DÜNYANIN APARICI ŞİRKƏTLƏRİNİN RƏHBƏRLƏRİ BAKIya gəlir - FOTO
Bu il Xəzər regionunda enerji sektorunun ən böyük tədbiri - Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” sərgi və konfransı öz 25 illik yubileyini qeyd edir. Sərgi 29 may - 1 iyun tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək. Hər il keçirilən “Caspian Oil and Gas”, əsas neft-qaz layihələrinin müzakirəsi, həmçinin neft və qaz hasilatı, emalı, nəqliyyat, logistika və xidmət sahələrində qabaqcıl texnologiyaları nümayiş etdirmək üçün ən yüksək səviyyəli rəhbər və mütəxəssisləri bir araya gətirir. Bu il konfransda aparıcı şirkətlərin 500-dən çox ali rəhbərləri, eləcə də sənaye nazirliklərinin nümayəndələri və nüfuzlu sənaye mütəxəssisləri bir arada toplaşacaq və neft-qaz sənayesinin inkişafı üzrə aktual məsələlər xüsusunda fikir mübadiləsi aparacaqlar. Sərginin işgüzar proqramını müşayiət edən və mayın 30-31-də keçiriləcək Beynəlxalq “Caspian Oil & Gas” konfransı builki tədbirin mühüm bir hissəsini təşkil edir. Regionda neft-qaz sənayesinin əsas tədbiri olan konfrans, hər il Xəzəryanı regionun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədi ilə ən yüksək səviyyəli rəhbər işçilərini bir araya gətirir.
Konfransda “Neft və qaz sənayesində qlobal və iqtisadi perspektivlər - neftin qiyməti və böhran şəraitində mövcud olan imkanlar”, “Son 25 ildə Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən neft-qaz əməliyyatları: keçmişi, bu günü və gələcəyi. Azərbaycan neft və qaz sənayesi üçün yeni impuls”, “Neft və qaz layihələrinin maliyyələşdirilməsi və yatırılan investisiyalar müqabilində xalis gəlirin təmin edilməsi - iddialar və imkanlar”, “Yerli geoloji kəşfiyyatda əldə olunan yeniliklər, perspektivlər”, “Hasilatda olan yeniliklər”, “Energetika təhlükəsizliyi”, “Neft qaz elmində olan yeniliklər, beynəlxalq əməkdaşlıq”, “Xəzəryanı layihələr üzrə yeni imkanlar”, “Xəzər regionu üzrə Azərbaycanın güclü tərəfləri: dəmir yolu, dəniz nəqliyyatı və magistral boru kəməri”, “Ekoloji və sənaye təhlükəsizliyi sahəsində qabaqcıl texnologiyalar. Konkret faktların təhlili”, “Neft emalı və neft-kimya sənayesinin perspektivləri. Cari vəziyyət və gələcək perspektivlər”, “Neft emalı və neft-kimya sənayesi üçün texniki xidmət əməliyyatlarının əhəmiyyəti. Konkret faktların təhlili”, “İnqilabi dəyişiklər. İnnovativ rəqəmsal texnologiyaların sənayeyə olan təsiri” adlı mövzular müzakirə olunacaq. Konfransın sponsorları SOCAR, BP, “Petronas”, “Statiol”, “Inpex”, “McDermott”, EGS, EY, “Dentons”, “Lamor Corporation”, “Nobel Upstream”, SOCAR AQS, “Total”, “Turkish Petroleum” şirkətləridir.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, indiyədək keçirilmiş 25 neft-qaz sərgisinin 24-də iştirak edib:“Sərgi - şirkətlərin məhsullarının və eksponatlarının nümayiş olunduğu bir məkandır. Xaricdə 125 ildir ənənəvi avtomobil sərgiləri keçirilir, bir il az, o biri il çox, digər il daha az şirkət gəlir. Ancaq sərginin əhəmiyyəti bununla ölçülmür. Əsas meyarı bir müstəvidir ki, orada həmin sahənin adamları toplaşır. O sərgi əhəmiyyətli sayılır ki, orada yeniliklər haqda məlumatlar verilir və ya şirkətlər bazara öz yeni mallarını təklif edirlər. İstər Kaliforniyada olsun, istər Afrikada - məzmun eynidir”. Mütəxəssisin dediyinə görə, Xəzəryanı ölkələrin hamısında illik ənənəvi neft-qaz sərgi-konfransları keçirilir:“Azərbaycanda keçirilən sərgi xüsusilə maraqlı olur, əsasən də konfrans hissəsi. Çünki Xəzərin istər neft, istərsə də qaz yataqlarının istər sovet zamanı, istərsə də müasir dövrdə işlənməsi məhz Azərbaycanla bağlıdır. Buraya ən çox investisiya qoyulur, burada ən mürəkkəb texnologiyalar tətbiq edilir, burada ən unikal tikinti-mühəndis layihələrinin icrasına rast gəlmək olar. Bu isə hamını cəlb edir. Mən fikir vermişəm, Rusiya kimi neft-qaz ölkəsinin şirkətləri necə maraqla bizim sərgilərdə iştirak edirlər. Çünki Azərbaycanda olan bir sıra yeniliklər onlarda hələ tətbiq edilməyib. Necə deyərlər gör-götür dünyasıdır”. Onu da qeyd edək ki, yubiley sərgisində 38 ölkədən 312 neft-qaz şirkəti iştirak edəcək. Belarus, İtaliya və Rusiya tədbirdə milli qruplarla təmsil olunurlar. Builki sərginin tərkibi tədbir iştirakçılarının 20 faizini təşkil edən yeni şirkətlər sayəsində daha da genişlənib. Həmçinin sərgi iştirakçılarının 30 faizini təşkil edən yerli şirkətlər arasında da debütantlar var. (“Yeni Müsavat”) Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas” sərgi və konfransı öz 25 illik yubileyini qeyd edir