“Fərarilər qızını “neqodnı” oğlanlara versin” - Fazil Mustafadan İRONİYALI AÇIQLAMA

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun "hərbi xidmətdə olmayan və fərarilik edən məcburi köçkün oğullarına qız verməyin” ifadəsi narazılıqla qarşılanıb. 

BakiPost.az xəbər verir ki, əsasən məcburi köçkün ailələrinin etirazına səbəb olan bu ifadələr dünəndən müzakirə predmetinə çevrilib.

Deputat Fazil Mustafa Əli Həsənovun fikirlərinə sərt reaksiya göstərənlərə cavab verib: "Qaçqınkomun sədri Əli Həsənov məcburi köçkünlərə xitabən məsləhətvari deyib ki, əsgərliyə getməyənlərə qızınızı ərə verməyin. Ortada əməlli-başlı qiyamət qopub. Etiraz ediblər ki, niyə belə söz demisən? Bir başqası da durub desin ki, qızınızı əsgərlikdə olmayanlara verməyiniz daha doğrudur. Çünki səngərdə bitlər olur, bu bitlər də əsgərin üstünə bulaşıb nə vaxtsa, nəticədə övladınızın üstünə bit düşər. O zaman daha dəhşətli bir vətənşivənlik başlayacaq ki, bu nə sözdür dilə gətirirsən, Vətəni qorumaq imandandır və s. 
Anladığım budur ki, cəmiyyətdə böyük çoxluq sözün mənasına varmadan, beynində tutduğunu aqressiv şəkildə üzə çıxarmağa çalışır. Sözün mənası üzərində düşünmək əvəzinə, deyəni söyməyi kəsə yol hesab edir. Görünür hamını razı salmaq üçün isə Molla Nəsrəddin ironiyasından başqa bir yol qalmır. Yəni Molla Nəsrəddin təqribən belə deyərdi: Ay camaat, kim ki, özü əsgərlikdə olub qızını əsgərlik keçmiş oğlana versin, kim ki əsgərlikdə olmayıb, o da övladını əlində "neqodnı" kağızı olan oğlana versin. Beləliklə, hamını razı salan kompromis tapılsın”.
Millət vəkili Əli Həsənovun sözləri ilə razılaşdığını dilə gətirib: "Onun cümlələrinin altından öz imzamı məmnuniyyətlə qoyardım. Bəzi insanlarda niyəsə bu fkirlər narazılıq yaradıb. Axı bu imperativ çağırış deyil ki, ucdantutma əsgərlikdə olmayanlara qız verilməsin. Burada məcburi köçkünlərdən söhbət gedir və baş nazirin müavini tamamilə haqlıdır ki, məhz hərbi xidmətə münasibət məsələsində doğma ocağını tərk etmək məcburiyyətində qalmış həmvətənlərimiz hamıdan daha artıq həssaslıq göstərməlidirlər. Hərbi məktəblərdə təhsil almağa da onların daha çox maraq göstərməyinin vacibliyini doğru qeyd edib. Bu fkirlər əlbəttə, bütün Azərbaycan vətəndaşlarına şamil edilməlidir, çünki Vətən savaşı davam etdiyi müddətcə hamımızın az-çox hərbi bilik və vərdişlərə yiyələnməsinin zəruriliyinii əsaslandırmağı artıq hesab edirəm. Bununla belə, birinci növbədə doğma ocağa qayıdış duyğusunu daşıyan insanların nümunə olması lazımdır”.






Fikirlər