Hərbi jurnalistlər 2019-cu ili DƏYƏRLƏNDİRDİLƏR: MiQ-29 hadisəsi...
İlin sonuna yaxınlaşırıq. Təbii ki, yola saldığımız il hamının yaddaşında fərqli təəssüratları ilə qalır. Maraqlıdır ki, Azərbaycanın hərb sahəsi 2019-cu ildə nələri ilə yadda qaldı? Modern.az bu sualı hərbi sahədən yazan media nümayəndələrinə ünvanlayıb. Moderator.az saytının əməkdaşı Üzeyir Cəfərov hesab edir ki, bu il Azərbaycan ordusu bir qədər də güclənib, təlimlərin kefiyyəti artıb. Onun sözlərinə görə, Dövlət Sərhəd Xidməti (DSX) uzun illər düşmən nəzarəti altında olan xeyli ərazini öz nəzarətimizə qaytarıb. Bu hardasa 2 kilometrə yaxın ərazidir: “Bu il düşmənin itkiləri ötən illə müqayisədə daha çox olub, Azərbaycan Ordusuna yeni silahlar alınıb. Azərbaycan zabitləri keçən illə müqayisədə NATO-da müşahidəçi qismində çıxış etməklə bərabər, praktiki məsələlərdə də iştirak edib”. Üzeyir Cəfərov qeyd edib ki, 2019-cu ildə Azərbaycan Ordusu uğurlu fəaliyyət göstərdi: “Bizə deyə bilərlər ki, bu qədər uğurun qarşısında niyə Dağlıq Qarabağ məsələsində irəliləyiş yoxdur? Artıq sual hərbçilərə deyil, sırf siyasətçilərə ünvanlanmalıdır. Çünki hərbçilər əmri yerinə yetirən adamlardır. Hərbçilərə hansı tapşırıq veririlirsə, onlar həmin əmri icra edirlər. Mən düşünürəm ki, sabah qərar qəbul olunacaqsa, nəyin bahasına olursa olsun, Azərbaycan əsgəri öz üzərinə düşən vəzifəni yerinə yetirəcək. Düşmənin son zamanlar narahat bəyanatları, çıxışları məhz bundan irəli gəlir. Onlar bilir ki, Azərbaycan Ordusu bütün parametrlər üzrə düşməndən qat-qat güclüdür. Sadəcə olaraq siyasi amillər imkan vermir ki, Azərbaycan o üstünlüyü Dağlıq Qarabağ məsələsinin həlli ilə də yekunlaşdırsın”. Ordu.az saytının baş redaktoru Şahin Qocayev bildirib ki, 2019-cu ilin mart ayında DSX-nın sərhəd məntəqələrində nəzarəti ələ alması, Qazax-Ağstafa istiqamətində ordudan təhvil-təslimin DSX-ya verilməsi ən böyük hadisə idi: “Yəni Azərbaycan dövlət sərhəd xəttinə sərhədçilərimizin çıxması həmin bölgədə DSX-nın strukturunda döyüş intensivliyini artıracaqdı. Bildiyimiz kimi, onların əsas qaçaqmalçılığa, narkotiklə mübarizəyə və sərhədin mühafizəsinə dair təcrübəsi daha çox idi, nəinki düşmənlə sərhəddə sırf intensiv təmas xətti boyunca mübarizəyə”. Şahin Qocayev deyib ki, bununla yanaşı, orduda təlimlərin intensivliyinin artmasını xüsusilə vurğulamaq lazımdır: “2019-cu il üçün nəinki daxildə və Naxçıvanda keçirilən, xüsusilə Azərbaycanın Türkiyə, Gürcüstanla birlikdə keçirilən təlimləri xüsusi vurğulanmalıdır. Bildiyimiz kimi, bu il Qarabağ münaqişəsi zonasında sakitlik ilidi. Düşmən ölkəsində hakimiyyət dəyişilib, bu, danışıqların fərqli aparılmasına səbəb olub. Bunlar cəbhə xəttində intensivliyin aşağı düşməsinə səbəb olub. Bu il üçün Azərbaycan Ordusunun təlimlərdən başqa cəbhə zonasında intensiv olduğunu deyə bilmərik. Bu da birbaşa Azərbaycan Ordusunun fəaliyyəti ilə deyil, danışıqların daha çox irəli çəkilməsindən irəli gəlir”. “AzeriDefence” jurnalının baş redaktoru Rəşad Süleymanov isə bildirib ki, 2019-cu ildə Azərbaycanda hərb sahəsində demək olar ki, cəbhə xəttində nisbətən sakitlik müşahidə olunsa da, az saylı atəşkəs pozulması anları da yaşandı: “Lakin Ermənistan-Azərbaycan sərhədində kifayət qədər gərginlik qeydə alınmağa başladı. Xüsusilə, apreldən avqust ayına qədər DSX Qazax-Ağstafa istiqamətində Ermənistanla sərhədi mühafizəyə götürdükdən sonra orada bizim qüvvələrimiz düşmənin təxribatlarını dəf edərək, öz mövqelərini önə çəkdilər”. Rəşad Süleymanovun sözlərinə görə, bu, aprel