Azərbaycandan çıxan VALYUTA daxil olanı üstələyir

baki baki azerbaycan neft oil

Mərkəzi Bankı 2016-cı ilin I yarımilliyi üzrə tədiyyə balansının vəziyyətinə dair məlumatları açıqlayıb.

İqtisadçı ekspert Samir Əliyev bildirir ki, tədiyyə balansının analizi ölkənin maliyyə vəziyyətinin getdikcə mürəkkəbləşdiyini göstərir.
“Yola saldığımız yarım ildə tədiyyə balansının kəsiri artaraq $1,3 milyard dollara yüksəlib. Halbuki ötən ilin müvafiq dövründə $99 milyon məbləğində profisit olub. 2016-cı ilin birinci rübündə isə kəsir $1,1 milyard olub. Ölkənin valyuta kəsirinin orta aylıq həcmi $300 milyon olub”-deyə ekspert bildirir.

S.Əliyevin fikrincə, tədiyyə balansının 6 aylıq göstəricilərinin analizi aşağıdakı tendensiyaları ortaya çıxıb.
1. Cari hesablar balansının kəsiri getdikcə böyüyür. Tədiyyə balansında həmişə profisit yaradan yeganə mənbə – cari hesablar balansı bu dəfə də ümidləri doğrulda bilməyib. Neftin ucuzlaşması və qeyri-neft ixracının azalması səbəbində cari hesablar balansında son 2 rübdə (2015-ci ilin 4-cü rübü və 2016-cı ilin 1-ci rübü) müşahidə edilən defisit 3-cü rübdə də (2016-cı ilin 2-ci rübü) davam edib və artaraq 802 milyon dollara çatıb. Yəni ölkəyə gələn valyutadan $802 milyon artıq geri qaytarmışıq.Halbuki 2015-i ilin müvafiq dövründə cari hesablar balansında $63,3 milyon məbləğində profisit qeydə alınıb. Ancaq 2015-ci ilin sonuncu rübündə defisitin səviyyəsi $222.5 milyona, 2016-cı ilin I rübündə isə $432,2 milyona yüksəlib.
2. Qeyri-neft ixracı azalıb. Manatın devalvasiyası neftdənkənar ixracı dəstəkləyə bilməyib. 2015-ci ilin yanvar-iyun ayı ilə müqayisədə qeyri-neft ixracı 34% azalaraq $827,1 milyondan $544,9 milyona düşüb. Qeyri-neft məhsullarının azalması onun payına da təsir edib. Bu müddətdə qeyri-neft ixracının cəmi ixracda payı 9,5%-dən 8,7%-ə düşüb.
3. Xaricdə göstərdiyimiz xidmətlər nisbətən artıb. 2015-ci ilin birinci yarım ili ilə müqayisədə bu ilin müvafiq dövründə xidmətlər balansındakı kəsir $2,4 milyardan $1,8 milyarda düşüb. Kəsirin almasına səbəb xarici ölkə vətəndaşlarının Azərbaycanda göstərdikləri xidmətin 18% azalmasıdır. Vətəndaşlarımızın ölkə kənarında göstərdikləri xidmət isə 8% azalaraq $1,98 milyarda düşüb. Nəqliyyat və maliyyə xidmətlərində profisit olmasına rəğmən xidmətlərdə ixrac idxalı üstələyə bilməyib.
4. Turizm və tikinti xidmətlərində kəsir azalır. Ərəb turistlərinin son aylar ölkəmizə axını və Formula 1 yarışı turizm sferasına töhfə versə də bu turizm xidmətlərindəki kəsiri örtməyə kifayət etməyib. Ötən ilin birinci yarısında ölkəmizə gələn turistlərin göstərdiyimiz xidmətlərə görə $1,10 milyard ödədiyi halda bu ilin müvafiq dövründə $1.19 milyard ödəyiblər. Ancaq turizm xidmətlərində kəsir $118,4 milyondan $32 milyona qədər azalıb. Tikinti xidmətlərində də kəsir azalıb. Bir il öncəki dövrdə $1,9 milyarddan $1,5 milyarda düşüb. Tikinti xidmətləri üçün xaricə göndərilən vəsaitlərin 95%-i neft-qaz layihələri, xüsusən də Cənub Qaz Dəhlizi layihəsinin maliyyələşməsi ilə bağlıdır. Yanvar-iyun aylarında neft-qaz sektorunda tikinti xidmətləri üçün xaricə $1,5 milyard ödənilib.
5. İlkin gəlirlər hesabı çərçivəsində ümumi dövriyyə $700 milyon azalaraq $1,9 milyarda (2015-ci ilin müvafiq dövründə $2,6 milyard) düşüb. Bunun 76.4%-i ($1,5 milyard) Azərbaycandan xaricə ödənilib. Bu məbləğin əsas hissəsini – $987 milyonunu beynəlxalq neft-qaz konsorsiumları üzrə xarici investorların payına düşən gəlirlərin repatriasiyası (əsasən xam neft şəklində) təşkil edir. Bu hesab çərçivəsində Azərbaycana daxil olan vəsait isə $448 milyondan bir qədər çox olub ki, onun da $343,7 milyonu qeyri-neft fəaliyyəti ilə əlaqədar gəlirlərdir. 2015-ci ilin müvafiq dövründə qeyri-neft fəaliyyəti ilə bağlı gəlirlər $526 milyon olub.
6. Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 2015-ci ilin analoji dövrü ilə müqayisədə 45% azalaraq $1,12 milyarddan $617,3 milyona düşüb. Cari ilin birinci yarısında Azərbaycana $320 milyon daxil olub, ölkədən isə $297 milyon çıxıb. Yanvar-iyun aylarında xarici ölkələrdən, o cümlədən Rusiyadan göndərilən pul baratları $289 milyon olub.
7. Maliyyə hesabında olan gərginlik nisbətən azalıb. Bu hesab çərçivəsində ölkədən çıxan valyuta vəsaitlərinin həcmi ölkəyə daxil olan valyutanın həcmini $2,2 milyard üstələyib. Ötən ilin uyğun dövründə bu fərq daha çox – $6,3 milyard olub. Buna səbəb xalis maliyyə aktivlərimizin və xaricə depozit axının azalması olub. 2016-cı ilin yanvar-iyun aylarında xalis maliyyə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə azalıb və $4,1 milyarda düşüb. 2015-ci ilin yanvar-iyun aylarında xalis maliyyə aktivləri $8,9 milyard olub. Ölkədən çıxarılan depozitlər və nağd valyutanın həcmi isə 5 dəfə azalaraq $4,6 milyarddan $909,7 milyona düşüb. Ölkəmizə birbaşa investisiyaların sabit qalması fonunda xarici ölkələrə investisiyanı azaldaraq $1,7 milyarddan $1,5 milyarda qədər endirmişik.

 






Fikirlər