ABŞ UKRAYNAYA YARDIMI DAYANDIRACAQ? - Altı ştatda seçicilərin tələbi məlum oldu

Yeni illə birlikdə alovlanan Rusiya-Ukrayna müharibəsi bu il ABŞ-da baş tutacaq prezident seçkisinə böyük ölçüdə təsir edə bilər.

“AzPolitika.info” xəbər verir ki, Bayden administrasiyası Kiyevə dəstəyin davam etməsi üçün ABŞ Konqresinə təzyiqləri artırmağa çalışsa da, seçicilər Ukraynaya göstərilən yardımların dayandırılmasını istəyirlər.

Böyük Britaniyanın “The Telegraph” nəşrinin keçirdiyi sorğunun nəticələrinə görə, ABŞ seçkilərində həlledici gücə malik olan ştatlarda yaşayan insanlar Ukraynaya kifayət qədər dəstək verildiyini hesab edirlər. Nəşr iddia edir ki, bu nüans seçkidə Co Baydenin mövqeyini zəiflədə bilər.

Arizona, Florida, Corciya, Miçiqan, Şimali Karolina və Pensilvaniya ştatlarında aparılan sorğu zamanı məlum olub ki, seçicilərin ortalama 32 faizi Ukraynaya edilən yardımın həddindən artıq çox olduğunu düşünür. Ukraynaya yardımın azaldılmalısını istəyən seçicilərin nisbəti ştatlar üzrə 30-37 faiz arasında dəyişir. Yardımların davam etdirilməsi istəyən seçicilərin nisbəti isə 15-19 faiz aralığındadır.

Sorğunun digər diqqət çəkən məqamı odur ki, altı ştatda seçicilərin böyük əksəriyyəti, yəni 38-44 faizi düşünür ki, Donald Tramp 2020-ci il seçkilərində qalib gəlsəydi, Ukrayna müharibəsi baş verməyəcəkdi.

ABŞ-nin “New York Times” nəşrinin iddiasına görə, yardımlarla bağlı yaşanan böhran fonunda “Patriot” hava hücumundan müdafiə sisteminin Kiyevə çatdırılmasıyla bağlı problemlər yaşana bilər.

ABŞ hərbi rəsmilərinə əsaslanan xəbərdə qeyd olunur ki, bir ədədinin qiyməti 2-4 milyon dollar aralığında dəyişən raketlərin tədarükündə tezliklə problem yaranacaq. Hesab edilir ki, Rusiyanın ballistik raketlərinin qarşısını almaq üçün Kiyevin əlində yeganə variant olan “Patriotlar”ın tədarkündə yaranan çətinliklər cəbhədə Rusiyanın xeyrinə dəyişikliyə səbəb ola bilər.






Fikirlər