CAVİD QURBANOV: "Azərbaycanda dəmir yollarının 60 faizə qədəri elektrikləşdirilib"

 "Şimal-Cənub” Nəqliyyat Dəhlizi ilə cari ildə 400 min tondan çox yük daşınıb. 

 "AzerTaym.az" bildirir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə müsahibəsində deyib.

C. Qurbanov bildirib ki, Azərbaycan Dəmir Yolları” QSC ilin sonunadək “Stadler” şirkətindən 2 qatar alacaq: “Yeni qatarlar Rusiya istehsalı olan qatarlardan səsboğucularının sayına görə də fərqlənir. Belə ki, yeni qatarlarda səsboğucularının sayı 40-dır. Bu qatarlar həm sürət, həm də keyfiyyət göstəricilərinə görə üstündür”, - deyə o əlavə edib.

Sədrin sözlərinə görə, Azərbaycan Dəmir Yolları" QSC-yə gənc kadrlar cəlb edilir. Belə ki, əvvəllər orta yaş həddi 60 olubsa, indi 40-45-dir.

Jurnalistlərə o da bildirilib ki, Azərbaycan Dəmir Yollar” QSC bu vaxtadək 30-35 milyon dollarlıq yol tikinti maşınları alıb: “İndiyədək 1000 kilometrədək dəmir yolu təmir olunub. Həmçinin 3100 yeni vaqon alınıb. Azərbaycanda dəmir yollarının 60 faizə qədəri elektrikləşdirilib. O bildirib ki, qalan hissələrdə dizellə işləyən lokomotivlər hərəkət edir."

C. Qurbanov həmçinin “Azərbaycan Dəmir Yolları" QSC-nin gələcək hədəfləri də açıqlayıb.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum Bakı-Gəncə sürət elektrik qatarının marşrutunun Ağstafaya qədər uzadılmasını, Balakən istiqamətində dəmir yolu xəttinin yenidən qurulmasını, dəmir yolunda elektrikləşdirmənin səviyyəsinin artırılmasını, iki yeni deponun istifadəyə verilməsini planlaşdırır. 

Həmçinin, bu ilin ilk 9 ayında Azərbaycanın dəmir yolları ilə Rusiyaya məxsus 700 min ton yük daşınıb. Dəmir yolu ilə Türkmənistana məxsus, eləcə də Lapis-Lazuli nəqliyyat dəhlizi çərçivəsində də yüklər daşınır və getdikcə onların həcmi artır. 

QSC sədri jurnalistlərin sualına cavab olaraq bildirib ki, Qəbələ rayonuna dəmir yolu xəttinin çəkilişində müəyyən yubanmalar var: "Bəzi problemlər var idi, ölkə prezidentinə müraciət etdik və həll olundu. Yəqin ki, yaxın vaxtlarda Qəbələdə işlər daha da intensivləşəcək. Ümumilikdə 43-46 km-lik torpaq işləri bu ilin sonuna qədər yekunlaşacaq. Bundan sonra isə digər işləri görəcəyik". 

Azərbaycan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinə gəlincə, Cavid Qurbanov əlavə edib ki, sərnişin daşımalarına başlamaq üçün qonşu ölkələrə kömək edir: “Biz sərnişindaşımaya tam hazırıq. Amma gürcülərin və türklərin qatarları çəkib-aparmağa lokomotivləri yoxdur. Onların əyləc sistemləri ilə bağlı da problemləri var. Biz bu məsələlərdə qonşu ölkələrə kömək etməyə çalışırıq”, - deyə o, qeyd edib. 

 

 






Fikirlər