Oqtay Gülalıyevdən xəbər var - artıq hər iki gözünü açmağa başlayır.
"Atam bu gün uzun zamandır tərpətmədiyi sol gözünü az da olsa aça bildi". "AzerTaym.az" bildirir ki, bunu Türkiyədə müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev bildirib. T.Gülalıyev qeyd edib ki, atası artıq hər iki gözünü açmağa başlayır. "Ümid edirik ki, tezliklə komadan ayılacaq və aramıza geri dönəcək". Qeyd edək ki, beyin əzilməsi diaqnozu qoyulan Oqtay Gülalıyev noyabrın 1-də Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Bir gün sonra Türkiyəyə aparılıb. Onun bütün müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb. Baş Prokurorluğun yaydığı məlumata görə, 29 oktyabr 2019-cu ildə paytaxtın Nəsimi rayonunun 28 May və Puşkin küçələrinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində piyada, Bakı şəhər sakini Oqtay Gülalıyevin avtomobillə vurulması faktı üzrə başlanmış cinayət işi üzrə Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaq tədbirləri davam etdirilir.