AHIK 3900 aztəminatlı ailəyə 67 ton ərzaq göndərdi - FOTOLAR
Prezident İlham Əliyev respublikamızda koronavirusa qarşı mübarizə tədbirlərinə başlanıldığı ilk günlərdən ölkə vətəndaşlarının sağlamlığının, sosial təminatının qorunmasını əsas vəzifə kimi müəyyənləşdirib, bütün dövlət qurumlarına diqqəti bu sahəyə yönəltməyi tapşırıb. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da Prezident İlham Əliyevin koronavirus pandemiyası ilə bağlı həyata keçirdiyi tədbirlərdə yaxından iştirak edir. Həmkarlar İttifaqının mətbuat xidmətindən “AzerTaym.az"-a bildirilib ki, sosial dəstək tədbirləri çərçivəsində həmkarlar ittifaqları təşkilatları qısa müddət ərzində 1 milyon 600 min manatdan çox vəsait xərcləyib. İndiyədək 17 mindən artıq aztəminatlı ailəyə ərzaq yardımları göstərilib, 631 min 600 manat məbləğində vəsait bu məqsədlər üçün xərclənib, 148 min manat dəyərində qoruyucu vasitələr alınıb paylanılıb. Həmkarlar ittifaqları Koronavirusla Mübarizə Fonduna ümumilikdə 398 min 600 manat vəsait köçürüblər. Bu günlərdə AHİK-in İcraiyyə Komitəsi xüsusi yardıma və qayğıya ehtiyacı olan aztəminatlı ailələrə, təqaüdçülərə ərzaq yardımlarının paylanmasını nəzərdə tutan yeni qərar qəbul edib. Bu məqsədlə respublikanın 76 şəhər və rayonunda yaşayan 3900 aztəminatlı ailəyə ərzaq sovqatın paylanılması qərara alınıb. Ümumi həcmi 68 ton olan ərzaq sovqatları hər bir ailə üçün vacib olan gündəlik tələbat mallarından ibarətdir. Aprelin 29-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkil etdiyi maşın karvanı ərzaq sovqatlarını ünvanlarına çatdırmaq üçün respublikanın şəhər və rayonlarına yola düşüb. Azərbaycanın bütün bölgələrini əhatə edəcək bu aksiyada yerlərdəki həmkarlar ittifaqı fəalları da iştirak edəcəklər. Koronavirus pandemiyası şəraitində həmkarlar ittifaqları təşkilatları tərəfindən maddi və mənəvi yardımlar göstərilməsi gələcəkdə də davam etdiriləcək.