Bu il Avropa ölkələrindən Azərbaycana gələn turistlərin sayı 25 faiz artıb
Bu il Avropa ölkələrindən Azərbaycana səfər edən turistlərin sayı ötən illə müqayisədə 25 faiz artıb. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid ölkəmizin turizm imkanlarından danışarkən bildirib. O deyib ki, bir sıra turizm istiqamətləri üzrə artım daha yüksəkdir. Misal üçün UEFA Avropa Liqasının oyunları ilə bağlı ölkəyə gələnlərin sayı kəskin artsa da, bu, statistikada nəzərə alınmayıb. Bu, onu göstərir ki, Azərbaycanla bağlı həyata keçirdiyimiz “Yeni baxış” kampaniyası düzgün addım idi və turizm sahəsində Azərbaycanın böyük potensialı var. Buraya Azərbaycanın macəra həvəskarları üçün təklif edə biləcəyi səyahət proqramları, eləcə də çaxır turizmi, alman və ya yəhudi irsi daxildir. Bu imkanlar xarici qonaqlara tanıdılmalıdır. Mütəxəssis qeyd edib ki, Azərbaycan beynəlxalq turizm kataloqlarında nə qədər çox təqdim olunarsa, ölkə bir o qədər çox tanınacaq. Bu da öz növbəsində ölkəyə gələn turistlərin sayına müsbət təsir göstərəcək.