Əli Abbasov poçt işçiləri ilə görüşdü

Əli Abbasov poçt işçiləri ilə görüşdüAzərpoçt” MMC-də 9 oktyabr - Beynəlxalq Poçt Günü və Ümumdünya Poçt İttifaqının (ÜPİ) 140 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib

Bayram münasibətilə poçt işçilərini səmimi qəlbdən təbrik edən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov qlobal poçt sisteminin nüfuzlu təşkilatı olan ÜPİ-nin tarixinə, həmçinin Azərbaycanın bu təşkilatın üzvü kimi aktiv fəaliyyətinə nəzər salıb.

Nazir bildirib ki, Azərbaycanın bu sahədə aktiv fəaliyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya poçtuna inteqrasiya yolunda atılan uğurlu addımların və qazanılan nailiyyətlərin davamlı xarakterindən irəli gəlir.

O, həmçinin bu gün beynəlxalq poçt mübadiləsinin həyata keçirilməsinə öz töhfələrini verən Azərbaycan poçt xidməti şəbəkəsinin inkişafı və genişləndirilməsi sahəsində yerinə yetirilən bir sıra əməli tədbirlərdən də söz açıb.

Ə.Abbasov poçt sahəsində də gənc kadrların önə çəkildiyini, aparılan gəncləşmə siyasətinə qocaman rabitəçilər tərəfindən verilən dəstəyi təqdirəlayiq hal kimi dəyərləndirib.
Xüsusən “Maliyyə xidmətlərinin inkişafı”na toxunan nazir Ə.Abbasov layihənin icrası nəticəsində “Azərpoçt” tərəfindən ölkə ərazisini əhatə edən şəbəkə vasitəsilə əhaliyə keyfiyyətli poçt-maliyyə xidmətlərini göstərmək üçün şərait yaradıldığını diqqətə çatdırıb. O, elektron kommersiyanın inkişafı üçün poçt sektorunun lazımi infrastruktura malik olduğunu qeyd edib.

Tədbirdə “Azərpoct” MMC-nin baş direktoru Qəmbər Bəybalayev, digər rabitəçilər də çıxış edərək, ölkəmizdə poçt sektorunun inkişaf tarixinə nəzər yetirərək bu istiqamətdə həyata keçirilən işlərdən söz açıblar.

Tədbirin sonunda poçt sahəsinin inkişafında böyük əməyi olan bir qrup rabitəçi “Rabitə ustası” adı və “Fəxri fərman”lar təltif olunub.






Fikirlər