Qaçan məhbuslara görə nazirlikdə iclas - İşdən çıxarılan və HƏBS edilənlərin SAYI AÇIQLANDI

Bu gün Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib.

AzerTaym.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, kollegiyada oktyabrın 23-də müşayiət zamanı vaqondan iki təqsirləndirilən şəxsin qaçması ilə bağlı məlumat dinlənilib, baş vermiş fövqəladə hadisə ilə əlaqədar aparılmış xidməti yoxlamanın ilkin nəticələri müzakirə edilib. 
Qeyd olunub ki, bununla bağlı Penitensiar xidmətin 21 rəhbər və məsul işçisi ciddi intizam məsuliyyətinə cəlb edilib, o cümlədən 15 nəfər ədliyyə orqanlarından xaric olunub və ya tutduğu vəzifədən azad edilib, 4 nəfər, o cümlədən Konvoy taborunun komandiri olmuş B.Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə cinayət məsuliyyətinə cəlb edilərək həbs olunub. Həmçinin, hadisənin fəsadlarının aradan qaldırılması üzrə görülmüş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində həbsdən qaçmış şəxslərdən biri tutularaq istintaq təcridxanasına qaytarılıb, digərinin axtarışı üzrə zəruri tədbirlər davam etdirilir.
Eyni zamanda, Penitensiar xidmətdə nizam-intizamın möhkəmləndirilməsi, qanunvericiliyin tələblərinə ciddi əməl edilməsi, əməliyyat-rejim və mühafizə tədbirlərinin gücləndirilməsi, tabe qurumların fəaliyyətinə təsirli nəzarətin təmin olunması, əməkdaşların məsuliyyət hissinin artırılması ilə bağlı konkret tapşırıqlar verilib.
Kollegiyada, həmçinin kadrlarla işin daha səmərəli qurulması məqsədilə Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli Qərarı ilə təsdiq edilmiş "Ədliyyə orqanları işçilərinin attestasiyası Qaydası"ndan irəli gələn vəzifələr müzakirə edilib.






Fikirlər