Bakıda dövlət tərəfindən vəzifəli şəxslərə verilən mənzillər ətrafında sensasion qalmaqal yaranıb. Məlum olub ki, binaların komendantları mənzil sahibləri ilə əlbir olub, vətəndaşlardan böyük məbləğlərdə dələduzluq yolu ilə pul alıblar.
Bir mənzil bəzən 10-15 adama satılıb, təxminən 5 milyon vəsait mənimsənilib. İşin maraqlı tərəfi odur ki, mənzilləri "dövriyyəyə” buraxılan şəxslərin hamısı vəzifə sahibləridir. Zərəçəkənlər iddia edir ki, bu məmurlar komendantlarla əlbir olublar.
BakuPost xəbər verir ki, qalmaqal Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) 1993-cü ildə tikintisinə başladığı, İsmayıl Qutqaşınlı 3 ünvanında yerləşən binaya görədir. Belə ki, BŞİH-in keçmiş rəhbəri Rafael Allahverdiyev həmin ildə tikintisinə başlanılan binadan qurumun işçilərinə mənzillər verilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncamla mənzillərin orderləri bir neçə şəxsə paylanılıb. Bu şəxslər arasında onun özünə yaxın olan şəxslər də olub. Lakin bina tam tikilib qurtarmayıb. Bina üçün ayrılan vəsait tükənibmi, yeyilibmi dəqiq bilinməsə də, yan-yana olan 2 binanın tikintisi biri 4-cü mərtəbədə, digəri isə 7-ci mərtəbədə dayandırılıb.
Daha sonra binanın tikintisi Mənzil Kooperativi tərəfindən davam etdirilib. Binanın tikintisi başa çatıb və 2000-ci illərdə buradakı mənzillərin satışına başlanılıb. Məsələlər də bundan sonra başlayıb...
2016-cı ildə 120 min manat verərək binadan ev alan Ramiz Kazımovun BakuPost-a verdiyi məlumata görə, buradakı BŞİH-in order verdiyi 10 mənzilin ətrafında böyük fırıldaqlar həyata keçirilib. Saxtakarlıq qurbanı olan vətəndaş bildirir ki, evi 2016-cı ildə alıb, tam təmir etdiyi mənzilində yaşadığı 2 ilə yaxın müddətdə heç kim onları narahat etməyib. Lakin ötən il bir nəfər əlində sənədləri ilə birlikdə gəlib qapını döyüb və mənzilin ona məxsus olduğunu deyib: "Biz 2016-cı ildə Mənzil Kooperativinin möhürü ilə, protokolla, maliyyə arayışı ilə, evin sahibinin notariusda təsdiqlənmiş ərizəsi ilə evi almışıq. Təmir etmişik. 2 ilə yaxın da yaşamışıq. Evin elektrik enerjisini, suyunu, bütün kommunal xidmətlərini öz adıma keçirmişəm və elə də ödəmişəm. Ailəmlə qanuni şəkildə də mənzilə qeydiyyata düşmüşəm. Lakin günlərin bir günü bir nəfər qapını döydü və ondan sonra işin üstü açıldı. Məlum oldu ki, bu ev məndən əvvəl 4 nəfərə satılıb. Lakin iş bununla da bitmir. Evin BŞİH tərəfindən order verilmiş sahibi də var: Rafael Allahverdiyevin o vaxt köməkçisi olmuş Mirəyyub Mirsultanov. M. Mirsulatnov ara qarışan vaxt orderi keçirib həyat yoldaşının adına. Yəni ev özünün yox, yoldaşının adınadır”.
