Vəkillər Kollegiyası 3 illik iş stajı tamam olmayan namizədlər üçün yeni İMKANLAR YARADIB

Bu gün Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin 2017-ci il üzrə fəaliyyətinin yekunlarına dair geniş tərkibli iclası keçirilib.

Kollegiyadan “Report”a verilən məlumata görə, iclasda Rəyasət Heyətinin üzvlərindən başqa, Vəkillərin İxtisas və İntizam komissiyalarının üzvləri də iştirak ediblər.

İclasa sədrlik edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Rəyasət Heyətinin cari fəaliyyəti ilə bağlı, xüsusilə vəkilliyə sənəd qəbulunun vəziyyəti, ötən həftə ərzində sədr tərəfindən hüquq məsləhətxanalarında keçirilmiş görüşlər və həmin görüşlərdə iştirak edən vəkillərin vəkillik fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təklifləri barədə iclas işitirakçılarına məlumat verib.

İclas ərzində bir sıra təşkilati, vəkillərin intizam, vəkilliyə qəbul imtahanlarına hazırlıq, habelə vaxtilə bütün imtahan mərəhələlərini keçmələrinə baxmayaraq, müxtəlif səbəblərdən vəkilliyə keçməmiş namizədlərin qəbulu məsələləri ilə bağlı qərarlar qəbul olunub, həmin namizədlərin andiçməsi keçirilib.

Hazırda vəkilliyə sənəd qəbulu və imtahanın təşkili məsələlərinin aktuallığı nəzərə alınaraq, Rəyasət Heyəti tərəfindən aşağıdakı məsələlərə də münasibət bildirilib.

Vəkilliyə qəbul üzrə yazılı test imtahanın tarixi barədə Dövlət İmtahan Mərkəzi ilə əldə olunmuş ilkin razılığa əsasən, imtahanın ən geci 2018-ci ilin yanvar ayının sonunadək keçirilməsi nəzərdə tutulub. Gələcək aylarda isə vəkilliyə qəbulun daimi əsaslarla keçirilməsinin zəururiliyi xüsusi vurğulanıb.

Vəkillərin İxtisas Komissiyasının rəyinə əsasən, əvvəlki illərdən fərqli olaraq yazılı test imtahanı mərhələsində “Məntiq”ə dair suallardan istifadə olunmaması qərarlaşdırılıb.

Həmçinin, vəkilliyə sənəd vermək arzusunda olan, lakin 3 illik iş stajı tamam olmayan namizədlərin sənədlərinin qəbulunun, həmin namizədlərin ehtimal olunan iş stajlarının sənəd qəbulunun bitməsindən sonrakı 3 ay ərzində tamamlanacağı təqdirdə, həyata keçirilməsi qərara alınıb.

Eyni zamanda, qanunvericliyin mövqeyi qeyri-müəyyən olduğundan, fərdi sahibkar qismində vergi uçotuna duraraq hüquqi xidmətlər göstərən hüquqşünasların sahibkar qismində işlədiyi dövrün əmək stajı kimi hesablanıb-hesablanmaması məsələsinə aydınlıq gətirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müvafiq sorğunun ünvanlandırıldığı bildirilib ki, yaxın günlərdə bunun nəticəsi barədə əlavə məlumat veriləcək.

Bundan başqa, ötən dövr ərzində vəkillik fəaliyyətində müsbət mənada fərqlənmiş vəkillər təltif olunublar.






Fikirlər