döyüşlərindən, Günnüt əməliyyatından sonra ordumuzun irəliləyişlərindən biri oldu: “Bu, cəbhədəki 2019-cu ildə üstünlüyümüzün göstəricilərindən biri oldu. Bu il yeni silah və texnikaların alınması xüsusi diqqət çəkdi. Müdafiə sənayesi sahəsində də dəyişikliklər oldu. Bunlardan biri yeni Müdafiə Sənayesi nazirinin təyin edilməsi oldu. Eləcə də ölkəmiz Türkiyə, Belarus və Rusiyada keçirilən sərgilərdə müdafiə sənaye potensialını nümayiş etdirdi və bu da bizim hərbi sahədəki uğurlarımızdan biri idi. Bu il eyni zamanda, Azərbaycan DSX-nın 100 illiyi təntənəli şəkildə qeyd edildi. Həmçinin, 2019-cu il həm Azərbaycan sərhəd mühafizəsinin, həm də hərbi hava qüvvələrinin 100-cü il dönümü kimi yadda qaldı”. Yeniçağ.az saytının əməkdaşı Səxavət Məmməd: “Atəşkəs olsa da, Azərbyacan Ermənistanla müharibə şəratindədir. 2019-cu il ərzində isə cəbhə xəttində sakitliyin hökm sürdüyünü və torpaqların hələ də işğal altında olduğunu nəzərə alsaq, tam əminliklə deyə bilərəm ki, yola salacağımız il hərb baxımında heç nə ilə yadda qalmayıb. Ümumiyyətlə, 2019-cu il cəbhədə atəş səsləri ötən illərə nisbətən qat-qat az olub. Maraqlananlar hər gün Müdafiə Nazirliyinin cəbhə xəbərlərində atəşin pozulma sayına baxa bilər. Bu il çox az hallarda atəkəs 30 dəfədən çox pozulub. Atəşkəs az sayda pozulsa da, hər iki tərəfdən itkilər oldu. Fikrimcə, ən böyük itkimiz Ağdam istiqamətində tabor komandiri, mayor Aqil Omarovun snayperlə vurulması oldu. Məncə bu müharibə səbəbi olmalı hal idi”. Səxavət Məmməd qeyd edib ki, Gürcüstan sərhəddində baş verənləri də diqqətdən kənarda saxlamaq olmaz. “Keşikçidağda gürcü təxribatçıların fəallığı, orada əsgərlərimizə qarşı təxribatı tənqid etdik. Orada təxribatçılara qarşı ciddi tədbir görülməli olduğunu bildirdik. Hadisələr baş verən zaman əraziyə gedib, oradan reportajlar da yazmışdım. Qısa zaman sonra Sərhəd Qoşunları ərazini tam nəzarətə götürdü. Hazırda heç gürcü keşişlər belə həmin əraziyə buraxılmır. Bundan əlavə, Sərhəd Qoşunları Qazax istiqamətində Ermənistanla sərhəddi təhvil götürdükdən sonra, orada da təxribatlar oldu. Bunun nəticəsi də düşmən tərəf üçün yaxşı nəticələnmədi. Bir tarktorçumuzun ölümünə qarşı erməni tərəfi bir neçə itki verdi. Qazax istiqamətində neytral zona ələ keçirildi və orada möhkəmlənmə işləri aparıldı. Müəllifdən: Rəyini öyrəndiyimiz hərbi jurnalistlər 2019-cu ilin facivəvi hadisəsi kimi yadda qalan Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcı təyyarəsinin qəzasını unutduqlarına görə, bunu da qeyd etmək olar.
Ötən il ən diqqət çəkən məqamlardan biri isə təlimlər sayıla bilər. Düzdür, müharibə şəratində oldu-olmadı hər bir ordu təlim keçir. Sadəcə, yola salacağımız il susqun keçdiyi üçün təlimləri önə çəkmək olar. Xüsusən Naxçıvan MR-da Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin təliminə diqqət çəkmək lazımdır. Belə ki, erməni tərəfinin yüksək çinli məmurlarının Naxçıvana iddialı olmalarını açıqladıqları zaman bu təlim onların yuxusuna haram qatdı.
Ölkədə islahatlar aparılır. Düşünürəm ki, bu islahatlardan Müdafiə Nazirliyi də öz nəsimini almalıdır. Uzun illərdir eyni postu tutan hərbi məmurlarla vidalaşıb, gənc və savadlı kadrları önə çəkmək lazımdır. Xüsusən hərb sahəsindən yazan kimi deyə bilərəm ki, ümumiləşdirsək, 2019-cu il hərb sahəsində yerimizdə saymışıq”.
Bu il iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MİQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Təyyarənin ikin düşən pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi avqustun 20-də tapılıb.