Gəncədə baş verən izdiham Kəmaləddin Heydərova görə imiş - VİDEO
Fövqəladə Hallar Nazirliyi qurumun Gəncə Regional Mərkəzinin qarşısında izdihamın baş verməsi ilə bağlı məsələyə münasibət bildirib. Musavat.com oxu.az-a istinadən xəbər verir ki, bu gün Gəncə şəhərində Gəncə şəhəri, Samux və Kəlbəcər rayonlarının sakinləri üçün fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən qəbul həyata keçirilir: “Prosedura uyğun olaraq qəbul günündən bir gün əvvəl, yəni dünəndən başlayaraq qəbulda iştirak etmək istəyən sakinlərin qeydiyyatı aparılıb. Həmin videogörüntülər də dünən qəbula qeydiyyata yazılmaq üçün gələn vətəndaşlara aiddir. Qəbul üçün müraciət edənlərin hər biri qeydiyyata alınıb. Bütün müraciət edən vətəndaşların qəbulu həyata keçirilir və hər bir müraciətlə bağlı Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı operativ olaraq zəruri tədbirlər görülür. Həmçinin, Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər müvafiq qaydada yönləndirilir”. Qeyd edək ki, ötən gün Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncədə işə qəbul elan edib. Nəticədə FHN-in Gəncə Regional Mərkəzinin qarşısında izdiham yaşanıb. Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Vətəndaşlar sıra ilə mərkəzə daxil olmaq yerinə, bir-birilərini itələyib güc yolu ilə idarəyə girməyə çalışıblar. Yayılan görüntülər isə fərqli yanaşmalara və müzakirələrə səbəb olub. Həmin videonu təqdim edirik: