AHİK-də qaliblərin mükafatlandırılması MƏRASİMİ KEÇİRİLİB
İyunun 13-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının böyük akt zalında Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Təhsil nazirliyi ilə birgə təşkil etdiyi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş 3 tədbirin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. AHİK-dən "AzerTaym.az"-a verilən məlumatda bildirilir ki,mərasimdə ali, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbə və şagirdlərinin bədii-yaradıcılıq müsabiqəsi festivalının 30 nəfər qalibi, Bakı şəhəri üzrə təhsil müəssisələrinin müəllimləri arasında 5 idman növü üzrə idman yarışlarının 112 nəfər qalibi, respublika ümumtəhsil müəssisələrinin müəllimləri arasında şahmat idman növü üzrə yarışlarının 8 nəfər qalibi mükafatlandırılıb. Hər üç tədbirin qaliblərinə pul mükafatı, qiymətli hədiyyələr, diplom və Fəxri Fərmanlar, kubok və idman geyimləri təqdim edilib. Mükafatlandırma mərasimində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev qalibləri təbrik edərək bildirib ki, Ulu öndər Heydər Əliyevin 95-ci ildönümünə həsr edilmiş yarışların keçirilməsində əsas məqsəd tələbələrimizi mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltməklə asudə vaxtlarını daha səmərəli təşkil etmək olmuşdur. Müsabiqə-festivalın yekun konsertində 19 ali, 12 orta ixtisas, 11 peşə təhsili müəssisəsinin 200-dən artıq şagird və tələbələri iştirak etmişdir. Tələbələrimizin xüsusi maraq göstərdiyi müsabiqə-festivalın iştirakçıları arasından qalibləri Azərbaycan Respublikasının xalq artistləri, əməkdar mədəniyyət və incəsənət xadimlərindən ibarət peşəkar Münsiflər Heyəti seçmişdir. S.Möhbalıyev sözünə davam edərək deyib ki, bu gün Azərbaycan bütün sahələr üzrə davamlı inkişaf yolu keçir, Azərbaycanın mədəniyyəti, mənəvi dəyərləri bütün dünyaya təbliğ olunur. Heç şübhəsiz ki, bu inkişafın əsasında ümummilli lider Heydər Əliyevin ideyaları dayanır. Heydər Əliyev Azərbaycan mədəniyyətinin, incəsənətinin hər zaman himayədarı olmuşdur. O, mədəniyyətin və incəsənətin inkişafı ilə yanaşı tarix- mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin də qorunub saxlanmasına və təbliğinə diqqətlə yanaşırdı. Məhz onun müdrikliyi və uzaqgörənliyi nəticəsində Azərbaycan davamlı inkişafa nail olmuş və regionun lider dövlətinə çevrilmişdir. Bu gün bir qürur hissi ilə bildiririk ki, ulu öndərin Azərbaycanın gələcək inkişafı ilə bağlı arzularını onun layiqli davamçısı cənab Prezident İlham Əliyev uğurla davam etdirir. Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş siyasətin məntiqi nəticəsidir ki, Azərbaycan dünya ölkələrinin hesablaşdığı güclü dövlətə çevrilib. Son illərdə müstəqil Azərbaycan dövləti bütün sahələrdə əsaslı nailiyyətlər əldə etmiş və özünün müasir inkişaf dövrünü yaşayır. Ümummilli lider Heydər Əliyevin ideyalarının reallaşması işində bu gün ulu öndərin adını şərəflə daşıyan Heydər Əliyev Fondunun da böyük xidmətləri vardır. Milli-mənəvi dəyərlərimizə qayğı, onların qorunması və təbliğində Azərbaycanın birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın və Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın xidmətləri xüsusi qeyd edilməlidir. Fondun muğam sənətimizin inkişafına, Azərbaycan mədəniyyətinin dünyada tanınmasına, milli-mənəvi dəyərlərimizin təbliğinə həsr etdiyi davamlı tədbirlər olduqca əhəmiyyətlidir. S.Möhbalıyev daha sonra qeyd edib ki, bu gün həm də ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Bakı şəhərinin ümumtəhsil məktəblərinin müəllimləri arasında beş idman növü üzrə təşkil olunan yarışların və respublikanın ümumtəhsil müəssisələrinin müəllimləri arasında keçirilmiş şahmat yarışının qaliblərinin də mükafatlandırılması mərasimidir. Bakı şəhərinin ümumtəhsil məktəblərinin müəllimləri arasında beş idman növü üzrə təşkil olunan yarışlar Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Bakı şəhəri Üzrə Təhsil İdarəsinin birgə qərarı ilə keçirilmişdir. Bu yarışlarda Bakı şəhərinin ümumtəhsil müəssisələrindən minə yaxın müəllim idmanın voleybol, şahmat, dama, mini-futbol və stolüstü tennis növləri üzrə güclərini sınamışlar. Ümumtəhsil müəssisələrinin müəllimləri arasında şahmat yarışı isə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunmuşdur. Üç mərhələdən ibarət olan yarışın respublika turunda 75 müəllim iştirak etmişdir. Bu idman yarışları respublika və beynəlxalq dərəcəli hakimlərin rəhbərliyi ilə keçirilmiş, iştirakçıların göstərdiyi nəticələr obyektiv şəkildə qiymətləndirilmişdir. Danılmaz faktdır ki, bədən tərbiyəsi və idmanın inkişafına da Azərbaycanın ümummilli lideri Heydər Əliyev həmişə qayğı göstərmiş, mütəmadi olaraq onlarla görüşmüş, arzu və təkliflərini dinləmiş, idman obyektlərinin tikilib istifadəyə verilməsi, idmançıların əməyinin yüksək şəkildə qiymətləndirilməsi üçün mühüm addımlar atmışdır. Ümummilli lider tərəfindən əsası qoyulan və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən uğurlu idman siyasəti nəticəsində respublikamız dünya miqyaslı idman yarışlarına ev sahibliyi edir, Azərbaycan idmançıları bu gün dünyanın müxtəlif idman arenalarında üçrəngli bayrağımızı dalğalandırırlar. Sözünün yekununda AHİK sədri qeyd edib ki, həm bədii yaradıcılıq festivalı, həm də idman yarışları ATİAHİ Respublika Komitəsinin mədəniyyətimizin, incəsənətimizin, idmanımızın inkişafı, tələbə və müəllimlərimizin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı həyata keçirdiyi tədbirlərin tərkib hissəsidir. Biz həmkarlar ittifaqı olaraq bu tədbirləri gələcəkdə də davam etdirəcək, doğma Azərbaycanımızın həm iqtisadi sahədə, həm humanitar sahədə inkişafına öz töhfələrimizi verəcəyik. S.Möhbalıyev Ulu öndərin anadan olmasının 95 illiyi münasibətilə keçirilən bədii yaradıcılıq müsabiqə-festivalının və idman yarışlarının qaliblərini bir daha ürəkdən təbrik etmiş, gələcəkdə yeni-yeni uğurlar arzulamışdır.