Azərbaycan rayonlarına təşkil edilən turreklamlarından da artıq gözlərimiz yorulub. Bəzilərimiz həddən artıq baha olan qiymətlərə baxıb köks ötürməkdən, bəzilərimiz də gördüyümüz yerlərə dönə-dönə getməkdən bezib. Artıq cibinə uyğun və gözünə xoş görünən yeni təkliflərlə maraqlananlar üçün xoş xəbər var. Bu yayın istirahət trendi çadırlar, brendi də ki, CampAct Clubdur (Camping Activity Club).

 Fəal istirahətdən peşəkar fəaliyyətə

 Söz vaxtına çəkər, 2015-ci ilin elə bu günü, iyulun 29-da yaranan klub ekstremal şərait həvəskarlarının təxəyyülünün məhsulu olaraq alternativ turizmə çevrilib. Təbiətin hər halınısevən 3 dost əvvəlcə tanış-bilişlə turizmin bu növünü sınaqdan çıxarıb. Ötən ildən isə bütün ölkə daxilində kempinq istirahətini təşkil edən, pərakəndə və korporativ müştərilərə təbiətdə gəzinti, istirahət və "outdoor” (çöl) təlim turlarının təşkili xidmətini həyata keçirən peşəkar kempinq klubuna çevriliblər.

Son illərdə ölkəmizdə turizm sahəsinə göstərilən diqqət və bunun məntiqi nəticəsi olaraq ölkəyə gələn turistlərin sayındakı artım yeni və alternativ turizm xidmətlərinin ortaya çıxmasını labüd edir. Klubun əsas missiyası insanların asudə vaxtını faydalı təşkil edib, onlara təbiət ilə sağlam təmasda olmağı, təbii şəraitdə yaşamağı bacarmağı və ətraf mühiti məişət tullantıları ilə çirklənmədən qorumağı təbliğ etməkdir. Əbəs yerə klubun şüarı olaraq "Təbiət evimizdir” seçilməyib.
CampAct Club ötən müddət ərzində Azərbaycanın bir sıra dilbər guşələrində düşərgələr salıblar. İddiaları isə böyükdür.Azərbaycanda kempinq istirahətinin və mədəniyyətinin inkişafında fəal iştirak etməklə kifayətlənməyəcəklər. Kempinqi təbliğ etməklə vətəndaşlarımızın istirahət vərdişlərini dəyişmək niyyətindədirlər. Ekoturlara marağı artırmaq, ölkəmizin kempinq turizm potensialını xarici turistlərə təbliğ etmək, Azərbaycanda Kempinq xidməti göstərən qabaqcıl kluba çevrilmək istəyirlər.

 

Dördündən birini seç, təbiətdən zövq al

 Klub hal-hazırda 4 paket təklif edir:

Öz çadır və avadanlıqlarınızla gəlib 10 AZN ödəməklə CampAct Club-un düşərgəsi ərazisində dincələ bilərsiniz. Klubun bütün yaşam avadanlıqlarından (çadır, döşək, yuxu torbası, fənər, stul, manqal, samovar) 20 AZN ödəməklə istifadə edə bilərsiniz. Bütün avadanlıqlardan (çadır, döşək, yuxu torbası, fənər, stul, manqal, samovar) istifadə etməklə bərabər 25 manata səhər yeməyi, yaxud 50 AZN-ə gündə 3 dəfə yeməklə təmin oluna bilərsiniz.

Sizə təklifimiz var

İdeya müəlliflərindən olan Xəyal Məmmədxanlı "Bakıpost”a bildirib ki, ötən il 250yə yaxın iştirakçıya kempinq xidməti göstərilib: " Keçən il aprelin 16-dan başladıq, sentyabrın 20-nə qədər 4 ay ərzində xidmət göstərdik. Ayda 2-3 tur təşkil etdik. Bu ilə daha ciddi biznes planla girdik. Ötən mövsüm bitən kimi bu biznesə ciddi sərmayə buraxdıq. Çatışmayan avadanlıqları aldıq, veb səhifə yaratdıq, sosial şəbəkədə reklamlarımız getdi, "brand book” və loqomuzu hazırladıq. Bu il daha peşəkar, hətta ötən ilkindən fərqli konsepsiya ilə işə başladıq. Məsələn, ötən il turlarımızı sadəcə istirahət günləri təşkil edirdik. Bu il isə insanların qrafikindən asılı olaraq xidmət göstərə bilirik. İyuldan insanları dəniz daha çox cəlb etdiyindən Nabranda düşərgə salmışıq. Bura dəniz turizmi üçün də cazibədar bir yerdir. Daha sonra isə, yəni avqustda düşərgəmiz ölkənin digər tərəfinə, şimal-qərbə istiqamətlənəcək. Şamaxı, Qəbələ, İsmayıllı bölgəsində dincəlmək istəyənlər üçün maraqlı təkliflərimiz olacaq”. 

