Azərbaycan Silahlı Qüvvələrinin nəzərinə: Ermənilər yeni paytaxtlarını elan edəcəklər… - İLHAM İSMAYIL
Sabah-21 mayda Araik Arutunyanın andiçmə mərasimi keçiriləcək. Sayənizdə, başda Qarabağı su yoluna döndərən Nikol Paşinyan olmaqla xeyli mötəbər qonaqlar da tədbirdə iştirak edəcək.Təntənəli tədbirin dəqiq ünvanını və vaxtını diqqətinizə çatdırıram. ŞUŞA Mədəniyyət və gənclər mərkəzi, saat 18.00. Yox, bunu Anjelikanın Mixayloya çatdırdığı “saat 9-un yarısında” məlumatı kimi qəbul etmədiyinizi bilirəm. Bilirəm ki, düşmənin altına bomba qoyası nə Mixaylo hazırlamısınız, nə də o xəbəri verən Haykanuş əldə etmisiniz. Bunu Araik də bilir, ona görə məlumatı özü tam açıq şəkildə mətbuata ötürüb. Necə deyərlər “kar onunkudur, kəramətinə də bələddir”. Andiçmə mərasimində yeni seçilmiş prezidentin (dırnaqsız) ünvanına göndərilən təbrik teleqramları da səsləndiriləcək. Güman edirəm ki, Sizin sükutunuz Araik üçün ən qiymətli təbrik olduğu üçün, bu sükut salonda ayaq üstə alqışlanacaq və sonda ovasiyaya keçəcək. Bu axşam Cıdır düzündə – lap dəqiq yerini də deyirəm – Qəzənfərin çayxanasının yanında, üzü Bakıya tərəf toplar yerləşdiriləcək. Qorxmayın. Bu, andiçmə mərasiminin sonunda atəşfəşanlıq etmək üçün havaya fişənglər atmaq məqsədilə gətirilən toplardır. Üzü ona görə Bakıya tərəf tutulub ki, Bakıda da onun rəngbərəng işıqları seyr edilsin, (axı Şuşa hündürdədir) çoxdandı koronavirus xalqımızı bəzi atəşfəşanlıqlardan məhrum edib. Savabdır. Bakıda işıqlansa da, o işıq Qarabağın işğal altında qalmış rayonlarının üstünə düşməyəcək, necə qaranlqdısa elə də qalacaq. Amma, bundan narahat olmadığınızı 26 ildi ki, hiss edirik… Hə, az qala yadımdan çıxmışdı… Araikin sabahkı çıxışının mətnini də əldə etmişəm. Çox vədlər verib, sizi narahat etməyəcək çox obyektlərin tikintisindən bəhs edəcək, Kəlbəcər SES-in tikitisini də unutmayıb, onu da qeyd edəcək. Amma, ən əsası onun çıxışındakı son cümləni də nəzərinizə çatdırım ki, nigaran qalmayasınız. Araik Arutunyan: “Əziz artsaxlılar, biz növbəti andiçmə mərasimini yeni pataxtımızda keçirəcəyik. O yeni paytaxtın adı: ŞUŞA”. Burda Sizə aid olmayan lirik bir haşiyəyə çıxmaq istəyirəm: Deyəsən kimsə “Paşinyanı qayadan atmaq” istəyirdi. Nəsə, bu xəbəri Şuşa icra hakimiyyətinin başçısına deməyin… Andiçmə mərasiminin sonunda ermənilər yenə də başda Nikol və Anna olmaqla yallı gedəcək, tədbirin təşkilatçılarına minnətdarlıq dolu nitqlər bildiriləcək və təşkilatçılığa öz sükutunuzla töhvə verdiyinizə görə Sizlər də unudulmayacaqsınız. Heç biz də unutmayacağıq… İlham İsmayıl