Əli Kərimli və 11 NƏFƏR barəsində məhkəmə hansı QƏRARI VERƏCƏK?

Əli Həsənov: “Polis qanunsuz aksiyanın qarşısını alıb”

Xəbər verildiyi kimi, noyabrın 17-də Şəhidlər Xiyabanında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və onun bir qrup tərəfdarı saxlanılıb. Virtualaz.org bildirir ki, bu barədə sosial şəbəkələrdə AXCP nümayəndələri məlumat veriblər .

Ə.Kərimli və onun tərəfdarları Milli Dirçəliş Günü ilə əlaqədar təntənəli yürüş edib və qəbirlərin üstünə güllər qoymaq üçün Şəhidlər Xiyabanına yollanıblar. Saxlanılanlar Səbayel Rayon Polis İdarəsinə aparılıblar. İnsident zamanı Milli Şuranın sədri Cəmil Həsənli də saxlanılıb. O, 4 saatdan sonra azadlığa buraxılıb. Milli Şura sədri sərbəst buraxıldıqdan dərhal sonra sosial şəbəkədə canlı yayıma çıxıb və baş verənlər haqda danışıb.

f0aac562-fe8b-41e7-b934-29db52350a80.jpg (54 KB)

Musavat.com -un müxbiri onun çıxışını dinləyib. Cəmil Həsənli deyib ki, saxlananlara və Əli Kərimliyə işgəncə verilməsi iddiaları yalandır: “Bizimlə nəzakətlə rəftar olunurdu və heç bir zorakılıq olmadı”.

C.Həsənli guya onun səhhətinin pisləşməsi dedi-qodularına da aydınlıq gətirib: “Mənim səhhətim yaxşıdır, mənə heç bir təcili yardım göstərilmədi. Bəlkə polis idarəsindəki başqalarına gəlib, amma bizə təcili yardım gəlməyib”. C.Həsənli ilə bərabər polislə qarşıdurma zamanı saxlanılan 52 nəfərdən 41-i müxtəlif saatlarda azad olunub. Yerdə qalan 11 nəfər olub ki, onlardan biri də AXCP sədridir.

Saxlanılanlar İnzibati Xətalar Məcəlləsinin 513.2-ci (“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə) maddəsi ilə ittiham olunub. Ə.Kərimliyə qarşı isə iki maddə irəli sürülüb.

O, İnzibati Xətalar Məcəlləsinin 513.2-ci və 513.1-ci (Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulmasına görə) maddələri ilə ittiham edilir.

Qeyd edək ki, bu maddələr üzrə ittiham olunan şəxslərin təqsiri məhkəmədə sübuta yetirilərsə, onları pul cəzası, ictimai işlərə cəlb etmə və ya 2 ay müddətinə inzibati həbs cəzası gözləyir.

Noyabrın 17-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbərliyi və üzvləri, həmçinin bəzi digər siyasi təşkilatların bir qrup fəalı Şəhidlər xiyabanında Milli Dirçəliş Günü ilə əlaqədar sanksiyalaşdırılmamış yürüş-mitinq keçirməyə cəhd göstərib. Məlum olduğu kimi, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş yerlərdə, o cümlədən rəsmi protokol tədbirlərinin təşkil olunduğu məkanlarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən sanksiyalaşdırılmamış hər hansı kütləvi tədbirin keçirilməsi qadağandır. Lakin qanunla qadağan olunmasına və müvafiq xəbərdarlığa baxmayaraq, yuxarıda qeyd olunmuş qurumların rəhbərlərinin təşkilatçılığı və bilavasitə iştirakı ilə bir qrup fəal Şəhidlər Xiyabanı ərazisinə keçməyə və siyasi aksiya keçirməyə cəhd göstərib.

