“Hərbi xidmətdə olmayana qız verməyin” - Əli HƏSƏNOV
“Məcburi köçkün ailələri, qızınızı ərə verərkən oğlanın hərbi xidmətdə olub-olumadığını mütləq öyrənin. Hərbi xidmətdə olmayıbsa, qızınızı verməyin”. "AzerTaym.az" Publika.az-a istinadən xəbər verir ki, bu sözləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov “Azərbaycanın işğal altında olan ərazilərinin gələcək inkişaf konsepsiyası” (Ağdam şəhərinin timsalında) adlı layihənin təqdimat mərasimində çıxışı zamanı deyib. “Məcburi köçkün ailələri çalışmalıdır ki, hərbi məktəblərdə ilk növbədə onların övladları oxusun. Biz Təhsil Nazirliyi və digər qurumlarla birlikdə bununla bağlı tədbir keçirmişik. Hesab edirəm ki, vətənpərvərlik uşaq bağçalarından başlamalıdır”. Ə. Həsənov deyib ki, məcburi köçkün uşaqların hərbi təhsil alması ilə bağlı 2014-cü ildə araşdırma apararkən, xoşagəlməz mənzərə ilə qarşılaşıb: "Bütün işğal olunmuş rayonlardan ali hərbi məktəblərdə cəmi 30 gənc təhsil alırdı. Bu barədə prezidentə müraciət edərək, məsələnin həlli üçün icazə istədim. Sənin torpağın işğal olunubsa, hərbi təhsil almaq istəmirsənsə, bununla yanaşı, hətta fərarilik edirsənsə, bu, yolverilməzdir. Bu gün ali hərbi məktəblərdə təhsil alan tələbələrin sayı 10 dəfə artıb, fərarilik aradan qalxıb. Ən qeyrətli gənclər şəhid olurlar".