Təhsil müəssisəsi, yoxsa, sadəcə tranplin?
Hazırda 11 illik təhsil bazasından kolleclərə qəbul olunan şəxslərin təhsil müəssisələrinə portal qeydiyyatı davam edir. 9 sentyabrdan başlanan proses 17 sentyabrda başa çatacaq. İlk dəfə olaraq məhz bu il kolleclərə qəbul olunan gənclərin həqiqətən də çox sevindiklərini, bunu ali təhsil müəssisəsinə qəbul olurmuş kimi dəyərləndirmələrinin şəxsi təcrübəmdə çox şahidi oldum. Səbəb isə bir idi: onlar həqiqətən də kollecdən sonra universitetə asanlıqla qəbul olunacaqlarını düşünür və oranı məqsəd yox, vasitə kimi qəbullanıblar. Təbii ki, burada prosedur və şərtlər heç də düşündükləri kimi asan deyil. Bu haqda az sonra danışacağıq. Hələlik isə bir neçə əsas suala (əslində, suallar həddindən artıq çoxdur) cavab axtaraq:
Kolleclər bir təhsil müəssisəsi olaraq bizə həqiqətənmi nələrisə qazandırır? Subbakalavr diplomunun keçərliliyi, əmək bazarındakı tələbatlılıq meyarı necədir? Həmçinin, kolleclər bütün ixtisaslar üzrə faydalı kadr hazırlamaq gücündədirlərmi?
Bu il tam orta təhsil (11 illik ) bazasından kolleclərə qəbul olunmaq üçün 19 mindən çox şəxs müraciət edib və onlardan 12 mindən çoxu tələbə adını qazanıb. Bu, kolleclərə maraq baxımından son illərin ən yüksək göstəricisidir. Müqayisə üçün deyək ki, 11 illik təhsil bazasından kolleclərə qəbul üçün müraciət edənlər ümumi orta təhsil (9 illik ) bazası ilə orta ixtisas təhsil almaq istəyənlərdən bir neçə dəfə çoxdur.
Rəqəmlər başqa cür danışsa da, reallıq bizə tamam fərqli məsələləri pıçıldayır. Ən böyük reallıq isə budur: kolleclər bir təhsil qurumu olaraq cəmiyyət tərəfindən az qala, formal müəssisələr hesab edilir. Təbii ki, burada istisnalar da var və bunların da əhəmiyyətli hissəsi tibb əsaslı ixtisasların payına düşür. Buna da az sonra ətraflı toxunacağıq.
Hələlik bir məsələni aydınlaşdıraq: kollec bir təhsil müəssisəsi olaraq tam etibarlılıq qazanmadığı halda ona olan axının səbəbi nədir?
Bir neçə il bundan əvvəl “Orta ixtisas təhsili pilləsini yüksək nəticələrlə başa vuran məzunların (subbakalavrların) topladıqları kreditlərin uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrində nəzərə alınması haqqında” Qanun qüvvəyə minəndən sonra kolleclərə ciddi axın başladı. Çünki bu qanun kolleclərdən məzun olanlara imtahansız ali təhsil müəssisələrinə qəbul imkanı vermiş oldu. Amma təbii ki, hamısına deyil, ortama balı, təhsil göstəricisi yaxşı olanlar 2-3 illik tədris həyatları ərazində topladıqları nisbi bal göstəricisi ilə tələbə adını qazanmaq imkanı əldə etdi. Məhz bu qanun kolleclərimiz üçün bir növ süni nəfəs aparatı rolunu oynaya bildi. Artıq kolleclərə qəbul olunmaq istəyən hər 10 şəxsdən 9-nun cavabı eynidir: oradan da universitetə gedəcəyəm....
Amma.... Əmmalar isə çoxdu...
Birinci əmma.. Hələ ötən il mediada yayılan rəsmi sitat kolleclərlə bağlı reallığı, kollec-universitet, subbakalavr-bakalavr əlaqələsinin gerçək mənzərəsini üzə çıxardı:
“Qəbul qaydası yox, subbakalavrların bilik səviyyəsi və tədrisə münasibəti ali məktəbləri razı salmır. Bəzi ali məktəblər ümumiyyətlə, subbakalavrların qəbulundan imtina etmək istəyir, çünki onlar yaxşı oxumurlar, tədris mühitini pozurlar”.