Əli Həsənov ile ilgili görsel sonucu

Bu fikirləri Azərtac-a açıqlamasında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib. Prezidentin köməkçisi bildirib ki, aksiya iştirakçıları qanunsuz kütləvi tədbirin qarşısını almağa çalışan hüquq-mühafizə orqanları əməkdaşlarının tələblərinə məhəl qoymayıb, hətta polis işçilərinə müqavimət göstəriblər.

Nəticədə aksiya iştirakçılarından 52 nəfər saxlanılıb və Səbayel Rayon Polis İdarəsinə aparılıb. Məsələ araşdırıldıqdan sonra aksiya iştirakçılarının 41 nəfəri xəbərdarlıq olunmaqla sərbəst buraxılıb. Tədbirin təşkilatçıları və əsas fəalları olan 11 nəfər barəsində toplanılmış materialların baxılması üçün məhkəməyə təqdim olunması qərara alınıb.

“Təəssüflə bildirmək istərdim ki, bəzi yerli və xarici KİV-lərdə, o cümlədən sosial şəbəkələrdə məsələ ilə bağlı dəqiqləşdirilməmiş, qeyri-obyektiv və birtərəfli məlumat yayılıb, məsələ yanlış şəkildə insan hüquq və azadlıqlarının, o cümlədən sərbəst toplaşmaq, söz və məlumat azadlığının, fikir plüralizminin məhdudlaşdırılması kimi qələmə verilib. Bir daha təkrar edirəm ki, hüquq-mühafizə orqanları qanunun tələblərinə uyğun olaraq qeyri-qanuni aksiyanın qarşısını alıb və bunun insan hüquq və azadlıqlarının pozulması ilə heç bir əlaqəsi yoxdur. Polis üçün əsas meyar siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir”, - deyə Əli Həsənov qeyd edib.

BŞBPİ ile ilgili görsel sonucu

Dünən Bakı şəhər Baş Polis İdarəsi AXCP sədri Əli Kərimli və partiya fəallarının həbsi ilə bağlı açıqlama yayıb. Musavat.com xəbər verir ki, açıqlamada deyilir: “Noyabrın 17-si saat 16 radələrində Azərbaycan Xalq Cəbhəsi Partiyasının təxmini sayı 150 nəfərə qədər olan üzvləri Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən əvvəlcədən xəbərdarlıq edilmələrinə baxmayaraq özlərinin adlandırdıqları ”Meydan hərəkatı"nın 30 illiyi ilə əlaqədar, əslində isə siyasi məqsədlərlə paytaxtın Parlament prospektinə toplaşmaqla Şəhidlər Xiyabanı istiqamətində yürüş-mitinq keçirməyə cəhd göstəriblər.

Ərazidə xidmətdə olan polis əməkdaşlarının operativ olaraq həyata keçirdikləri qabaqlayıcı tədbirlərlə ictimai asayişin pozulması ilə müşayiət olunan icazəsiz yürüş-mitinqin qarşısı alınmış və aksiyanın 52 nəfər iştirakçısı Səbayel Rayon Polis İdarəsinə gətirilib. Onlardan 41 nəfəri xəbərdarlıq edilərək sərbəst buraxılıb, AXCP-nin sədri Əli Kərimli başda olmaqla aksiyanın təşkilatçıları olan 11 nəfər saxlanılıb. Faktla bağlı Səbayel Rayon Polis İdarəsində İnzibati Xətalar Məcəlləsinin 513.1 və 513.2-ci maddələri ilə inzibati protokollar tərtib olunub və toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndəriləcək".

Bu arada Milli Şuranın Koordinasiya Mərkəzi Müsavat Partiyasının qərargahında Ə.Kərimli və digər şəxslərin həbsi ilə bağlı toplantı keçirib.

AXCP sədri və digər fəalların dünən axşam saatlarına qədər məhkəmə önünə çıxarılacaqları gözlənilsə də, qəzet çapa gedərkən məhkəmə qərar verməmişdi. Prosesin bu gün baş tutacağı gözlənilir.






Fikirlər