Sabiq nazir ƏLİ ABBASOV YENİDƏN ÖNƏ KEÇMƏK İSTƏYİR...
Barələrində məhkəmə hökmü çıxarılan keçmiş vəzifəli şəxslərlə yanaşı, hazırda azadlıqda olan və elm sahəsində çalışan sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun da dövlətə vurduğu zərərin ödənilməsi ilə bağlı fikirlər səslənir.
İddia olunur ki, Əli Abbasov nazir olduğu müddətdə dövlətə vurulmuş ziyana görə istintaq dövründə 50 milyon manat ödəyib. Bu barədə “AzPolitika”ya mötəbər mənbə bildirib.
Məlumata görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (bundan sonra Rabitə Nazirliyi –red.) sabiq Aparat rəhbəri Vidadi Zeynalov isə yalnız 36 milyon manat qaytarıb. Buna görə də Bakı Apellyasiya Məhkəməsində Zeynalovun həbs cəzası 9 il azaldılaraq, 13 ildən 4 ilə endirilib. V. Zeynalovdan azadlığa çıxması üçün mənimsədiyi ehtimal olunan bütün vəsaiti – 70 milyon manatı geri ödəməsi tələb olunur. V. Zeynalov bu qədər vəsaitin talanmasında iştirakını qəbul etməsə də, həmin pulu ödəmək üçün vaxt istəyib.
Qeyd edək ki, “Rabitə işi” üzrə təqsirləndirilən şəxslər mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə ittiham olunublar. İstintaq bu iş üzrə dəyən zərəri 153 milyon manat müəyyənləşdirib. Buna görə də, Rabitə Nazirliyinin bir çox rəhbər şəxslərinə qarşı ittihamlar irəli sürülsə də, nazirin məsuliyyətdən kənarda saxlanılması maraq doğururdu. Halbuki, ilkin məlumatlarda Rabitə Nazirliyində dövlət vəsaitlərinin talanmasında Ə. Abbasovun yaxınlarının birbaşa iştirakı haqda informasiyalar dövriyyəyə buraxılmışdı. Əli Abbasovun qayını Elçin İbrahimovun “Qafqaz-S İnşaat” MMC vasitəsilə Rabitə Nazirliyinin xətti ilə aparılan 250 milyon manatlıq tikinti işlərini gerçəkləşdirdiyi, bunun da böyük hissəsinin mənimsənildiyi iddia edilirdi. Elçin İbrahimov da istintaqa ifadəsində bəzi faktları təsdiqləmişdi. Ə. Abbasov isə iddiaları qəbul etməyib, sözügedən şirkətə hər hansı güzəşt olunmadığını bildirsə də, V. Zeynalov məhkəmədə demişdi ki, “Qafqaz S İnşaat” MMC-yə nazirin göstərişi ilə vəsaitlər göndərilib, bu işlərə özləri nəzarət edib:
“Nazir nə deyirdi, onu icra edirdik. Şişirdilmiş rəqəmlər də göndərilirdi. Nə qədər deyirdi, o qədər göndərirdik. Hər şey onlara aid idi”.
Bundan əlavə, sabiq nazir özünün şəxsi xərclərinə aylıq olaraq 200.000-300.000 manat vəsait xərclədiyini bildirməklə, dolaysı ilə dövlət vəsaitinin talanmasında iştirakını etiraf etmişdi. Buna baxmayaraq, istintaqın yekununda nə nazirə, nə də onun yaxınlarına qarşı konkret ittihamlar irəli sürülmədi.
Vidadi Zeynalovun vəkili Bəylər Məmişov bunun səbəbinə müəyyən qədər aydınlıq gətirmişdi. O, proseslərin birində Əli Abbasovun 7 milyon manat ödədiyini bildirmişdi:
“Əli Abbasov tərəfindən rəhbəri olduğu nazirlikdə törədilmiş qanunsuzluqlarla əlaqədar vurulmuş ziyan üzrə 3 milyon 800 min manat, 600 min avro, 1 milyon 200 min dollar olmaqla, 30.09.2016-cı ilin məzənnəsi ilə 6 milyon 836 min 540 min manat ödəniş aparılıb”.
Ancaq verilən məlumatlardan belə məlum olur ki, bu məbləğ dəfələrlə çox olub - Əli Abbasova 50 milyon ödədiblər.
