Axtar Təhsillə bağlı təkliflər vermək mümkün olacaq
Təhsil Nazirliyi yanında İctimai Şuraya namizədlərin qeydiyyatı başa çatıb. Nazirlikdən “AzerTaym.az"-a daxil olan məlumata görə, iyulun 22-dən başlayan qeydiyyat prosesi zamanı namizədlik və seçici qismində iştirakla bağlı Təhsil Nazirliyinə (elektron qaydada və ya Vətəndaşların Qəbulu Mərkəzinə) 125-dən çox müraciət daxil olub. Yoxlamalar əsasında sənədləri qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olan 44 seçici və 34 namizəd rəsmi qeydiyyata alınıb. İctimai Şuraya seçkilərin keçirilmə tarixi və yeri barədə yaxın günlərdə məlumat veriləcək. Təhsil Nazirliyi yanında İctimai Şura Təhsil naziri Ceyhun Bayramovun 11 iyul 2019-cu il tarixli əmrinə əsasən yaradılır. İctimai Şura təhsil sahəsində müxtəlif məsələlərin müzakirəsi üçün məsləhətləşmələr təşkil etmək, təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik olan məşvərətçi qurum olacaq.