“İÇƏRİŞƏHƏR” dövlət qoruğu MƏHV EDİLİR? – Rəsmi REAKSİYA!
Bakının ən qədim tarixi irslərindən biri İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun Qoşa Qala qapısının yaxınlığında obyekt inşa edilir. Minval.info xəbər verir ki, bu barədə məlumatı “Təmiz Bakı” səhifəsi paylaşıb. “Azərbaycan tarixi abidələri məhv edilir – Qoşa Qala qapısından 30 metr sağda qala divarına bitişik obyekt inşa edilir. Fotoya diqqətlə baxın! Yeni tikinti Qala Divarına bitişikdir! Xahiş edirik, paylaşın! Tarixi qalanı qoruya bilək! Bu məsələ ictimailəşsə tikinti dayancaq!” – səhifə yazıb. Yeni tikilən obyekt qala divarlarına bitişik formada inşa olunur və işlərin kimlər tərəfindən məlum deyil. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) Kiçik Qala küçəsində Qala divarları yaxınlığında tikinti işləri ilə bağlı axar.az-a açıqlama verib. Cavabda bildirilir ki, ötən ilin sonundan etibarən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Kiçik Qala küçəsində, Qala divarları boyunca uzun illər həmin ərazidə yerləşən və abidələrə heç bir zərər yetirməyən kafe-terrasların genişləndirilməsi layihəsi həyata keçirilir. Layihə işləri qətiyyən tikinti mahiyyəti kəsb etməyərək, sadəcə şüşə və yüngül metal materialdan ibarət birmərtəbəli şüşəli qapalı və üzərində açıq yaz-yay kafe-terraslarının yaradılmasını nəzərdə tutur. “Bu üslubda təmir-bərpa işləri Qala divarlarına heç bir zərər vurmamaqla yanaşı, nə İçərişəhərin, nə də Qala divarının dayanıqlığına və görünüşünə xələl gətirir. İstənilən miqyasda konstruksiya işləri həm daxili, həm zahiri baxımdan İçərişəhərin ənənəvi memarlıq üslubuna uyğunlaşdırılır və yalnız idarə tərəfindən təsdiqləndikdən sonra həyata keçirilir. Həmin layihəyə aid məlumatlar 2018-ci ilin noyabrından etibarən idarənin rəsmi veb-səhifəsində mövcuddur”, – məlumatda bildirilib.