“Kişilər bir ömür qadınların BORCUNDAN çıxa bilmir” – “Yeni Müsavat”da 8 mart təbriki, FOTOLAR, VİDEO

8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı “Yeni Müsavat” Media Qrupunda kiçik mərasim təşkil olunub. Tədbirdə “Yeni Müsavat” qəzeti, müsavat.com, minval.az və minval.info saytlarının əməkdaşları iştirak ediblər.

“Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanov ölkədən kənarda olan baş redaktor Rauf Arifoğlunun təbrik və arzularını xanımlara çatdırıb.

“Yeni Müsavat” qəzetinin baş redaktor müavini Azər Ayxan kişilərin qadınların haqqını heç vaxt qaytara bilməyəcəyini deyib: “Biz sizlərin haqqınızı heç zaman qaytara bilmərik. Həm iş yoldaşı olaraq, həm dost, həmkar, həm də ana olaraq. Bizim ilk vətənimiz anamızın bətnidir, anamızın özüdür. Ona görə də vətəni ana ilə müqayisə edirlər. Vətən haqqı kimi ana haqqı da qaytarılması heç vaxt mümkün olmayan bir dəyərdir. Qadınların bayramı ildə bir dəfə 8 Martla keçirilir. Amma ilin bütün günləri sizin olsun, sizinlə olsun. Biz sizsiz heç bir şey edə bilmərik. “Yeni Müsavat”ın ən cəsarətli yazılarını qadınlarımızı kişi yazarlarımız qədər ürəklə qələmə alırlar. İqtisadiyyat kimi mürəkkəb bir sahə iki xanım əməkdaşın çiyinlərindədir”.

A.Ayxan bildirib ki, qadın əməyi maddi olaraq nə qədər yüksək qiymətləndirilsə belə, onun dəyərini ödəmir: “Görünür, Allah-təala belə yaradıb ki, biz kişilər ömür boyu sizə borclu qalırıq. Bir daha Sizi, sizin timsalınızda bütün dünya qadınlarını təbrik edirəm”.

Musavat.com saytının veb redaktoru Xalid Kazımlı hər bir kişinin həyatında 4 yaxın qadının olduğunu deyib: “Anadır, bacıdır, övladdır və sevgili-xanımdır. Bu dörd qadın kişilərin həyatında əsas yer tutur. İş yoldaşları isə ana ilə bacının aralığında bir yerdədir. Sizin hamınız bizim bacımız, həmkarımızdır. Təbrik edirəm hər birinizi, bütün qadınları”.

Minval.az saytının əməkdaşı Yanina Mədətova qadınlar adından arzulara və təbriklərə görə təşəkkürlərini çatdırıb: “Nə yaxşı ki, siz kişilər varsınız. Bizə dəyər verib, günümüzü qeyd etdiyinizə görə təşəkkür edirik”.

Daha sonra xanım əməkdaşlara hədiyyə və gül təqdim olunub.

 






Fikirlər