R. Kazımov deyir ki, qonşuluğunda yaşayan 10-a yaxın ailə də eyni problemdən əziyyət çəkir: "Binada komendant işləyən 2 şəxs bu 10 evi təxminən 50-55 nəfərə satıb. 5 milyona yaxın pul yığıb. Bu işlərin üstü açılandan sonra isə 1 komendant həbs olunub, digəri isə Rusiyaya qaçmağa nail olub. Evlərin orderli sahibləri isə məhkəməyə müraciət edib. Evlərini istəyirlər. Amma adama deyərlər ki, ev 30 ilə yaxındır verilib, necə olub ki, bir dəfə gəlib evinizlə maraqlanmamısınız? Bu adamların evləri 5-10 nəfərə satılıb, evdə qeydiyyatıyla yaşayan ailələr var, amma bu BŞİH-in keçmiş işçiləri indi çıxıb ortaya və evə iddia irəli sürürlər”.
Zərərçəkən iddia edir ki, BŞİH-in sözügedən binadan ev almış vəzifəli şəxsləri komendantlarla əlbir olublar və evlərdən gələn pulları birgə yeyiblər: "Baxın, 2 binada ümumilikdə 110 mənzil var. Amma digər mənzillərlə bağlı heç bir problem yoxdur. Nə fırıldaq olubsa, bu 10 mənzillə bağlı olub. Komendantlar bu qədər özbaşınaydısa, elə digər mənzilləri də 5-10 nəfərə satardı. Amma cürət etmyiblər. Yəni evlərin sahibləri onlara bu cəsarəti verməyib. Digər 10 mənzilin sahibləri isə komendantlarla əlbir olublar. Düşünüblər ki, evi kimə satsalar da, orderli sahibləri bunlardır, əvvəl-axır iddia irəli sürüb alacaqlar. Yoxsa adam 30 il ərzində niyə bir dəfə də olsa öz evinə gəlib baxmasın? Bunlar mənzillərinin açarlarını veriblər komendanta, deyiblər nə istəyirsiniz edin, aramızda bölüşdürək. Hara fırladırsan fırlat, yenə də gəlib bu 1-ci şəxslə komendantın birgə işləməsini göstərir”.
R. Kazımov deyir ki, bina BŞİH-in balansında deyil və qurum bu binanı tanımır: "Bina Mənzil Kooperativi tərəfindən alındığı üçün BŞİH də bu binanı tanımır. Ona görə də mənzillərə "kupça” ala bilmirik, qaz çəkdirə bilmirik. Əgər BŞİH bu binanı tanımırsa, qurumun sabiq işçisinin orderi niyə hüquqi əsas kimi götürülür?”
İşlə bağlı məhkəməyə müraciət edilib. Məhkəmə isə mənzillərin orderli sahiblərinin tərəfindən çıxış edir: "Hakim deyir ki, sən 2016-cı ildə bu evə köçmüsən, ondan əvvəlki tarixlərdəki işi qaldıra bilməzsən. O necə olur ki? Bu nə hüquqdur anlamıram. Məhkəməni də "görüblər”, hakim də onların tərəfindədir. Evlərin orderli sahibləri deyir ki, komendant bizə evdə kirayənişin qaldığını bildiriblər. Ayba-ay da 1000 manat pul ödəyirdi bizə. Bəs elədirsə, bu adamlar niyə maraqlanmayıb ki, evində qalan kimdir? Axı biz evi çöldən də təmir etmişik. Təmiri də görmürdü bu adamlar?
Məhkəmədə deyirəm ki, əgər siz orderi almısınızsa, bu order üçün pul verilməliydi, o maliyyə arayışını göstərin. Deyir, qəbz yoxdur. Məhkəmə də əvvəlki işləri qaldırmğa imkan vermir, qərar çıxarır. Deyirəm, möhtərəm hakim, evi mənə satan adam burada yoxdur, möhür vuran adam yoxdur, onlar dindirilməyib. Siz necə olur ki, qərar çıxarırsınız? Heç nə demirlər. İş də beləcə qalıb...”
Zərərçəkənlər məsələ ilə bağlı aidiyyəti qurumlara müracət ediblər, lakin bir nəticə hasil olmayıb.