Məsələ pulda deyil...

X.Məmmədxanlkının fikrincə, kampın üstünlüyü heç də onun ucuz olmasıyla bağlı deyil: "Təbiətlə iç-içə olmaq istəyənlərin arzusunu gerçəkləşdiririk. Şüarımız da belədir: "Təbiət evimizdir”. 

X.Məmmədxanlı hesab edir ki, ötən il insanları ən çox təbiətin səsini eşitmək cəlb edib: "Oteldə şəlalənin səsini eşidib yuxuya gedə bilməzsiniz. Ulduzları seyr edə-edə yuxuya gedə bilməzsiniz. Çayın şırıltısı və s. ancaq kampda duymaq olur. Bunlar bir zövq məsələsidir. Ucuzluğuna baxmayaraq, kampı seçənlər məhz bu amilə görə deyil, təbiətdən zövq almaq üçün seçirlər. Bizim müştəri kateqoriyası kampı ucuzluq meyarına görə yox, təbiətə üstünlük verdikləri üçün seçirlər.Otun qoxusunu, ağacın xışıltısını sevdikləri üçün bizi seçirlər”.

Klubun yazılmamış bir missiyası da var. Onlar təmizliyə önəm verir: " Bunu qonaqlarımıza da təbliğ edirik. Onlara təbiətə ziyan vurmadan ondan yararlanmağı öyrədirik.  Hətta getdiyimiz yerdə meşə çirklidirsə, sosial məsuliyyət olaraq həmin yeri təmizləyirik. İştirakçılarımıza da təbiəti qorumaq və sevməyi aşılayırıq. İnsan yaranandan təbiətlə iç-içədir. İnsan təbiətdən özünə lazım lanı ona ziyan vurmadan almağı öyrənməlidir. Biz də bu fəlsəfə ilə işləyirik.  Düşərgəmiz köçəndə ərazini elə təmizləyirik ki,orada düşərgədən iz də qalmır”.

 

 

Yerlər məhdud, istirahət rahatdır

Kamp təsisçisi eyni vaxtda 30 cütlük üçün avadanlığa sahib olduqlarını, tamamilə rahatlıq üçün isə eyni vaxtda 30 nəfəri yerləşdirmək imkanına malik olduqlarını deyib: "Elanlarımızda da vurğulayırıq ki, əvvəlcədən məlumat versinlər. Çünki yerlərimiz məhduddur.Klubda istirahət isə kifayət qədər rahatdır. Odur ki, arzulayanlar sosial şəbəkələrdəki hesablarından və veb saytından əlaqə saxlaya, istirahət etmək üçün vaxt müəyyənləşdirə və onlayn qaydada ödəmə həyata keçirməklə düşərgədə qala bilər”.

X.Məmmədxanlı onu da qeyd edib ki, zaman keçdikcə özləri də bu sahədə püxtələşir, yeni-yeni fikilər, ideyalar, layihələr doğur: "Ayrı-ayrı sektordan olan şirkətlərin istirahətini təmin etdik.  Ailəliklə iştirak edən işçilərə istirahətlə yanaşı necə ünsiyyət qurmaq, kollektivdə münasibətlərlə bağlı təlim keçdik. Sonradan şirkətlərdə apardığımız sorğu göstərdi ki, həmin istirahətin keyfiyyətindən razə qalıblar. "Outdoor treyninq ” deyilən istirahət növləri var. Hətta partnyor şirkətlərdən kampda dil kursları təşkil etməyi təklif edənlər də var. Çöl şəraitində danışıq dili öyrənmək istəynlərə də bu şəraiti yaradırıq. Bunlardan başqa, ovçular onları müşayiət etməyimizi, ovdan qayıdıb dincələ biləcəkləri düşərgə qurmağımızı təklif edib. Ərəb turistlərdən istək gəlib. Azərbaycanın görməli yerlərində onlar üçün də düşərgə qurmuşuq. Gələcəkdə ayrı-ayrı seqmentlər – müəllimlər, tələbələr, hətta şagirdlər üçün maraqlı yaz-yay kampları təşkil edə bilərik. İstədikləri vaxt onlara təlim, tərbiyə, istirahət və s-lə əhatə olunan proqram təklif etmək iqtidarındayıq”.

İstirahətlə bağlı yeni ideyanız varsa...

"Yeni başlamışıq və bütün ideyalara açığıq”, - deyən təşkilatçı qeyd edib ki, istənilən ideyanı müştərilərin təhlükəsizliyinə xələl gəlmirsə, sağlamlığı ilə bağlı risk ortaya çıxmırsa, reallaşdırmağa hazırdırlar: "Buradakı düşərgəni pozmadan arziya uyğun olaraq istənilən yerdə əlavə imkanlar hesabına düşərgə qura bilərik”.






Fikirlər