Qurban Qurbanov: "Bizim üçün çətin oyun olacaq" - FOTOLAR

“Roma" çox peşəkar komandadır. Bizim üçün çətin oyun olacaq”.

Musavat.com xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Ağdam klubu Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununu sabah “Roma”ya qarşı keçirəcək.

Matçdan öncə mətbuat konfransı keçirən Qurbanov bunları deyib: “Bizi ağır oyun gözləyir. Buna baxmayaraq, azarkeşlərimizi sevindirmək istəyirik. Çempionlar Liqası fərqli turnirdi. Amma bizim də avrokubok təcrübəmiz var”.

- Sabah stadionda 70 minə yaxın azarkeşin olması gözlənilir. Belə atmosferdəki oyuna hazırlaşmaq necə hissdi?

- Həyəcan həmişə olur. Avropa təcrübəmiz olsa da, Çempionlar Liqası tam fərqli turnirdi. Belə stadionda rəqibləri qəbul etmək xoşdu. Stadion məsələsi çox müzakirə olundu. Amma buna bir daha toxunmağa ehtiyac yoxdur. Nə qədər çox azarkeş qarşısında oynasaq, futbolçular daha inamlı olarlar. Bu gün düşünməliyik ki, öz doğma Bakımızda oynayırıq. Rəqibin gücündən asılı olmayaraq, böyümək üçün bəzi məğlubiyyətlərdən qorxmamalıyıq. Oyundan-oyuna daha inamlı komanda çıxarmaq üçün bu vacibdir. Bu turnirdə kiçik təcrübəmiz var. Həyəcan olsa da, arxayınam ki, futbolçular məsuliyyətlidilər. Öz oyun fəlsəfəmizi göstərməyə çalışacağıq.

 - Miçel cərimələnibmi və sabah oynayacaqmı?

- Mətbuatda bu xəbərin nə zaman yayıldığını bilmirəm, amma Miçel dünən cərimə olundu. Onlar peşəkardılar, bilirlər ki, bu klubda belə şeylər bağışlanmır. Bu hallarla bəzən razılaşmaq lazımdır. İdmanda bəzən idmançı özünü saxlaya bilmir. Hətta mənim özümdə də bəzən belə hallar baş verir. Sadəcə, yaratdığımız intizamdan uzaqlaşmamalıyıq. Səhv edən bunun cavabını verməlidir. Miçelin işinə yanaşmasından, oyunundan razıyam. Həmişə daha artığını etməyə çalışır. Sabah meydanda olmaq ehtimalı çoxdur.

 - Ansi Aqollinin durumu nə yerdədir?

- Hər şey pozitivdir. Yekun qərarı səhər keçəcəyimiz yüngül məşqdən sonra verəcəyik. Ansinin durumunda xeyli fərq var. Oynamaq ehtimalı var.

- Sabah heyətdə nə cür dəyişiklik etmək fikriniz var?

– “Çelsi” ilə matçla müqayisədə heyətdə bəzi dəyişikliklər olacaq. Çünki fərqli oyun göstərən rəqiblərdir. Keyfiyyət və oyun baxımından az da olsa, fərq olacaq.

 - “Roma”nın heç zəif tərəfini görmədiniz?

- O vaxt PRO kateqoriyasında oxuyurdum. İlk dəfə “Borussiya”, sonra isə “Barselona”ya getdim. “Borussiya”da olanda dedim ki, onlar hardadırr, “Qarabağ” harda? “Barselona”ya gedəndə isə dedim ki, “Borussiya” hardadı, “Barselona” harada? Bunlar top-klublardı. Onlarda hər bir üstün cəhət var idi. Hər şey yüksək səviyyədə idi. Amma futbolda ən güclü də səhv edə bilir, məğlub olur. Deməzdim ki, elə zəif cəhətlərini gördüm. Roma kimi böyük bir şəhərin komandasında iki italyan oynayırsa, bu, böyük uğurdan xəbər verir. Belə komandalara qarşı həvəslə oynayıb, addım-addım irəliləmək istəyirəm.

 - “İnter”, “Fiorentina” və “Roma”... Bu komandaları necə müqayisə edərdiniz?

- “Roma” çox güclü komandadır. Çox tərifləmək də istəmirəm. “Fiorentina” ilə “Roma”nın oyun fəlsəfəsi tam fərqlidir. İtaliyanın ikincisi olmaq az iş deyil.

 - Düşünmürsünüz ki, Çempionlar Liqasında ən böyük uğur yerlilərə şans verib, onların digər komandalara keçidi üçün şərait yaratmaqdı?

- Futbol elə oyundu ki, burda yarışa çıxırıqsa, həmin gün layiq olan meydana çıxmalıdır. “Qarabağ”da belə bir fikir yoxdur. Əlbəttə, yerli oyunçularımızın daha çox oynamasını istəyirik. Amma kiminsə haqqını əlindən almağı fikirləşmirik. Kim layiqdisə, o da oynamalıdır. Təəssüf ki, bəzən 10 yox, 15 oyunçu əsas heyətdə oynamağa layiqdir, amma onlardan bəzilərini ehtiyatda saxlamalı olursan. Biz daha hazırlıqlı oyunçunu meydana buraxırıq.

 






Fikirlər