İdmançılarımızın yeri Yerevanda məxfi saxlanılır
Cümə günü Yerevanda gənclər arasında boks üzrə dünya çempionatında 52 kiloqram çəki kateqoriyasında çıxış edən Tural Əhmədov norveçli Hadi Srour'la, Rahil Məmmədli (91 kiloqram) Puerto-Riko nümayəndəsi Sahret Delqao ilə yarışacaqlar.
Bundan öncə 56 kiloqram çəki kateqoriyasında çıxış edən Azərbaycan komandasının üzvü Nəsrəddin Məmmədov ilk görüşdə məğlubiyyətə uğrayıb.
Ermənistan boksçusu Taron Soğomonyanla görüşdə hakimlər 18:12 xal nisbətilə qələbəni Ermənistan nümayəndəsinə veriblər.
Birinci raund 7:5 hesabı ilə Ermənistan boksçusunun xeyrinə qurtarıb, ikinci raundda heç-heçə qeyd olunub.
Yarışların keçirildiyi K. Demirçyan adına idman-konsert kompleksində tamaşaçıların sayı çox olmasa da, ilk görüşünü ev sahibi nümayəndəsi ilə keçirən azərbaycanlı idmançının özünü bir qədər qeyri-sərbəst hiss etdiyi gözə çarpıb. Bu, həddən artıq təhlükəsizlik məsələlərinə diqqət yetirilməsinin nəticəsi kimi izah olunur.
Azərbaycan komandasının harada qalıb məşq etdiyi məxfi saxlanılır. Komanda yarış yerinə xüsusi polis eskortu əhatəsində aparılır, ayrıca girişdən daxil olur və rinqə çıxmaq növbəsini bütün yarış iştirakçılarından ayrı otaqda gözləyir.
Cümə günü rəqib olmadığına görə, birbaşa yarışın 32-də bir mərhələsindən başlayan 81 kiloqram çəkili Rauf Rəhimov gürcüstanlı Aleksandr Dokvadze ilə görüşəcək.
Eyni səbəbdən digər Azərbaycan boksçuları yarışa 32-də bir final mərhələsindən qatılacaqlar.
Dekabrın 1-də Pərviz Bağırov (64 kiloqram) yaponiyalı Hikaru Oşikara – hindistanlı Deepak Tanwar cütünün qalibi ilə, Saqi Salehli (69 kiloqram) ukraynalı Artyom Solovyevla, 75 kiloqram çəkili Orxan Mayıllı Avstraliya nümayəndəsi Con Luke Travers - tacikistanlı Avzalbek Kuranboyev görüşün qalibi ilə yarışacaqlar.