Hazırda orta ixtisas təhsili müəssisələrinə sənəd verənlərin sayında artım olduğu bildirilir, amma bu, gənclərin həmin təhsil pilləsinə olan maraqlarından irəli gəlmir, ali məktəbə imtahansız daxil olmaq üçün kolleclərdən trampilin kimi istifadə məqsədi daşıyır. Bunu çəkinmədən demək olar”.
DİM rəsmisi tərəfindən səsləndirilən sitatlar əslində kolleclərlə bağlı gerçəkliyi çılpaqlığı ilə əks etdirir. Biz təbii ki, hazırda kolleclərdə təhsil alan on minlərlə gəncin hər birinin haqqına girə, hamısını formal surətdə təhsil alan şəxs kimi göstərə bilmərik. Bu, onların təhsili üçün əlindən gələni əsirgəməyən valideynlər, eləcə də kolleclərdə illərini qurban verən müəllimlərə qarşı haqsızlıq olar. Amma çox təəssüf ki, reallıq öz yerində qalır. Kollec bir mexanizm kimi özünü cəmiyyət, təhsil sistemi üçün yararlı etmək, faydalı kadr bazasını ərsəyə gətirmək üçün heç bir iş görmür. Bəli, anladıq ki, məlum yenilikdən sonra kolleclərə maraq və tələbat xeyli artdı. Bu, amil orada illik təhsil haqqılarının və keçid ballarının yüksək səviyyədə artımına səbəb oldu. Amma bu həqiqətənmi kollecin öz nüfuzu hesabına olan inkişafdır? Cavab isə hər birimizə məlumdur: Kollec bir təhsil müəssisəsi kimi faydalılıq dərəcəsi artdığına görə deyil, universitet üçün asan (?) tramplin rolunu oynayan bir vasitə olduğuna görə dəyərləndirildi və bu qarşıdakı illərdə də çox güman belə qalacaq.
İkinci əmma... Bir çox universitetlərdə müəyyən ixtisaslar üzrə subbakalavr səviyyəsindən bakalavr səviyyəsinə imtahansız qəbul olunma şansını qazanan şəxslərin təhsil göstəriciləridir. Yuxarıdakı qeyddən də məlum olduğu kimi, bir çox universitetlərdə kollecdən gələnlər qəbul yolu ilə universitetə qəbul olunanlardan tədris göstəricilərinə görə xeyli geri qalırlar. Nəzərə alaq ki, həmin kollec məzunları oxuduqları orta ixtisas təhsili müəssisələrində özlərinin ÜÖMG göstəricilərinə görə, yəni orta nisbi bala görə digərlərini qabaqlayan, bir sözlə intellekt və ixtisasa bələdçilik anlamında qrup yoldaşlarını qabaqlayan şəxslərdirlər. Belə olan halda onların məhz uyğun ixtisas əsasında oxuduqları universitetlərdə təhsil göstəriciləri niyə zəifdir? Hətta iş o yerə çatıb ki, bəzi universitetlər qəbul prosesində subbakalavr qəbulundan imtina etmək istəyir...
Başqa bir sual: əgər kollecdəki yüksək göstərici hesabına universitetə imtahansız qəbul olunan şəxs burada belə zəif nəticə və neqativ təəssüratla xarakterizə olunursa, o zaman onun üstün olduğu digər kollec məzunlarının intellektual aqibəti və ixtisasa bələdlik əmsalı nə qədərdir?
Əlavə bir sual da: Yüksək təhsil göstəricisi ilə kolleci başa vuran və onun sayəsində universitetə imtahansız qəbul alan tələbə bu nəticəni həqiqətənmi hər zaman öz bilik və bacarığı hesabına əldə edib? Tutaq ki, məhz belədir (biz bunu yalnız arzulaya və alqışlaya bilərik), deyək ki, kollec məzunu məhz öz bilik və bacarığına əsasən, heç bir qeyri-loyal prosesdə iştirak etmədən bu göstəricini əldə edib. O zaman bəs niyə, onun universitetdəki hazırki durumu 11 illik parta arxasından gələn tələbənin mövqeyindən zəif olmalıdır?
“İstəyirsən, texnikuma girim sənin üçün”
Valideynim şəxsən o zaman texnikum adlandırılan, hazırda kollec kimi fəaliyyət göstərən orta ixtisas təhsili müəssisəsini bitirib. Özü də birinin əvəzinə ikisini... Vaxtilə texnikum adlandırılan orta ixtisas təhsil müəssisələri özünün əmək bazarındakı keçərliliyinə görə yaxşı mənada çox fərqlənirdi.
