Keçmiş icra başçısı Neftçalada ehtiyat fondunun torpaqlarını zəbt edib? - ÖZBAŞINALIQ!

Neftçala Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Əbülfəz Ağayev rayonun Bankə qəsəbəsində Kür ağzı deyilən ərazini zəbt edib.

Bu barədə Qaynarinfo-ya rayon sakini, Qartabağ veteranı İslam Bayramov bildirib.

Onun sözlərinə görə, həmin ərazi dövlət ehtiyat fondu torpağıdır: "Əlimdə Neftçala Rayon İcra Hakimiyyəti başçısının müavini Bürcəli Ağayevin imzaladığı rəsmi sənəd var. Həmin sənəddə Əbülfəz Ağayevin zəbt etdiyi torpağın dövlət ehtiyat fondu torpağı olduğu qeyd edilir və bildirilir ki, o yerdə heç kimə torpaq verilə bilməz. Amma fakt ondan ibarətdir ki, bu gün Əbülfəz Ağayev həmin ərazidə təsərrüfat qurub".

Qarabağ veteranının sözlərinə görə, bir neçə il əvvəl onun da həmin ərazidə torpağı olub: "2021-ci ildə bizi ərazini zəbt etməkdə ittiham etdilər. Bu işə görə həbslər də həyata keçirilib. Amma Əbülfəz Ağayev işin içindən çıxa bildi. İndi məlum olur ki, o torpağı da əldən verməyib".

Şikayətçi onu da qeyd edib ki, Əbülfəz Ağayev Daş ülgədi adlanan ərazidə Kür çayının qollarını qurudaraq oranı otlaq sahəsinə çevirib. Bu işdə ona rayonun keçmiş icra başçısı, hazırda həbsəd olan İsmayıl Vəliyev yardım edib.

Əbülfəz Ağayev 2000-2002-ci illərdə Neftçalanın, 2002-2004-cü illərdə Sabirabadın, 2004-2012-ci ilərdə isə İmişlinin icra başçısı vəzifəsində çalışıb. Hazırda sahibkarlılqla məşğuldur. Onun Neftçalada iri təsərrüfat sahələri və fermalarının olduğu bildirilir. İslam Bayramov iddia edir ki, bu sahələrin çoxu qanunsuz yollarla əldə edilib.

Bu iddialarla bağlı Neftçala Rayon İcra Hakimiyyəti və Əbülfəz Ağayevin mövqeyini öyrənmək mümkün olmayıb.






Fikirlər