Vidadi Zeynalova gəlincə, onunla bağl istintaq materiallarında bildirilirdi ki, qulluq mövqeyindən sui-istifadə edərək, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə, müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manatın nağdlaşdırılmaqla mənimsənilməsi və israfını təşkil etməsində şübhələr üçün əsaslar müəyyənləşib. Yəni, Zeynalov 73,5 milyon manatın mənimsənilməsində ittiham edilirdi.
Bununla belə, məhkəməyə göndərilən materiallarda istintaq orqanı V. Zeynalovun ümümi olaraq dövlətə 7 milyon 335 min manat ziyan vurduğunu hesablamışdı. Birinci məhkəmə instansiyasının qərarından əvvəl bunun 3 milyona qədərini ödəyən Zeynalovun işinə Apellyasiya Məhkəməsində baxılmazdan öncə dövlətə vurduğu ziyanı tam ödədiyinə dair məlumat yayıldı.
Məhz bunu nəzərə alan Apellyasiya Məhkəməsi Zeynalovun həbsini 13 ildən 4 ilə endirdi, həmçinin təxminən 50 milyon qiymətləndirilən 67 daşınmaz əmlakın üzərinə qoyulan həbsin götürüldüyü bildirildi.
Məlumata görə, V. Zeynalovun cəzasının birdən-birə bu qədər endirilməsinin və əmlakları üzərindən həbsin götürülməsinin səbəbi onun daha böyük vəsait qaytarması ilə bağlıdır.
Yuxarıda qeyd etdiyimiz kimi, sabiq Aparat rəhbərinin dövlətə vurduğu ziyana görə 36 milyon qaytardığı bildirilir. Ancaq ondan 70 milyon ödəmək tələb olunur. Əmlaklarının da üzərindən həbsin buna görə götürüldüyü, sataraq və ya girov qoyaraq dövlətə vurduğu ziyanı geri ödəməsinə şərait yaradıldığı bildirilir.
Qeyd edək ki, BTRİB-in sabiq rəhbəri Beytulla Hüseynov dövlətə vurduğu 10 milyon ziyanı tam ödədiyi halda, cəzasının daha az – 13 ildən 7 il 6 aya endirilməsi də, Vidadi Zeynalovun daha böyük ödənişlər etdiyini göstərir. Belə görünür ki, tələb olunan vəsaiti ödəyərsə V. Zeynalov azadlığa buraxılacaq.
Onu da qeyd edək ki, Azərbaycanda son vaxtlar cinayətlə məşğul olan, dövlətə 10 milyonlar, hətta 100 milyonlarla ziyan vuran şəxslərin bir müddət sonra taladıqlarının müəyyən hissəsini qaytararaq azadlığa çıxması praktikası geniş yayılmaqdadır. Bu da vəzifəli şəxslərə rahat şəkildə talançılıqla, cinayətlə məşğul olmaq imkanı verir. Yəni, “Tutulsam, yığdığımın bir hissini qaytarıb çıxacam”,- fikrini formlaşdırır.
Hazırda nə Əli Abbasov, nə də Vidadi Zeynalov dövlətə ödənilən vəsaitlə bağlı məlumatların yayılmasını istəmirlər. Bu barədə Reyting.az-ı bigiləndirən mənbənin sözlərinə görə, Ə. Abbasov elmi fəaliyyətlə kifayətlənmək istəmir və yenidən mühüm vəzifəyə gəlməyə çalışır. Bu məsələdə onun dəstəkləyəcək şəxslər də var.
Mənbəmiz deyib ki, əslində, Əli Abbasovun bu prosesdən az zərərlə çıxması onun üçün şansdır. “Doğrudur, nazir işlədiyi müddətdə yığdığı pulların xeyli hissəsini geri qaytarmaq məcburiyyətində qaldı. Amma ona qarşı münasibət o qədər də aqressiv deyil. Bu səbəbdən də onun yenidən karyera pillələrində qalxmasına imkanlar yarana bilər. Ancaq məhkəmə işi, eləcə də Vidadi Zeynalov və digərlərinin ifadələri Əli Abbasova mane olur. Mətbuatda barəsində mənfi yöndə yazıların yer alması da onun marağına ziddir. Bu səbəbdən də sabiq nazir narahat olmağa başlayıb. Çünki ona dəstək verən qüvvələr deyiblər ki, mümkün qədər əleyhinə yazıların verilməsinin qarşısını alsın. Yəqin bu səbəbdəndir ki, əvvəlkindən fərqli olaraq son vaxtlar barəsində yazılan tənqidi məqalələrə Ə. Abbasov darhal reaksiya verir”, – deyə mənbə bildirib.
Reyting.az