KAMAL ABDULLA rus dili səfirləri ilə görüşüb

Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla A.S.Puşkin adına Rus dili Dövlət İnstitutunun Beynəlxalq könüllülük proqramı olan “Dünyada rus dili səfirləri” layihəsi çərçivəsində Azərbaycanda olan rusiyalı gənclərlə görüşüb.

Görüşdə rektor K.Abdulla qonaqları universitetdə görməkdən məmnunluğunu bildirib.

O, universitetdə tədris olunan bir çox dillər sırasında rus dilinin xüsusi əhəmiyyətini vurğulayıb. ADU-da bir çox dil və mədəniyyət mərkəzlərinin, elmi-tədqiqat laboratoriyalarının mövcud olduğunu deyən K.Abdulla Rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyasında həyata keçirilən layihələrdən, rusdilli ölkələrin ədəbiyyatı və mədəniyyəti ilə bağlı keçirilən tədbirlər, görüşlərdən, tələbələrlə aparılan işdən danışıb.

Multikulturalizmin Azərbaycanda dövlət siyasəti olduğunu deyən K.Abdulla Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) fəaliyyətindən söz açıb. O, “Azərbaycan multikulturalizmi” fənninin ölkəmizlə yanaşı, Almaniya, İtaliya, Portuqaliya, Rusiya, Gürcüstan və bir çox digər xarici ölkələrin universitetlərində də tədris olunduğunu qeyd edib. K.Abdulla ADU-da da Multikulturalizm mərkəzinin fəaliyyət göstərdiyini və mərkəzin gördüyü işləri qonaqların diqqətinə çatdırıb.

Kamal Abdulla, həmçinin universitetin bir çox xarici ölkə universitetləri ilə əməkdaşlıq etdiyini, beynəlxalq tədbirlər, konfrans, seminar, simpoziumlar təşkil olunduğunu söyləyərək Almaniyanın Vürsburq Universiteti ilə birgə keçirilən “Nibelunqlar nəğməsi” və “Kitabi Dədə Qorqud” dastanlarının müqayisəli şəkildə öyrənilməsinə həsr olunmuş simpoziumları xatırladıb.  “Dünyada rus dili səfirləri” layihəsinin ADU-da pilot olaraq ötən ildən həyata keçirildiyini deyən K.Abdulla Rusiya universitetləri ilə gələcək perspektivlər, birgə nəşrlər, mübadilə proqramları ilə bağlı fikirlərini söyləyib.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və  Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə cari ilin 27-28 sentyabr tarixlərində Bakıda keçirilmiş IX Azərbaycan-Rusiya Regionlararası Formunda iştirak edən rusiyalı gənclər ADU-da olmaqdan şad olduqlarını söyləyiblər. Səmimi qəbula görə təşəkkürlərini bildirən qonaqlar layihə haqqında danışıblar. Qonaqlar layihənin məqsədinin ölkələrarası dil və mədəniyyət sahəsində mübadiləni həyata keçirmək olduğunu söyləyiblər. Gənclər bildiriblər ki, layihə çərçivəsində rus dilinin öyrədilməsi üzrə innovativ təlimlərdə rus dili və mədəniyyətinin mənimsənilməsində yardım göstərəcəklər. 1-5 oktyabr tarixlərində ölkəmizdə olacaq rusiyalı gənclər, həmçinin buranın adət-ənənələri ilə tanış olacaqlarını diqqətə çatdırıblar.

BBMM-nin şöbə müdiri dosent İrina Kunina, Rusiyaşünaslıq ETL-nin rəhbəri professor Məmməd Əliyev rəhbərlik etdikləri strukturlar, Əlavə təhsil və təcrübə fakültəsinin dekanı Məmməd İsmayılov rusiyalı gənclər tərəfindən Nəsimi rayonu 164 saylı tam orta məktəbin I-V sinif şagirdləri üçün Fakültativ dərslərin təşkil ediləcəyi haqqında məlumat veriblər.

Görüş fikir mübadiləsi ilə yekunlaşıb.

  






Fikirlər