Çox təəssüf ki, sonradan universitetlərə qəbulun xeyli sadələşdirilməsi, az qala-150-180 balla belə ali təhsil müəssisələrinə qəbul olunma imkanları kolleclərin fəaliyyətini və faydalılığını xeyli formallaşdırdı. Bir çox ixtisaslar kollec bazasından çıxarılaraq yalnız universitetlərin sərəncamına verildi. Buna misal olaraq pedaqoji əsaslı ixtisasları misal göstərmək olar. Əvvəllər başda ADPU-nun bazasındakı Pedaqoji Kollec olmaqla (bir vaxtların məşhur Sabir adına texnikumu), istər paytaxt, istərsə də bölgələrdəki bir çox kolleclərdə pedaqoji ixtisaslar var idi ki, universitetə qəbul ola bilməyənlər hər hansı fənn müəllimliyini məhz orta ixtisas təhsil müəssisələrində alırdılar. Onların arasında bugün də orta məktəblərdə uğurlu tədris aparan müəllimlər heç də az deyil. Bəzi hallarda MİQ müsabiqəsində xeyli yüksək bal toplayanların arasında kollec məzunları da olub. Amma sonradan bircə texnologiya müəllimliyi saxlanılmaqla bütün fənn müəllimliyi, pedaqoji tədris ixtisasları yalnız bakalavr səviyyəsi üçün əlçatan oldu. Kolleclərin ümidinə isə inklüziv təhsil, ev və ailə təhsili, kitabxana işi, məktəbəqədər təhsil kimi ixtisaslar qalmış oldu. Bu kimi nümunələri başqa sahə və ixtisaslarla bağlı da demək olar. Nəticədə kolleclərə münasibət və müraciət xeyli dərəcədə zəifləmiş oldu. Beləcə bir zamanların məşhur deyimi, baxımlı filmlərimizin birində səsləndirilən “istəyirsən, lap texnikuma girim səninçün” devizi də artıq öz aktuallığını itirmiş oldu.
Kolleclərin faydalılığını artırmaq üçün müəyyən işlər görülsə də, bunlar o qədər də yetərli olmadı. 2000-ci ildə aparılan islahatlarla sayları 60 qədər azaldıldı. Sonra onların adlarının dəyişdirilməsi prosesinə başlanıldı. Bəziləri birləşdirildi, bir çoxunda ixtisas dəyişiklikləri baş verdi. Lakin bu islahatlar da bəzi kolleclərdə tədrisin keyfiyyətini dəyişdirə bilmədi. Hazırda ölkədə 61 kollec fəaliyyət göstərir ki, onlardan 3-ü özəldir: Bakı Biznes və Kooperasiya Kolleci, (Azərbaycan Kooperasiya Universitetinin tabeliyində), Odlar Yurdu Universiteti nəzdindəki Odlar Yurdu Kolleci və Azərbaycan Avrasiya İnstitutu nəzdindəki Bakı Avrasiya Kolleci.. Digər kolleclərdən 9-u Səhiyyə Nazirliyinə, 1-i Xəzər Dəniz Gəmiçiliyi, dövlət universitetlərinin nəzdində olanlar, eləcə də bölgələrdə müstəqil fəaliyyət göstərənlər isə Elm və Təhsil Nazirliyinə tabedir.
Bir neçə istisna
Kolleclərin əmək bazarı üçün keçərliliyini və onların təhsil cameəsi üçün faydalılığını qoruyan bir neçə istisnalar var. Onlardan biri və birincisi məhz tibb əsaslı subbakalavr ixtisaslarıdır. Bu gün istər Bakıda yerləşən 1 saylı Bakı Tibb Kolleci və 2 saylı Bakı Tibb Kolleci, istərsə də Sumqayıt, Gəncə, Naxçıvan, Lənkəran, Şəki, Quba, Masallı, Mingəçevir tibb kollecləri hər zaman olduğu kimi son illərdə də özlərinə olan maraq və tələbatlılıq baxımından digər kollec və ixtisasları xeyli qabaqlayır. Çünki bu kolleclərdə tədris olunan tibb bacısı (və qardaşı), mamalıq işi, ortopedik stomotologiya, bir neçəsində hərbi feldşer kimi ixtisaslar əmək bazarı üçün hər zaman yüksək tələbatlılığa ilə fərqləniblər. Kollec özünün orta ixtisas təhsili müəssisəsi kimi faydalılıq və missiyasını məhz bu ixtisas və müəssisələrdə daha qabarıq əks etdirə bilib. Təsadüfi deyil ki, hər il ən yüksək plan yerləri, ən yüksək keçid balları və ən yüksək rəqabət məhz tibb əsaslı ixtisasların payına düşür.
