Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov diplomatları, Azərbaycanın xarici ölkələrdəki diplomat korpuslarını qənaət rejiminə keçməyə çağırıb.
Trend-in məlumatına görə, S.Seyidov bu təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında “Diplomatik xidmət haqqında” qanun layihəsinə dəyişikliklərin müzakirəsi zamanı çıxış edib.
O qeyd edib ki, dünyada krizisdir: “Hami kimi diplomatlar da qənaətli olmalıdırlar. İkincisi, Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin fəaliyyəti nəzərdən keçirilməlidir. Bilinməlidir ki, kim yaxşı işləyir, kim yaxşı işləmir? Hər diplomat sərəncama çıxan kimi onu işə götürmək olmaz. Onun fəailiyyətinə baxmaq lazımdır”.
Millət vəkili Siyavuş Novruzov təklif edib ki, hər diplomat 5 ildən sonra mütləq Azərbaycana qaytarılmalıdır: "Bir-iki il burada işləməlidir. Lazım olarsa, yenidən başqa ölkələrə işləməyə göndərilməlidir. Diplomatlarımız həm də hansısa ölkəyə getməzdən əvvəl o ölkəni öyrənməlidir. Eyni zamanda, səfir bir peşədir və buna qeyri-ciddi yanaşmaq olmaz. Kim deputat olmursa, kimi vəzifədən çıxarırlarsa deyirlər ki, göndərin səfir işləyim. Belə şey olmaz”.