Ən vacib məqam: bugün kolleclərdə tibb əsaslı ixtisaslar üzrə oxuyanlar digərləri kimi mütləq universitetə getmək, kolleci tramplin kimi ötməyi deyil, məhz əmək bazarında işləməyi düşünürlər. Çünki onların cəmiyyətə verə biləcəyi faydalılıq üçün məhz kolleclərdə aldıqları nəzəri-praktiki baza kifayət edir.
Bəs, nə etməli?
Kolleclərin nüfuz və faydalılığını artırmaqdan ötrü müəyyən addımların atılması çox vacibdir. Bir neçəsini nümunə üçün səsləndirək:
1.Kolleclər demək olar ki, bütün ixtisaslar üzrə nəzəridən çox praktiki meyillər üzrə fokuslanmalı və orada konseptual baza ilə yüklənmə deyil, əmək bazarının tələbi olan praktiki vərdiş və bilgilər daha çox öyrədilməlidir. Tibb kolleclərindəki tibb əsaslı ixtisasların tədrisi digər kolleclər üçün bir model olaraq seçilməlidir;
2.Maraqlı məsələlərdən biri də son illərdə peşə təhsili müəssisələrinin kolleclərdən daha çox maraq və tələnata sahib olmalarıdır. Çünki peşə təhsil müəssisələri birbaşa əmək bazarına lazım olan kadrı hər hansı peşə istiqamətində yalnız və yalnız praktiki bacarıq və vərdişlərlə silahlandırır və onu qətiyyən lazımsız nəzəriyyələrlə yükləmir. Məsələn, peşə tədrisi müəssisəsində kompüterlərin servisi və təmiri ixtisası konkret olaraq təmir, sazlanma prinsiplərini öyrətdiyi halda, kolleclərdəki kompüter şəbəkələri və avadanlıqları istisası əsasən nəzəri baza ilə tələbələri yükləyir. İstehsalat dünyası isə yalnız və yalnız praktiki bacarıqlara üstünlük verdiyindən qazanan tərəf peşə tədris müəssisəsinin məzunları olur.
Odur ki, kolleclər də tədris formasını sırf peşə təhsil məüssisələrinin üst funksiyası şəklinə salmalı və bir növ yüksək peşə təhsili müəssisələrinin başqa variantı kimi fəaliyyət göstərməlidirlər. Bu, onların istehsalat dünyası üçün keçərliliyini daha da artırmış olacaq;
3.Bir çox ixtisasların yenidən kolleclərə qayıtması onlara olan maraq və münasibəti bir xeyli dəyişmiş olacaqdır. Məsələn, ADPU-nun nəzdində olan Pedaqoji Kollec, UNEC-in bazasında olan Sosial -İqtisadi Kollec, eləcə də ADNSU-nun tərkibindəki Neft-Energetika Kolleci və s. orta ixtisas müəssisələrindəki ixtisaslar onların tabe olduqları universitetdəki bir neçə ixtisasla eynilik təşkil edərsə, kolleclər öz mövqelərini daha da artırmış olar. Doğrudur, universitetlərə imtahansız qəbula imkan verən qanuna əsasən hər il subbalakavrların uyğunluq cədvəli Dövlət İmtahan Mərkəzinin xüsusi buraxılışı kimi abituriyentlərin ixtiyarlna verilir. Məhz onun sayəsində bir çox kollec ixtisaslarının universitetdəki ixtisaslarla uyğunluq göstəricisini müəyyən edib kodlaşdırma aparmaq mümkündür. Məsələn, kollecdə bank işi ixtisasını bitirən məzun subbakalavrların uyğunluq cədvəlinə əsasən maliyyə, marketinq, biznesin idarə edilməsi, iqtisadiyyat, statistika kimi bakalavr ixtisaslarını seçə bilərlər.
Amma bu məsələnin təəssüfki bir tərəfidir. Digər tərəfi isə bir çox istəsasların (misal üçün pedaqoji ixtisaslar) kolleclərə də qaytarılmasıdır.
Elmin Nuri
Təhsil məsələləri üzrə tədqiqatçı